"Muşqulat obrazından inciyən ona oxşayan aşıqlardır" - “Beşdə-beş”in layihə rəhbəri ittihamlara ittihamla cavab verdi






Xəbər verdiyimiz kimi bir neçə gündür ki, Xəzər TV-də aparıcı Zaur Kamalın “Beşdə-beş” verilişində Muşqulat obrazının sazla efirə çıxması tənqid edilir. İnsanlar bununla Muşqulatın saz alətimizi gözdən saldığını bildirir. Əgər yadınızdadıra, məsələyə Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı da münasibət bildirdi və bununla bağlı Xəzər TV-ə xəbər yollasa da, onun sözünə məhəl qoymadıqlarını demişdi. 

Moderator.az-ın əməkdaşı “Beşdə-beş” verilişinin layihə rəhbəri Rauf Sübhi ilə əlaqə saxlayıb və onun da məsələyə aydınlıq gətirməsini istəyib. R.Sübhi saytımıza Muşqulatla bağlı bunları deyib:

“Yazıyla tanış olmuşam və bununla bağlı efirdə də demişdim və ola bilsin ki, lazım olan şeyi görmürlər. Bizdə Muşqulat obrazından inciyən ona oxşayan aşıqlardır. Mən inanmıram ki, tutarlı bir aşıq ondan incisin. Bu gün Azərbaycan Aşıqlar Birliyi heç buna fikir vermir və birliyin üzvlərindən kifayət qədər tanıdıqlarım var ki, kafelərdə kabinetlərdən boylanırlar ki, bir-iki mahnı çalsınlar. Məncə, gedib birinci növbədə bununla məşğul olsalar, daha yaxşı olar. Obrazda formanı, rəngi dəyişmişəm, papaq başqa papaqdır. Orda sazla bağlı təhqiredici nə var ki, bundan narazılıq edirlər. Qaldı ki, mənim üçün sənətkar müqəddəsdir, saz isə bir əşyadır. Mənim üçün Aşıq Ədalət, Fəzail Miskinli müqəddəsdir ona görə ki, sazı əlinə götürəndə sənət yarada bilir. Sənətkar olmayandan sonra sazı divardan asıb hər gün ona sitayiş etmək heç nəyə yaramır. Biz niyə görə birinci insan faktorunu nəzərə almırıq, amma əşyanı müqəddəsləşdiririk? Sazı müqəddəs edən insanlar var, amma onların adlarını unutmuşuq. 
Azərbaycan Aşıqlar Birliyinin üzvü olan bir adam hansısa bölgədən bizim telekanala gəlib vəsiqəsini göstərdi və dedi ki, nə istəyirsən, efirdə edirəm, amma məni verilişə çıxar. O, adam bir neçə kəlmə danışandan sonra gördüm ki, bu həqiqətən də dəlidir. Fikirləşdim ki, bunu necə Aşıqlar Birliyinə qəbul ediblər.  Demək istəyirəm ki, gedib bu cür adamlarla məşğul olsunlar. Verilişin layihə rəhbəri, baş redaktoruyam və efirimə çıxardığım hər şeyə cavabdehəm. İstəmərəm ki, mənim efirimdə nalayiq bir şey olsun. Muşqulatın obrazı bir acı gülüşdü və biz bunu bu şəkildə insanlara çatdırırıq. Bizim orda başqa bir məqsədimiz. Muşqulat obrazı olan Elnur Gədəbəydən, özüm isə Qazax rayonundanam. Aşıqlar Birliyində elə dəxilsiz üzvləri var ki, sazı mənim qədər heç başa düşmürlər”.


Tarix: 8-02-2020, 15:54
Xəbəri paylaş





Xəbər lenti