Şəhid bulağına verilən su xətləri kəsilib? - Açıqlama
“Dünən “Azərsu” ASC gəlib məhəlləyə, bütün su xətlərini kəsib. İndi ağaclar qalıb susuz”. Bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, problem yaşadığı Yeni Günəşli massiv “V”, bina 14 ünvanında baş verib: “İkinci Qarabağ müharibəsində məhəlləmiz 2 şəhid verib, əsgər Fərhad Babayev və XTQ kapitanı Elçin İsmayılov. Şəkildən də gördüyünüz kimi məhəllədə 2 şəhid bulağı var. 2 il əvvəl məhlə abadlaşdırıldı və ağaclar əkildi. Hər gün ağaclar su xətləri vasitəsi ilə sulanırdı. Məhəllənin abadlaşması və yaşıllaşdırılmasına görə yüzminlərlə pul xərcləyəsən, indi də qurumağına göz yumasan”.
Məsələ ilə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı müraciətimizə cavab olaraq bildirdi ki, həmin ərazidə çəkilmiş su xətlərinin heç birinin üzərində su sayğacları yoxdur:“Hamısı qeydiyyatsız xətlərdir. O yaşıllıqların suvarılması ilə yanaşı, ətrafda olan obyektlərin bir qismi də həmin sulardan istifadə edirdilər. Buna görə də biz məsələ ilə bağlı həm Suraxanı Rayon İcra Hakimiyyətinə, həm də Mənzil-Kommunal Təsərrüfatı Xidmətinə məlumat vermişik. Hazırda bu istiqamətdə sənədləşmə işləri gedir ki, həmin xətlər üzərində sayağaclar quraşdırılıb keçən suyun qeydiyyatı aparılsın və dəyəri ödənilsin”.
qafqazinfo.az
Tarix: 28-05-2024, 21:55