Dələduzluq cinayətlərini artıran səbəblər...


İlginc rəqəmlər, səbəblər və onları aradan qaldırmanın yolları - dünya onlarla mübarizəyə milyonlar sərf edir

Son 10-15 ildə ölkədə baş verən cinayət hadisələrinin statistikasına nəzər yetirəndə məlum olur ki, dələduzluq cinayətlərində artım var. Məhkəmə zallarından hazırlanan reportajlarda irili-xırdalı müxtəlif dələduzluq faktları öz əksini tapır. Amma bu, təkcə Azərbaycana xas durum deyil.

“Yeni Müsavat” yazır ki, dünya miqyasında maliyyə qurumlarının gəlirlərinin təxminən 5 faizi dələduzların əlinə keçir. İnkişaf edən texnologiya ilə hər keçən gün daha “yaradıcı” hala gələn saxtakarlıqla mübarizə tədbirləri gücləndirilsə də, yeni dələduzluq üslubları yaranmaqda davam edir. Hazırda internet üzərindən həyata keçirilən dələduzluq hadisələri xüsusən çoxalıb. Hətta bununla mübarizə üçün hər il Serbiyanın paytaxtı Belqradda Avropa Saxtakarlıq Konfransı keçirilir.  Həmin konfranslarda e-ödəmə, internet alver... və bunun kimi bir çox sahələrdəki inkişaf etdirilmiş dələduzluq yolları, bunun qarşısını almaq üçün yeni müdafiə üsulları barədə məlumat verilir.

Ən geniş yayılmış dələduzluq halları hansılardır?

Ölkəmizdə geniş yayılan dələduzluq faktları ilə bağlı xatırlatma edək. Vətəndaşların etibarından sui-istifadə edən bu dırnaqarası peşə sahiblərinin şikarına çevrilənlər isə əsasən sadə vətəndaşlar olur. İşə düzəltmə, torpaq və daşınmaz əmlak alqı-satqısı kimi işlər görən dələduzlar sonda müəyyən miqdarda pul mənimsəmiş olurlar.

Xaricdə təhsil şirkətlərinin çoxluğundan istifadə edən bəzi şəxslər yalançı şirkət quraraq və ya özlərini şirkət nümayəndəsi kimi təqdim edərək tələbələrin pullarını mənimsəyib, aradan çıxırlar.

Hazırda xaricdə təhsil şirkətlərinə nəzarət edən qurum yoxdur, yəni xüsusi lisenziya tələb edilmir. Şirkətlər, sadəcə, bir MMC yaratmaqla, işə başlayırlar.

Ölkəmizdə sığorta ilə bağlı dələduzluq faktları da yetərincə artıb. Sığortaladıqları əşyalara qəsdən zərər vuraraq , sığorta almağa cəhd göstərənlər bu siyahıda xüsusi yer tuturlar. Bu tip hallar son vaxtlar artdığından, sığortaçılar onların əməlinin Cinayət Məcəlləsi ilə tənzimlənməsini təklif edirlər. Dələduzluq cəhdlərinin əksəriyyəti uğursuzluqla nəticələnsə də sığorta şirkətlərinə xeyli ziyan vurur. Amma belə hallar, buna əl atanlarla yanaşı, vicdanlı müştərilər üçün də problem yaradır.

Amma ölkədə heç nə etmədən belə, dələduzların əlinə düşmək mümkündür. Azərbaycanda mobil telefon istifadəçiləri yeni dələduzluq faktı ilə üzləşib. Daxili İşlər Nazirliyinin adından bir neçə abunəçinin telefonuna pedofiliya əlamətləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara daxil olanların bloklanması və cərimə olunması barədə bildiriş gəlib.

Ä°lgili resim

Bildirişdə blokdan çıxmaq üçün cərimə məbləğinin 55 manat olması qeyd olunub. Blok ləğv olunmadığı halda isə  abunəçinin dərhal polis orqanları tərəfindən həbs olunacağı və məlumatların prokurorluğa göndəriləcəyi bildirilib. Hətta bu problemlə üzləşən abunəçilərdən biri məsələdən ehtiyat etdiyi üçün mesajda göstərilən koda cəriməni ödəməli olub. Bu kimi dələduzluq halları ilə bağlı DİN rəsmi açıqlama və xəbərdarlıqlar etsə də, yenə də onların kələyinə tuş gələnlər olur.

İnsanlar dələduzluq edir, çünki...

2016-cı ildə Azərbaycanda 26611 cinayət faktı qeydə alınıb ki, bunun da 13560-ı iqtisadi sahədə baş verən cinayətlərdir. Cinayətlərdən 7193-ü oğurluq, 325-i soyğunçuluq, 165-i quldurluq, 4373-ü dələduzluq, 148-i mənimsəmə və ya israf etmə, 442-si digər cinayətlər, 914-ü iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdir. 2015-ci ildə isə Azərbaycanda 6338 oğurluq, 3660 dələduzluq faktı qeydə alınıb.

Xüsusilə də əmlak alqı-satqısı zamanı daha çox dələduzluq hallarının yaşandığının şahidi oluruq. Bu kimi problemlərlə bağlı vətəndaşlar tərəfindən redaksiyamıza da çoxsaylı müraciətlər olub.

