Fədayə Laçın ev dustaqlığına buraxılması üçün müraciət edəcək

Fədayə Laçın ev dustaqlığına buraxılması üçün müraciət edəcək "Qoca" ləqəbli məhbus Etibar Məmmədovun həbsdən qaçmasına yardım etdiyi üçün həbs olunan müğənni Fədayə Laçın cəzasının ev dustaqlığı, ya da zaminliklə əvəzlənməsi üçün məhkəməyə müraciət edəcək.
Bu barədə Publika.az-a məlumat verən vəkil Türkel Süleymanlı bildirib ki, o, yaxın günlərdə həm məhkəmə orqanlarına, həm də ictimaiyyətə Fədayə Laçına qarşı humanist münasibət göstərilməsi üçün müraciət edəcək:
“Fədayə Laçın 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Bu gün onunla görüşdük, ümumi saxlanılma şəraitindən və ona qarşı olan münasibətdən razıdır. Səhhəti də, emosional vəziyyəti də yaxşıdır. Belə bir hadisədə adının hallanmasından təəssüf hissi keçirir. Özünü təqsirli bilməsə də, bu hadisələrdən peşmançılıq keçirir. Ürəyiaçıqlığından belə bir hadisədə adı hallanır. Lakin Fədayə xanımın "Qoca" qaçdığı andan özü həbs olunanadək onunla heç bir əlaqəsi olmayıb”.
Vəkili F.Laçının onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirdiyini deyib:
“Sənətçilərin onunla bağlı ümumi müraciəti hüquqi formada deyildi. Növbəti müraciət daha hüquqi formada olacaq, ümid edirik ki, ondan sonra müsbət reaksiya olacaq. Mənə bildirdi ki, onu unutmayan, dəstək olan hər kəsə təşəkkürünü çatdırım”.
Qeyd edək ki, F.Laçın Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur və barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Gülxar
Tarix: 7-11-2017, 20:58
Xəbəri paylaş





Xəbər lenti