"Diplom dükanları"- "Bir çox üniversitetlərin məqsədi təhsil vermək yox, diplom satmaqdır"

"Diplom dükanları"- "Bir çox üniversitetlərin məqsədi təhsil vermək yox, diplom satmaqdır" Ali məktəblər bəzi fakültələrinə qəbul üçün keçid balını 150-yə endirib. Dövlət İmtahan Mərkəzinin dərc etdiyi siyahıdan bəlli olur ki, keçid ballarını, özəlliklə, Gəncə, Naxçıvan və digər şəhərlərdəki universitetlər aşağı salıb. Təhsil üzrə ekspert Vurğun Əyyub düşünür ki, keçid ballarının aşağı salınmasında bir məqsəd var - ayrılmış plan yerlərini necə gəldi doldurmaq.

AzadlıqRadiosu 2010-cu ildən bəri ali məktəblərə ayrılan plan yerləri ilə imtahanlarda iştirak üçün sənəd verən abirutiyentlərin sayını müqayisə edib. Məlum olub ki, ötən 7 ildə abituriyentlərin sayı azalıb, amma hər il ali məktəblərdə plan yerlərinin sayı artırılıb.

Misal üçün, 2010-cu ildə hər 10 plan yerinə – 37 abituriyent düşürdüsə, 2017-ci ildə bu göstərici 25 nəfər olub.

Ali məktəblərə ayrılan plan yerlərinin təxmini sayı:

2010/2011-ci tədris ili - 28 132

2011/2012-ci tədris ili - 31 419

2012/2013-cü tədris ili - 34 098

2013-2014-cü tədris ili – 36 537

2014/2015-ci tədris ili - 37 763

2015/2016-ci tədris ili - 38 831,

2016/2017-ci tədris ili – 41 736

2017-2018-ci tədris ili – 43 000

Ali məktəblərə sənəd verən abituriyentlərin sayı:

2010/2011-ci tədris ili – 108 524

2011/2012-ci tədris ili – 103 130

2012/2013-ci tədris ili – 96 471

2013/2014-cü tədri ili – 96 720

2014/2015-ci tədris ili – 92 641

2015/2016-cı tədris ili – 82 925

2016/2017-cı tədris ili – 78545

2017-2018-ci tədris ili – (imtahanlar yekunlaşmayıb)

Milli Məclisin Təhsil və Elm Komitəsinin üzvü Asim Mollazadə deyir ki, bir çox üniversitetlərin məqsədi təhsil vermək yox, diplom satmaqdır:

“Ali təhsil müəssisələrinə cəmiyyətdə inam azdır. Bir çox universitetlər bilik-peşə vermir, sanki diplom dükanlarıdır. Şüur dəyişməlidir. Başqa ölkələrdə bilik qazanmaq üçün pul ödəyirlər, Azərbaycanda diplom almaq üçün”.


Asim Mollazadə deyir ki, təhsil sahəsindəki problemlərləri özü də, digər həmkarları da parlamentdə səsləndirib. Onun fikrincə, bu təkcə Təhsil Nazirliyinin işi deyil. Problemi inzibati yollarla həll etmək mümkünsüzdür, insanların şüuru dəyişməlidir.



Təhsil eksperti, İbrahim Həsənovsa düşünür ki, Azərbaycan təhsilinin hazırkı problemləri məhz mövcud sistemdən irəli gəlir.

“Ömrünü bu sahəyə həsr eləmiş birisi kimi deyə bilərəm ki, Azərbaycanda təhsil ölür, yox, artıq ölüb. Çünki Azərbaycanda təhsil deyə bir şey yoxdur. Rüşvətdən başqa Azərbaycanda heç nə yoxdur. Hər şey rüvşət üzərində qurulub. Belə bir cəmiyyətdə təhsildən, keyfiyyətli kadr hazırlığından danışmaq sadəcə sadəlövlükdür”.

İbrahim Həsənov deyir ki, bəzi universitetlərə keçid balını aşağı salmaq, onsuz da keyfiyyətsiz olan təhsilin keyfiyyətini bir az da aşağı salacaq.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevsə əksinə balların aşağı salınmasının tərəfdarıdır. O şərq qəzetinə müsahibəsində deyib ki, 150 balla universitetə qəbul olan abituriyentlər hazırlıq kursları keçib, təhsillə ciddi məşğul olsalar, öz ixtisaslarına yaxşı yiyələnə bilərlər. Əjdər Ağayev əlavə edir ki, tələbə qəbulu az olduqda ali məktəblərdə iş zəifləyir, əməkhaqqları da aşağı düşür





​Dövlət Statistika komitəsinin 2016-cı ilin yekunlarına aid məlumatına görə Azərbaycanda 51 ali təhsil müəssisəsi var. Ötən tədris ilində 36 min 126 abituriyent tələbə adını qazanıb. Başqa sözlə ayrılmış 41 min 736 plan yerinin çoxu tutulub. Cəmi 5 min 600 yer boş qalıb.
Tarix: 21-07-2017, 09:22
Xəbəri paylaş





Xəbər lenti