“Sona bülbüllər”dən “Ayə, harya gedirsən”ə “inkişaf”

“Sona bülbüllər”dən “Ayə, harya gedirsən”ə “inkişaf” Zövqə görə mübahisə etməzlər. Məşhur ifadədir və dürüst kəlamdır. Biri Rəşid Behbudovun ifasını sevər, biri Qədir Rüstəmovun, o biri Akif İslamzadənin – qarışa bilməzsən.

Elə adam da var, Ağadadaş Ağayevdən Demis Russosa, Luçano Pavarottiyə, hətta təzə çıxanlardan Castin Biberə qədər müxtəlif janrlarda oxuyan musiqiçilərin ifasını eyni zamanda sevər. Nə etmək olar, adamın musiqi sevgisinin hüdudları bu qədər genişdir.

Adam da var, küçədə getdiyi yerdə Qədir Rüstəmovun radiodan gələn səsini eşidər, 7 dəqiqə ərzində mıxlanıb yerində qalar, “Sona bülbüllər” bitənə qədər onu dinləyər və sonra yoluna davam edər. Eləsini də görmüşəm.


Hətta beləsini də görmüşəm. 5-6 il öncəydi. Səhər ertəydi. Kompüterin pleyerində “Sona bülbüllər”ə qulaq asırdım. Redaksiyanın telefonuna zəng gəldi, dəstəyi qaldırdım, “Azadlıq” radiosunda çalışan həmkarımız Esmira Cavadovaydı. O, əməkdaşımız Elşən Balaxanılı ilə calaşdırılmasını istədi. Calaşdırdım. İki dəqiqədən sonra yenə zəng gəldi. Dəstəyi götürdüm. Yenə Esmiraydı. Dedim, bacı, danışa bilmədinmi, sizi calaşdırdım axı. Esmira Cavadova dedi, yox, Elşənlə danışdım, amma xahiş edirəm telefonun dəstəyini kompüterə yaxın tut, Qədirə qulaq asım, səsini eşitdim, məni götürüb Ağdama apardı.

Budur musiqi. Budur sənətin, sənətkarın gücü, qüdrəti. Onun səsini eşidirsən və birdən-birə başqa bir aləmə düşürsən, reinkarnasiya kimi bir şey olur, orda bir az da qalmaq istəyirsən.

Yaşlı nəslin qaydasıdır, yeni çıxan musiqiçiləri qəbul etmirlər. Əslində bu, bütün yaradıcılıq sahələrində belədir, köhnə jurnalistlər də yeniləri, əski yazıçılar da yeni yazıçıları, onların stillərini qəbul edə bilmirlər. Bu, psixoloji məsələdir, obyektiv səbəbləri də var, subyektiv səbəbləri də.

1982-ci ildə televiziyanın efirindən düşməyən müğənnilər təzə-təzə səsi gələn Ağadadaş Ağayevin oxumasını qəbul etmirdilər, efirdə, qəzet-jurnallarda onun əleyhinə təbliğat aparır, aşağılayırdılar. Amma bir il keçdi, Ağadadş Ağayev daha ciddi mahnılarla TV ekranının bəzəyinə çevrildi, xeyli müddət hətta ölkənin ən populyar, ən sevilən müğənnisi oldu.

Faiq Ağayevlə bağlı da bənzər qəbuletməmə və özünü qəbuletdirmə prosedurları olmuşdu.

Ancaq hiss olunur ki, bu trend də inkişaf edərək absurda dirənib. İndi adından söz etdirmək istəyən gənclər nəsə absurd bir ifa tərzi tapır, sosial şəbəkələr vasitəsilə populyarlaşa bilirlər. Yüz minlərlə insan onların bu fərqli, həyatın dibindən gələn, klassik sənətə zidd olan “əsər”lərini tirajlayır. Bir günün içində populyarlıq zirvələrə çıxır.

Dünən gecə elə bir video yayılıb, bu gün ölkənin virtual məkanında hamı ondan danışır. Hansısa TV-nin studiyasında qucağına gitara götürmüş bir gənc sırf əyalət ləhcəsi ilə guya nəsə oxuyur, eləcə “ayə, harya gedisən, ayə” deyə bağırır.

İndi bu ifadırmı? Bu sənətdirmi?

Razıyam, fərqli bir şeydir. İndiyə qədər belə şey olmayıb. Amma bu cür ifadan zövq almaq mümkündürmü?

Çoxları deyir, mümkün deyil, rəzalətdir. Bəziləri isə bu ifanı öz zövqlərinə uyğun qəbul edir, Vüsal adlı gəncin ifasında nəsə bir fəlsəfə, həzinlik, məna axtarırlar və... tapırlar.

Gördüyünüz kimi, yenə gəldik çıxdıq “zövqə görə mübahisə etməzlər” məsələsinə.

Mübahisə etmək istəmirəm. Bəlkə biri bülbül cəh-cəhindən zövq alır, biri qağayı qiyyəsindən. Hərəsinin öz gözəlliyi var. Hətta ola bilər ki, kimsə at kişnərtisində, çaqqal vaqqıltısında bir fəlsəfi məna, dərinlik, çağırış sezir, bilmirəm. Amma eşşək anqırtısının xüsusi bir həzinliyi olduğuna, insanı duyğusal ovqata kökləyə biləcəyinə inanmıram.

Dediyim odur ki, biz Ennio Marikoninun, Eldar Mansurovun bütün dünyada sevilən, qəbul edilən lirik-sentimental melodiyalarının səviyyəsindən “ayə, harya gedisən, ayə” səviyyəsinə enmişiksə, yüksək musiqi zövqündən danışmalı deyilik. Həyatın dibində yaranan, hər kəsin ortaya qoya biləcəyi çığırtılar, bağırtılar sənət deyil.

Bu cür bağırtılara görə heç vaxt redaksiyaya zəng gəlməz, adama deməzlər ki, o səs məni 30 il əvvələ apardı, icazə verin, ona sonadək qulaq asım.

Amma kim bilir, bəlkə bu gün bu “musiqi”ni dinləyən yeniyetmə onu 30 ildən sonra bir daha dinləyəndə emosional ovqata köklənəcək, “hayıf keçən günlərdən” nostaljisinə qapılacaq və kövrələcək...
Tarix: 24-11-2017, 20:28
Xəbəri paylaş





Xəbər lenti