“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?

“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq”
Ölkədə sənədsiz mənzil problemi aktuallığını itirmir. Qərbi Azərbaycandan deportasiya olunaraq Bakıya üz tutan və 36 ildən artıqdır burada yaşayan Aynur Orucova da bu problemdən əziyyət çəkənlərdəndir.

AYNA-nın redaksiyasına müraciət edən vətəndaşın dediyinə görə, 1988-ci ildən etibarən ailəsi ilə birgə Binəqədi rayonu, Xutor qəsəbəsində özlərinin tikdikləri fərdi yaşayış evində yaşasalar da, indiyədək evin çıxarışını ala bilməyiblər: “36 ildən artıq müddət keçməsinə baxmayaraq, hələ də tikib-qurduğumuz evə sənəd ala, övladlarımı həmin evə qeydiyyata saldıra bilmirəm. Bununla bağlı aidiyyəti qurumlara dəfələrlə şikayət etmişəm. Qeydiyyatın yoxdursa, şəxsiyyət vəsiqən yararsız bir kağız parçası sayılır. Ölkə xaricinə çıxmaqdan tutmuş, ölkədaxili bütün prosedurlar zamanı şəxsiyyət vəsiqəsinin məlumatlarına ehtiyac olur”.

“Ailədə işləyənimiz, məktəbə gedənimiz var. Təhsil Nazirliyinin elektron sistemi uşağı məktəbə qəbul edə bilmirdi ki, vəsiqə aktiv deyil. Məcbur olub uzaq bir qohumun evinə qeydiyyata düşdük. Öz evimiz ola-ola, bu problemin həllinə bir çarə tapa bilmirik. Hara gedək, kimə şikayət edək?”, - deyə xanım gileylənir.

Bildirir ki, məsələnin həlli üçün dövlət qurumlarının qapılarına ayaq döyməkdən yorulub: “Bir çox qurumlara müraciət etdik ki, problemə bir əncam çəksinlər. Problemi məhkəmə yolu ilə də həll etmək mümkün olmadı. Prezidentin bununla bağlı sərəncamının olacağını, o zaman məsələnin öz həllini tapacağını deyirlər. Amma həmin sərəncamı 14 ildir gözləyirik. Sizin vasitənizlə adiyyəti qurumlara təkrar müraciət edirəm: problemimizi həll edin. Belə nə vaxata qədər belə davam edəcək?!”.

Məsələ ilə əlaqədar sorğu göndərdiyimiz İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) redaksiyamıza verilən cavabı olduğu kimi təqdim edirik:

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə uyğun olaraq, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər əsasında fiziki və hüquqi şəxslərin həmin əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına alan qurumdur. Qeydiyyat üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə müəyyən edilmişdir. Vətəndaşlar müvafiq sənədləri ərizəyə əlavə etməklə “ASAN xidmət” mərkəzlərinə, bu mərkəzlərin fəaliyyət göstərmədiyi yerlərdə isə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin ərazi idarələrinə birbaşa, hər hansı şəxsin vasitəçiliyi olmadan müraciət edə bilərlər. Beləliklə, ilk mərhələdə müvafiq qanunla tələb edilən ilkin sənədlər olmalıdır ki, çıxarışın alınması məqsədilə “ASAN xidmət” mərkəzlərinə müraciət edilə bilinsin”.



“MBA Consulting Group” şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov AYNA-ya şərhində deyib ki, həmin evlərin sənədləşdirilməsi üçün birinci növbədə sənədsiz evlərin inventarizasiyası başa çatmalıdır: “Amma inventarizasiya bu gün təxminən otuz faiz civarında icra edilib. Qalan hamısı qalıb. Yəni bunun tam olaraq nə zaman icra olunacağı bəlli deyil. Bu məsələnin həlli üçün ortada açıq qalan sullar var. Ölkədə rəsmi olaraq nə qədər sənədsiz evlərin olması, həmin sənədsiz evlərin texniki vəziyyətinin hansı səviyyədə olması və s. ilə bağlı bir çox cavabı bilinməyən suallar mövcuddur”.

Ekspertin sözlərinə görə, öncə bunu dəqiqləşdirmək lazımdır: “Bütün bunların cavabı ortada olduqdan sonra hesablamaq lazımdır ki, hər ərazi üzrə bu cür problemlərin həlli üçün nələr və nə qədər vəsait tələb olunur. Həmin evlərin nə qədəri köçürülməli, nə qədəri qalmalıdır, nə qədərinin infrastruktur, ərazi kommunikasiya, küçə, ünvan problemləri var – müəyyənləşdirilməlidir. Əvvəlcə bütün bunların hamısı dəqiqləşdirilməlidir, ondan sonra həmin evlərin sənədləşmə prosesinə başlanılmalıdır. Amma bu gün hələ prosesin təxminən 30 faizə qədəri icra olunub. Ona görə də bu birinci mərhələ öz həllini tapmamış növbəti mərhələlərə keçmək mümkün deyil. Vətəndaşın bildirdiyi məsələnin də hamısı həll olunacaq. Bu, o zaman baş verəcək ki, həmin birinci mərhələ tam yekunlaşsın”.

