İş var, işçi yox? - Deputat dedi, ekpert cavab verdi

İş var, işçi yox?
“Ağstafada böyümüşəm. Gürcüstanla sərhəddə, demək olar ki, gənc yoxdur. Başqa sərhəd bölgələrində də vəziyyət təxmini belədir. Düzdür, iş var, lakin gənclərin peşə hazırlığı yetərli deyil”.

Bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Millət vəkili qeyd edib ki, “Azərişıq”, “Azərenerji”, “Azəriqaz” və s. qurumlarda vakansiyalar olur, amma kəndlərdə bu vakansiyalara cavab verən kadrlar yoxdur:

“Ucqar kəndlərdə əlçatanlıq məsələsində müəyyən problemlər var. Yaxud da adi texnik işinə qəbul mərkəzləşdirilmiş qaydadadır, tələb olunan sənədlərin elektron formada göndərilməsi istənilir. Nəzərə almaq lazımdır ki, ucqar kənddə yaşayan və bu sahədə işləmək istəyənlər ali təhsilli deyil”.

Qeyd edək ki, ölkədə işsizlik problemi var. Bunun səbəblərindən biri kimi isə bəzən gənclərin daha çox ali təhsilə maraq göstərməsi, peşə ixtisaslı kadrların olmaması göstərilir. Son illər isə ölkədə ali təhsil müəssisələrinə qəbul sayı ildən-ilə artırılır. Faktdır ki, ali təhsil müəssisəsini bitirən məzunların çalışması üçün yenidən kurslara müraciət edib, sertifikat əldə etməsi tələb olunur.

Ötən il peşə sahəsi üzrə təhsil alanların sayı 25 min olub. 2026-cı ilə qədər qarşıya qoyulan hədəf isə peşə təhsili üzrə tələbə sayının 28 minə çatdırılmasıdır. Hazırkı işsizlərin sayını və peşə bacarıqlarına malik kadrlara ehtiyac olduğunu nəzərə alsaq, ali təhsil müəssisələrində deyil, peşə məktəblərinə qəbul sayının artırılmasına ehtiyac var?

Təhsil üzrə ekspert Kamran Əsədov “Cebhe.info”-ya bildirib ki, hazırda Azərbaycanda ali təhsilli insanların sayı çox azdır və ölkə vətəndaşlarının cəmi 17 faizi ali təhsillidir:

“Baxmayaraq ki, 51 ali təhsil müəssisində 307 min tələbə təhsil alır. Bu, ümumi ölkə vətəndaşının az bir hissəsidir. Bu gün bölgələrdə əmək bazarının tələbləri ilə bağlı hər hansı bir statistik təhlil yoxdur. Yəni nə işə götürənlərin sifarişləri, nə də buna müvafiq olaraq mexanizm var. Ali təhsil müəssisəsi necə kadr hazırlamalı olduğunu bilmir. Bilmir ki, əmək bazarı ondan nə istəyir. Hardadır o əmək bazarı? Əmək bazarı sifarişçidir. O ali təhsil müəssisələrinə sifariş verməlidir ki, mənə bu bilik və bacarıqlara malik mütəxəssis hazırla. Ancaq elə bir sifariş yoxdur.

Yalnız onu görə bilirik ki, işə qəbul prosesindən sonra müəyyən vakant yerlər çıxarılır və həmin yerlərlə bağlı tələblər ortaya qoyulur. Bu, doğru yanaşma tərzi deyil. Ona görə doğru deyil ki, öncədən hansı bilik və bacarıqlı mütəxəssis lazımdırsa, o elan olunmalı və sifariş edilməlidir ki, ali təhsil müəssisələri də ona uyğun kadr hazırlasınlar. Bu gün bir-birini təkrarlayan kifayət qədər ixtisaslar var.

Yaxud da bir ixtisas kifayət qədər universitetdə öyrədilir. Bu, qəti doğru deyil.

Bizim burada problem gənclərin peşəyə yönəlməsi deyil. Burada bizim problem əmək bazarının ehtiyaclarının müəyyənləşməməsidir. Müəyyən tədqiqatlar aparılmalıdır ki, məsələn, işğaldan azad edilmiş ərazilərə hansı mütəxəssislər lazım olacaq.

Biz o istiqamətdə ixtisaslar hazırlayaq, nəinki müəllimlik, hüquqşünaslıq. Bəlkə bizə yaxşı mühəndislər lazımdır. Əmək bazarında sifariş olandan sonra kadr hazırlığı problemi aradan qalxacaq. Bu gün kifayət qədər müəllim var, ancaq iş yeri yoxdur.

Əvəzində isə başqa sahələrdə mütəxəssisə ehtiyac var. Yəni balanslaşdırma üçün mütləq şəkildə əmək bazarının tələbləri təhlil olunmalıdır”.

Ekspertin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində işəgötürənlər qarşısında konkret faizlər qoyulur ki, məsələn, işə götürülən işçinin 20 faizi peşə təhsilli olmalıdır, 30 faizi orta ixtisas təhsilli olamlıdır:

“Bizdə belə bir tələb yoxdur. Bu gün bir-birini təkrar edən ixtisaslar təhsilin bütün pillələrində var. Məsələn, mühasibat ixtisasını peşədə də, kollecdə də, universitetdə də oxuyurlar. Bir vakant yer varsa, işəgötürən ali təhsillini götürəcək. Məsələ ondan ibarətdir ki, məşğulluqla, işəgötürməklə bağlı məsələlərdə ortaya rəqəmlər, faizlər qoymalıyıq ki, onları işə götürə bilsinlər. Bizim problemli hissə ondan ibarətdir”.
Tarix: 3-06-2024, 23:17
Xəbəri paylaş





Xəbər lenti