“Özəl kanalların bu işdə “xidməti” var”- Mənsum İbrahimov bayağı müğənnilərdən danışdı


“Özəl kanalların bu işdə “xidməti” var”-

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün, ölkəmizdə Üzeyir Musiqi Günü kimi qeyd olunur.

Bu münasibətlə “Yeni Sabah”a danışan xalq artisti Mənsum İbrahimov muğam sahəsinin intibah dövrünü yaşamasına baxmayaraq digər musiqi sahələrində vəziyyətin o qədər də ürəkaçan olmamasından gileylənib: 

“Bu gün Milli Musiqi Günüdür. Bu münasibətlə bütün xalqımızı, musiqisevərləri təbrik edirəm. Həmçinin, dahi Üzeyir bəyimizin doğum günüdür. Bu gün ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Hazırda ölkəmizdə musiqimizin vəziyyəti istədiyimiz kimi deyil. Amma mən tam deməzdim ki, bizim musiqimizin səviyyəsi aşağıdır. Muğamımız bu gün sözün əsl mənasında intibah dövrünü yaşayır. Bunlar keçirilən muğam müsabiqələrinin, beynəlxalq muğam festivallarının nəticəsində baş verir. Muğamda hər şey qaydasındadır. Digər sahələr haqda isə eyni sözləri deyə bilməyəcəyəm, çünki orda bir xaos hökm sürür".

Sənətçi düşünür ki, keyfiyyətsiz musiqilərin geniş xalq kütləsinə çatdırılmasında özəl telekanalların rolu böyükdür:

"Keyfiyyətsiz musiqilərin efirə yayılması, ən  çox da sosial şəbəkələrdə paylaşılması, oralarda özünə yer tapması yaxşı hal deyil. Düşünürəm ki, bunun təbliğatçıları da var. Özəl kanalların bu işdə "xidməti" var. Onlar bayağı müğənnilərin, bayağı musiqilərin efirlərə getməsinə səbəb olurlar. Bu da kommersiya məqsədi daşıyır. Belə müğənnilər özəl kanallara pul ödəyirlər və beləliklə, insanların zövqü korlanır. Onlar geniş tamaşaçı kütləsinin, gənclərin zövqünü korlayırlar".

Mənsum İbrahimov yad musiqilərin təsirinin də zövqümüzün korlanmasında rolu olduğunu bildirdi:

"Bir az da yad musiqilərin bu işə təsiri var. Fars, ərəb, hind musiqilərinin notları, “həftəbecər” musiqilər var. Düşünürəm ki, bunun qarşısını almaq lazımdır. Məsələn, mən özüm Azərbaycan Televiziyasında (AzTV) Bədii Şuranın üzvüyəm, biz ayda iki dəfə görüşürük, həmin televiziyada gedən musiqiləri, proqramları müzakirə edirik. AzTV-də bu hal yoxdur, onların öz ənənəsi var. Onlara belə halları şamil etmək olmaz, onlar hər zaman bu ənənəni gözləyiblər və efirə keyfiyyətli musiqiləri veriblər. Bu sözləri heyif ki, özəl kanallara aid edə bilmirəm. Düşünürəm ki, o kanallarda da bu prinsiplər nəzərə alınmalıdır. Məncə, indiyə qədər onların da bədii şurası yaradılıb. Ümid edirəm ki, orda da bunlar tənzimlənər. Ümumiyyətlə, televiziyalarda bir üst qurum, nəzarət edən bir orqan yaradılmalıdır ki, orada musiqiçilər, ziyalılar iştirak etsin və onların  söz demək hüququ olsun. Belə tövsiyə etmək olmur, çünki özəl kanalın öz qanunları var. Amma hər halda biz bir musiqiçi kimi narahat oluruq, biz istəyirik ki, Azərbaycan musiqisinin keyfiyyəti hər zaman yüksək olsun, tamaşaçının zövqünü oxşasın".

M.İbrahimov qeyd etdi ki, bayağı musiqilərin daha çox dinlənilməsinə səbəb onların geniş təbliğ edilməsidir:

"Çox təəssüf ki, bu gün ciddi musiqilərə az qulaq asılır, daha çox bayağı musiqilər dinlənilir. Bu faktdır. Bunun da əsas səbəbi odur ki, onlar daha çox təbliğ olunur. Fikrimcə, keyfiyyətli musiqilər təbliğ edilməlidir, tamaşaçıların zövqü formalaşdırılmalıdır. Onları maarifləndirməliyik, öz arxamızca aparmalıyıq. Buna da kömək edən televiziya kanalları və təbii ki, sosial şəbəkələr olmalıdır. Bu hal bir ziyalı kimi yaralı yerimizdir, hamımızı narahat edir". 

Əsmətxanım

Tarix: 18-09-2019, 14:49
Xəbəri paylaş





Xəbər lenti