“Sözügedən və ona bənzər ərazilərin hamısı baş plana görə söküntü obyektlərdir. Ona görə onların sənədləşdirilməsi indiki mərhələdə mümkünsüz sayılır. Abşeron yarmadasında sənədsiz evlər həddindən artıq çoxdur. Uzun illərdir həmin sənədsiz evlərin müzakirəsi gedir. Güman edirəm ki, nə vaxtsa bu məsələ öz həllini tapacaq. Çünki on üç ildən artıqdır ki, bu söhbətlər gedir. Hər il də deyilir ki, bu məsələ öz həllini tapacaq. Bu məsələnin həlli üçün böyük vəsait tələb olunur. Bu gün isə ölkə büdcəsinin xeyli hissəsi Qarabağdakı bərpa-quruculuq işlərinə yönəldilib. Hələ ki, bu işlərin həlli mümkünsüz sayılır. Ona görə də gözləməkdən başqa çarə yoxdur. Güman edirəm ki, Qarabağ məsələsi tam başa çatdıqdan sonra bu problemlər öz həlli tapacaq. Ancaq yaxın zamanda bu problemin öz həllini tapması çətin məsələdir”, - deyə İbrahimov bildirib.



Əmlak eksperti Elnur Azadov AYNA-ya açıqlamasında bu məsələ ilə bağlı tezliklə müsbət xəbər gələcəyini gözləmədiyini söyləyib: “Ölkə başçısının 13 yanvar 2015-ci ildə imzaladığı 438 saylı fərman var. Həmin fərmanda qeyd olunub ki, bizim ölkədə hansı sənədlərə istinadən və hansı əmlakların qeydiyyata alınması, yəni çıxarışla təmin olunması aparıla bilər. Bu da ona əsas verir ki, müəyyən siyahı üzrə yalnız ilkin sənədi olan qanunsuz tikililərin qanunlaşma məsələsi bundan sonra davam edə bilər. Yəni bu siyahı daha da genişlənəcək və ilkin qeydiyyat sənədləri olmayan əmlakların amnistiyası və mülki sənədlərlə təmin olunması mövcud vəziyyətdə mümkün deyil və yaxın gələcəkdə çox güman ki, planlaşdırılmayıb. Və burada müəyyən bir diskriminasiya var”.

Həmsöhbətimiz ƏMDX ilə Ədliyyə Nazirliyi tərəfindən birgə portalın yaradılması ilə bağlı olan məsələyə də toxunub: “Keçən ilin yanvar ayının 30-da sözügedən qurumlar brifinq keçirdi və onlar bu istiqamətdə artıq birgə işlər aparmağa başladılar ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının müvafiq sərəncamı var. Səhv etmirəmsə, 2016-cı ildə imzalanmış həmin qanuna istinadən bu istiqamətdə işlər həmin iki dövlət qurumu tərəfindən aparılmağa başlanıldı. Düzdür, ilkin olaraq sənədi olmayan evlərin qeydiyyata alınması ilə bağlı heç bir bildiriş verilməmişdi. Qısaca desək, dövlət tərəfindən qanunsuz tikililərin sənədləşməsi üçün, ən azından hansısa rəsmi qurum tərəfindən verilmiş ilkin sənədlər lazımdır. Yəni bu, o deməkdir ki, ümumiyyətlə, qanunsuz inşa edilən, heç bir hüquqi əsası olmayan, heç bir dövlət qeydiyyatına alınmayan, heç bir reyestrə düşməyən, tam şəkildə qanunsuz inşa edilən yaşayış evlərinin dövlət tərəfindən tanınması nəzərdə tutulmayıb. Hazırda vəziyyət belədir. Dövlət Əmlak Məsələləri Xidmət tərəfindən verilən açıqlama budur”.

Azadov problemin həlli üçün öz təkliflərini də irəli sürüb: “Mənim fikrimcə, bu proses mərhələ şəklində həyata keçirilməlidir və dövlət orqanlarının bu istiqamətdə hazırda apara biləcəkləri iş yalnız bu səviyyədədir. Yəni, ilkin sənədləri olan xeyli sayda əmlak var ki, onların çıxarışla təmin olunması, yəni mülkiyyətlərin təmin olunması istiqamətində işlər aparılsın ki, həcmi azalsın. Daha sonrakı dövrlərdə hökumət müəyyən addımlar ata bilər ki, ümumiyyətlə, sənədi olmayan yaşayış fondunun qanuna dəyişiklik edilməklə, onların dövlət tərəfindən amnistiyası mümkün olsun və tanınsın. Hazırkı vəziyyətdə isə heç bir qanuni sənədi olmayan tikililərlə onların dövlət qeydiyyatına alınması və tanınması istiqamətində qanunvericilik olmadığına görə heç bir iş aparıla bilməz. Bu, birmənalı belədir”.

“Bizim qanunvericiliyə görə, kənd təsərrüfatı təyinatlı torpaqlarda hər hansı tikinti işlərinin aparılmasına yol verilmir. Bu, o deməkdir ki, Azərbaycan Respublikasının ərazisində kənd yerində olan evlərin heç birinin çıxarışı verilə bilməz. Yəni orada indiyə kimi inşa olunan və bundan sonra inşa olunacaq evlərin təyinatı yaşayış məntəqələri deyil, kənd təsərrüfatı təyinatı olduğuna görə bunların hamısına ümumiləşdirilmiş qaydada baxılmalıdır və onların təyinatları dəyişməlidir. Ondan sonra bu istiqamətdə sənədləşmə işi aparıla bilər. Ölkədə bu cür evlərin sayı həddindən artıq çoxdur”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Tarix: 19-05-2024, 07:37
Xəbəri paylaş





Xəbər lenti