Saytların başı üstündə asılan “Domokl qılıncı”...

Saytların başı üstündə asılan “Domokl qılıncı”... Qəbul olunacaq iki qanun saytların fəaliyyətini iflic edəcək?

Məlum olduğu kimi, Milli Məclisə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin hazırlanması təklif edilib. Yeni layihədə Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloggerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur.


Dəyişiklikdə "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahı"sının hazırlanması nəzərdə tutulub.
Qeyd edilir ki, internet informasiya ehtiyatı siyahıya daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidir. Təkliflərə əsasən, əgər saytda yayılması qadağan olunan informasiya aşkar olarsa müvafiq icra qurumu ona və host provayderə dərhal xəbərdarlıq edəcək. Saytın sahibi xəbərdarlıq alanda həmin informasiyanı dərhal saytdan yığışdırmalıdır. Eyni zamanda, xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya saytdan götürülmədikdə müvafiq orqan saytın məhdudlaşdırılması üçün məhkəməyə müraciət göndərir. Əgər bu informasiya dövlət və cəmiyyət üçün təhlükəlidirsə, məhkəmənin qərarı olmadan müvafiq qurum saytı bağladacaq və bundan sonra məhkəməyə müraciət edəcək. Bunlarla yanaşı, müvafiq qurumun məhdudlaşdırdığı sayta giriş məhkəmə baxışı başa çatanadək qapalı olacaq. Məhkəmə bu müraciətə 5 günədək müddətdə baxacaq. Qapadılan resursların reyestri formalaşdırılacaq. Bu məqsədlə müvafiq qurum "Yayılması qadağan edilən informasiyanın yerləşdiyi saytların Siyahısı”nı hazırlayacaq. Provayderlər bu siyahıya daxil edilən resurslara girişi qapatmalıdır. Təkliflərə əsasən, bütün səviyyələrdən olan provayderlərin uçotu aparılacaq. Provayderlər hüquq mühafizə orqanlarından, məhkəmə və icra orqanlarından daxil olan sorğular əsasında 3 gün müddətində istifadəçilərlə bağlı məlumatı təqdim etməlidirlər. Qanun layihəsində milli domenlərin qeydiyyatı ilə bağlı yeni qaydaların müəyyən olunması məsələsi də əksini tapıb. Təkliflərdə bütün hüquqi şəxslərin öz internet resurslarında özləri haqda mütləq məlumat yerləşdirməsi də qeyd olunub. Bütün bu dəyişikliklərin kibertəhlükəszilik və yayılması qadağan edilən informasiyaların açıqlanmasının qarşısını almaq məqsədilə edildiyi bildirilir.

Amma bu məsələ ilk gündən media və ictimai sektorda ciddi müzakirə mövzusudur. Çünki burada anlaşılmaz məqamlar xeyli çoxdur. Belə ki, dünyanın müxtəlif ölkələrindəki serverlərdə yerləşən milli resurslarımızdakı informasiyaların saytdan yığışdırılması üçün və məhkəmə baxışı üçün bu dəyişikliklərlə müəyyən olunan müddət reallığa uyğun deyil. Bununla yanaşı, dəyişikliklərdə bütövlükdə saytın özünün, yoxsa saytdan yalnız qanunsuz hesab olunan səhifənin yığışdırılacağı aydın təsvir olunmayıb.


Bu məsələdə daha bir anlaşılmaz məqam isə məhkəmə qərarı olmadan icra orqanının qərarı ilə bağlanan saytların bu qərardan şikayət hüququnun öz əksini tapmamasıdır. İndiki halda isə saytların narahatçılığı ondan ibarətdir ki, məhkəmənin qərarı olmadan saytların fəaliyyətinin dayandırılmasında boşluqlar var.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə sözügedən qanunla bağlı bildirib ki, bu, ümumən internet məkanımızda zəruri tənzimləmə aparmağa xidmət edir. Onun fikrincə, dəyişikliklər bu sahədə hüquqi tənzimləmə işlərinin aparılması ilə bağlı irəliyə doğru atılmış mühüm addımlardır. Ə.Amaşov eyni zamanda bildirib ki, konkret olaraq hüquqi mexanizmləri işə salınmalıdır. MŞ sədri deyib ki, internetin inkişafının ortaya çıxardığı mənzərə əsasən internet media orqanlarının timsalında özünü göstərdiyi üçün bu məsələdə daha çox jurnalistlər maraqlı olmalıdır.


Sayt rəhbərləri isə hazırkı durumdan olduqca narahatdırlar. Onlar hesab edirlər ki, qanunun qəbulu ilə saytların cəzalandırılması, qanun çərçivəsində fəaliyyətlərinin məhdudlaşdırılması daha da asanlaşacaq. Ölkədəki sayt bolluğunda isə bir çox hallarda normal fəaliyyəti ilə seçilən saytların, informasiya resurslarının da ciddi cəza mexanizmlərinin qurbanı olacağı ehtimalı zəif sayılmaz.



Sevinc TELMANQIZI
Tarix: 12-04-2017, 09:24
Xəbəri paylaş





Xəbər lenti