Yaşayış binalarında parkinq problemi - Fantastik qiymətə parkinq yerləri satılır
Bir müddət əvvəl Bakıda parkinq qiymətlərinin bahalaşması yeni çoxmərtəbəli binalarda avtomobillərimizi harada saxlayaq problemini aktuallaşdırıb. Çünki çoxmənzilli binaların əksəriyyətində ya parkinq yoxdur, ya avtomobil saxlamaq üçün yer azdır.Bəs, yeni binaların tikilməsi zamanı sakinlərin avtomobillərini saxlaması üçün yer nəzərdə tutulmalıdır?
Məsələ ilə bağlı Trend-in suallarını cavablayan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, normativ qaydalara görə yaşayış kompleksində mənzil sayına görə qarajda neçə avtomobil olmalıdır deyə məsələ yoxdur.
"Bunu layihəni icra edən tikinti şirkəti özü təyin edir. Şirkət öz planına uyğun olaraq tənzimləyir ki, parkinq neçəyə başa gələcək və bunun neçə faizini sata biləcək. Adətən paytaxtdan kənar ərazilərdə parkinq yerlərini satmaq çətin olur. Bu səbəbdən həmin ərazilərdə parkinq yerləri çox az tikilir. Paytaxtda isə satılacaq sayda tikilir. İnşaat normativinin həddinə görə təxminən 1 ha 27 000 min kvadrat metrdən çox tikmək olmaz. Lakin yeraltı parkinqlər normativə düşmədiyindən istənilən qədər dayanacaq tikmək olar", - o deyib.
Ekspert qeyd edib ki, əgər çoxmənzilli yaşayış binası tikilirsə onun yeraltı parkinqi mütləq olmalıdır.
"Yoxsa dövlət ekspertizasından keçməyəcək. Bakıda parkinq yerləri əsasən sahəsinə görə satılır. Paytaxtda yeraltı parkinqlərdə bir avtomobil yerinin qiyməti yerindən asılı olaraq 20000 manatdan başlayaraq, 100000 manata qədər davam edir. Evlərin qiyməti bahalaşdıqca parkinq yerlərinin qiyməti də bahalaşır. Bina tikilib istismara veriləndən sonra mənzillərdə olduğu kimi həmin dayanacaqlara görə daşınmaz əmlakın dövlət reystrindən çıxarış alınması mümkündür", - deyə o əlavə edib.
Tarix: 7-06-2024, 11:47