SƏRT CƏZALAR GƏLİR: BUNU EDƏNLƏRLƏ BAĞLI REGİON İDARƏLƏRİ VƏ NAZİRLİK HƏRƏKƏTƏ KEÇDİ



Son zamanlar paytaxt ərazisində restoranların fəaliyyətinə ciddi nəzarət var. Məlum olduğu kimi, bir neçə ay öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda havanın çirklənməsində rol oynayan restoran və kafe sahiblərinə ciddi xəbərdarlıq edərək, bu obyektlərdən çıxan tüstünün zərərsizləşdirilməsi üçün xüsusi avdanlıqların quraşdırılması ilə bağlı tapşırıq verdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin restoranların havanı çirkləndirməsinə qarşı sərt mübarizəsi lazımi nəticəni verməkdədir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında havanı çirkləndirən məişət obyektlərinə dair fikirlərini qeyd edərkən bildirib ki, kim tələblərə əməl etməyəcəksə, o şadlıq evlərinin və məişət obyektlərinin qapısı bağlanacaq. Dekabr ayında isə ölkə başçısı “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında yeni fərman imzalamışdır.

Əsasnaməyə əsasən, nazirliyə ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət qaldırmaq hüququ verilib. Dəyişikliyə əsasən, artıq ETSN məhkəməyə müraciət etmədən ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin dayandırılması və ya qadağan edilməsi barədə qərar qəbul edə bilər. Buna baxmayaraq, müvafiq qurğunu quraşdırmayan, havanı və ətraf mühiti çirkləndirməyə davam edən iaşə obyektləri oldu. Onu da qeyd edək ki, nazirlik fərmana dəyişiklikdən əvvəl bəzi restoranların müvafiq qurğunu quraşdırmaması və bundan imtina etməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.

Azərbaycanda tüstü bacalarının 99 faizi demək olar ki, işləmir. Müvafiq qurğunu quraşdıran restoranlarla əlaqə yaradılan zaman bildirilir ki, qurğuların normal işləməsi üçün tüstü bacalarının da vaxtında təmizlənməsi əsas şərtdir. Məlumata görə, qurğu quraşdırılandan sonra tüstü bacaları 2 həftə, maksimum 1 ay ərzində təmizlənməlidir. Əks halda, havaya buraxılan çirkli havanın qarşısı alınmır. Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Tüstü boruları binaların dam örtüyünün xarici səthindən 70 sm yüksəklikdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalı, tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir. Ancaq heç də hər kəs bu qaydalara riayət etmir. Bir çox hallarda tüstü bacaları təmizlənmir. Qaz Təchizatı Haqqında Qanuna əsasən, tüstü bacaları ilə bağlı nöqsanların aşkar edilməsi məqsədilə müayinə “Azəriqaz” İB tərəfindən həyata keçirilir. Qurum həm mənzillərdə, həm də digər obyektlərdə müayinə işləri aparır. Tüstü bacası ilə bağlı tələblərin pozulmasına görə yerində akt tərtib olunur.

Məlumdur ki,əksər hallarda otel, restoran, xəstəxana, məktəb və digər mətbəxi olan müəssisələrin tüstü bacalarında yağlı təbəqə əmələ gəlir. Bu yağlar bacaların şaquli və üfüqi kanallarında və mühərriklərin üzərində yığılır. Həmin yağlar çox yüksək yanma qabiliyyətinə malikdir. Ani qığılcım çox böyük yanğına səbəb olur və sürətlə yayılır. Yanğın zamanı bacanın içərisində temperatur 800 dərəcə C-yə qədər çatır. Bu istilik bacanın yaxınlığında olan digər yanan materialları da alovlandırır və yanğın qısa bir zamanda bütün binaya yayıla bilir. Restorandan bu qədər tüstünün çıxması ilk növbədə ekologiyaya zərər vurur. Bundan əlavə, sakinləri də narahat edir.

Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır. Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir.

Məlumatlara əsasən Bakı və Abşeronda 400 restoran müvafiq qurğunu quraşdırılıb. Qurğunun quraşdırıldığı restoranların 220-sində nazirliyin əməkdaşları tərəfindən yoxlama aparılıb. Məlum olub ki, 217 obyektdə norma daxilində, 3 obyektdə isə normadan artıq havanın çirklənməsi faktı qeydə alınmışdır. Yəni normadan artıq olmaq həm azalıb, həm də çoxala bilir. Əvvəl 4-5 obyektdə havaya atılan tüstü normadan artıq idi. Sonradan isə bunu düzəltdilər. Bu günə olan məlumatda həmin obyektlərin sayı 3-dür. Norma, misal üçün, 0.5-dirsə, bundan artıq olan zaman biz müdaxilə edirik. Obyektlərin yerləşdikləri ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır, vətəndaşlar tərəfindən çoxsaylı şikayət və narazılıqların daxil olmasına səbəb olur. Nazirliyin nümayəndələri monitorinq keçirərək, havaya yaydığı tüstü ilə ekologiyaya ziyan vuran obyekt sahiblərinə cərimə tətbiq edirlər. Lakin buna baxmayaraq, hələ də qərara əməl etməyənlər var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas məqsədi havanın çirklənməsinin və insanların bununla bağlı narahat edilməsinin qarşısını almaqdır. Bu istiqamətdə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ekologiya.az-ın əməkdaşları, havaya yayılan tüstü ilə ekologiyaya ziyan vuran obyekt sahibləri ilə bağlı paytaxtda və regionlarda araşdırmalara başlayıb. Məqsəd havanın çirklənməsininə səbəb olan obyektlərlə bağlı daha da sərt mübarizə aparmaq və ekologiyanın korlanmasının qarşısını almaqdır. Sərt cəzalarla yanaşı, tüstü ilə ekologiyaya ziyan vuranlarla bağlı region idarələri və nazirlik əməkdaşları qanunları təxirəsalınmaz şəkildə həyata keçirilməsi istiqamətində hərəkətə keçməsi artıq kimsəyə sirr deyil.

Ekologiya.az
Tarix: 28-06-2024, 21:58
Xəbəri paylaş





Xəbər lenti