Sosioloji araşdırmalar isə sübut edir ki, ölkədə bu sayaq cinayətlərin çoxalmasının ilkin səbəbi insanların maddi durumunun pisləşməsidir. Bu, bir faktdır ki, insanların maddi vəziyyətinin aşağı düşməsi ümumən cinayətin artmasına səbəb olur.

Bundan başqa, ölkədə işsizlik daha çox qadınlar arasındadır və kişilər qadınlarla müqayisədə əmək fəaliyyəti ilə məşğuldurlar. Ona görə də dələduzluq cinayətləri qadınlar arasında daha geniş formada yayılıb. Burada bir məqam da var ki, dələduzluq cinayətin daha asan formasıdır. Yəni burada xüsusi vasitələrdən və digər bu kimi şeylərdən istifadə olunmur. Sadəcə olaraq, ona etibar etmiş adam tapmaq kifayətdir. O cümlədən də oğurluq cinayəti də çoxalıb. Diqqət etsək görərik ki, ölkədə artan oğurluq cinayətləri, daha çox xırda və orta oğurluq əməlləridir. Oğurlanan əşyalar çox da qiymətli olmurlar. Bu cinayətlər əsasən qrup halında və xüsusən də gənclər arasında geniş yayılıb. Qrup halında oğurluq hadisəsinin baş verməsi isə ağırlaşdırıcı haldır və daha ciddi məsuliyyətə səbəb olur.

dÉlÉduzluq ile ilgili görsel sonucu

Kriminal xəbərlər arasında etdiyimiz təhlil zamanı məlum olur ki, işə düzəlmək, yaxud da faiz ödəmək adı ilə cəlb edilmə daha geniş yayılıb. Bu halların yaranmasında insanların savadsızlığı da mühüm rol oynayır. Belə ki, onlar əməliyyatların rəsmi qaydada aparılmasını və notariusda təsdiqlənməsini tələb edə bilmirlər. Verilən borc, aparılan alqı-satqı son məqamda problem olaraq ortaya çıxır. İlkin məsləhət olaraq bildirilir ki, belə əməliyyat zamanı iş rəsmiləşdirilməlidir.

Ev və ya maşın alqı-satqısı zamanı dələduzluq faktları xüsusən çoxdur. Ümumi müşahidələr bunu göstərir ki, ev, maşın alqı-satqısının etibarnamə əsasında həyata keçirilməsi özü ilə parallel dələduzluq hallarına səbəb olur. Etibarnamə ilə mülk satan şəxs ixtiyarı olmadığı halda başqa bir əməliyyat etdiyi üçün mülkü əlindən alınır. Avtomobil alqı-satqısı zamanı işin rəsmiləşdirilməsi bir qədər vaxt aparan və maliyyə vəsaiti tələb eləyən məsələdir. Bu məqamların qarşısını almaq üçün həmin sahədə əməliyyatları sadələşdirmək lazımdır.  Nəzərə almaq lazımdır ki, ölkədə 90 faiz avtomobillər etibarnamə əsasında satılıb. Avtomobili etibarnamə ilə satan adamın hansısa bankla problemi çıxanda isə məhkəmə əmlaka həbs qoyub. Nəticədə etibarnamə ilə avtomobil alan şəxs də mülkiyyətindən məhrum olur.

Nə dələduzluq sayılır, nə yox?

Qanunlar nə deyir? Dələduzluqla mülki öhdəlik arasında sərhəd harada başlayıb, harada bitir? Öncə dələduzluq cinayətinin əlamətlərindən başlayaq.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 178.1-ci maddəsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir. Maddədən göründüyü kimi, dələduzluq cinayəti iki üsulla (yolla) həyata keçirilə bilər: etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə.

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarına (Plenumun Qərarına) əsasən, etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.

Digər üsul olan aldatma - özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi (belə məlumatlar kimi, hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər), yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsidir.

Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın (pul və digər əşyalar) ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunur.

Dələduzluğun törədilməsi zamanı zərərçəkmiş şəxs əmlakını aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində özü könüllü olaraq təqsirkara verir.

Bu əməl üzrə cinayət tərkibi yaranması üçün ələ keçirilən əmlakın və ya əldə edilən əmlak hüquqlarının dəyəri 500 manatdan çox olmalıdır (CM-yə edilmiş yeni dəyişikliklərə əsasən) Ziyan 500 manatdan az olduqda şəxs inzibati məsuliyyətə cəlb olunur.

Və sonda. Dələduzluq əməlinin digər cinayətlərdən bir fərqi də odur ki, bu əməli özünə “peşə” edənlər həbs olunduqdan sonra da durmurlar. Dələduzluq həbsxanada belə davam edə bilən “vərdişdir”. Məsələn, dələduzluğa adət etmiş adam islah olunmaq üçün həbsxanaya göndərilir, burada da məhkumlara qarşı dələduzluğunu davam etdirir. Birini əfvə saldıracağı adı ilə aldadır, digərini qohumuna iş düzəldəcəyi ilə... və s.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

Tarix: 5-06-2018, 11:07
Xəbəri paylaş





Xəbər lenti