Yayın qızmar günlərində ən çox üz tutulan məkan çimərliklərdir.
Amma sahilboyu gördüklərimizdən sonra ayağını bir daha bizim çimərliklərə basmaq istəmirsən. Söhbət əhalinin daha çox üz tutduğu Görədil çimərliyindən, daha dəqiq desək, "Sərhədçi" istirahət mərkəzinin ərazisindən gedir.
İlk olaraq qeyd edim ki, içəri daxil olmaq üçün 4 nəfərsinizsə, 6 manat, əlavə masa üçün isə 15-20 manat (masanın böyüklüyündən asılı olaraq) ödəməlisiniz.
Musavat.com xəbər verir ki, əsasən ailələrin üz tutduğu bu məkanda natəmizlik, antisanitariya hökm sürür.
Butulka qalıqları, pamperslər, salafanlar, kağız-kuğuzlarla dolu sahil kənarı zibillliyi xatırladır. Əlbəttə, buna görə ilk olaraq insanlar qınanmalıdır. Bu mənzərənin yaranmasına səbəb çimərlikdə istifadə olunan qida qalıqlarını sonradan əhalinin yığışdırmamasıdır. Bununla belə, sahildə təmizlik işlərinin aparılmadığı da açıq-aşkar görünür. Çünki sahil ətrafını ölmüş balıqlar, yosunlar bürüyüb, mamırlanmış gölməçələr isə daha iyrənc mənzərə yaradıb. Ən təhlükəlisi isə odur ki, bu cür natəmiz yerdə uşaqlar əylənirlər.