"Mən günahı o qadında yox, Elgizdə görürəm ki..." - Aparıcı savadsızlıqda suçlandı + VİDEO



Bir neçə gün öncə ARB telelanalında yayımlanan "Elgizlə izlə" verilişində özünü şairə kimi təqdim edən Bahar Eminova adlı şəxs illər öncə yazdığı şeirlərinin digər şairlər tərəfindən oğurlandığını iddia edib. Şairə xanımın oğurlandığını iddia etdiyi şeirləri arasında məşhur müğənni Könül Kərimovanın repertuarında yer alan və sevilən "Qurbanın olum" mahnısının sözləri də var.
 
Məsələ ilə bağlı müğənni, əməkdar artist Könül Kərimova ilə əlaqə saxladıq. Müğənni Moderator.az-a açıqlamasında həmin xanımı tanımadığını bildirib.
 
"Mən o xanımı tanımıram, nə də ki, o xanım mənə şeir verməyib. Bəstəkar-müğənni Hikmət Aslanov şeiri o vaxt şairə Zenfira Əlişqızının kitabından götürüb bəstələmişdi. Mən hazır mahnını gedib oxumuşam, heç kimdən şeir almamışam. Siz ən yaxşısı onlarla əlaqə saxlayıb, məsələyə aydınlıq gətirin. Bir də ola bilər ki, şairlər bir-birindən xəbərsiz, təsadüfən eyni mövzuya müraciət ediblər. Bir dəfə rəhmətli bəstəkar Tahir Əkbər mənə danışmışdı ki, Fransız şairi ilə bizim şairlərdən biri bir-birindən xəbərsiz eyni mövzuda şeir yazıblar. Nə çox "qurbanın olum" misrası ilə mahnı yazan var. Zenfira xanımı mən özüm kimi tanıyıram və heç vaxt inanmaram ki, kimdənsə şeir oğurlasın. Onun bütün şeirlərinə bəstələnmiş mahnılar dillər əzbəridir"  deyə müğənni bildirib.
 
Mahnının bəstəkarı Hikmət Aslanovun da məsələyə münasibəti fərqli olmadı.
 
"Bu mahnının sözləri Zenfira Əlişqızınındır. Yadımdadır, mənə balaca bir kitabını vermişdi, həmin kitabın içində bu şeir də var idi. Mahnı o kitabdan yazılıb, bu xanımı isə mən tanımıram" deyə o bildirib.
 
Şeirin müəllifi, tanınmış şairə Zenfira Əlişqızı həmin verilişi izlədiyini bildirib.

"Həmin verilişin "Yutub" linkini mənə göndərmişdilər, baxmışam da. Verilişi izləyəndən sonra aparıcı Elgiz Əkbərlə əlaqə saxladım. Bilirsiz bu problemlər hamısı nədən irəli gəlir? Bəzi savadsız veriliş aparıcıları kimi gəldi efirə çıxarırlar. Bir televiziyanın senzurası olmalıdır ki, qonaq efirə çıxanda nə danışacaq? Mən o qadında günah görmürəm, günahı Elgizdə görürəm ki, o bilə-bilə ki, həmin mahnının sözləri mənimdir, qadını efirə çıxarıb, danışdırır. O ki, qaldı şeirə. Yadıma gəlmir ki, bu şeiri mən nə vaxt yazmışam. Onu mən Könül xanıma yazmamışam, sadəcə olaraq şeir yazmışam, yazdığım şeirə mahnı bəstələnib, onu da Könül xanım ifa edib. Bu sifarişlə yazılan mahnı deyil. Mənim birinci kitabım səhv etmirəmsə 1998-ci ildə çapdan çıxıb. 1999-cu ildə də mənim yaradıcılıq gecəm olub, həmin mahnı da ondan qabaq yazılıb. O qadın şeirləri vərəqlərdən oxuyur, məndə isə o illərdən artıq kitab halındadır. Orada qadın bir şeir deyir, səhv etmirəmsə ya "Qiyamətə qalmasın"-dır, ya da "Talandı torpağımız" adlanır. Vallah ayıbdır! Həmin şeirin sözləri Bəxtiyar Vahabzadənindir! Fikirləşdim ki, birdən bilmərəm sözlər kimindir, yanlışlıq edərəm, hardasa özümə inanmadım və Xalq artisti Niyaməddin  Musayevlə əlaqə saxladım, soruşdum ki, o mahnının sözləri kimindir? Dedi ki, Bəxtiyar Vahabzadənindir! Xanımın oğurlandığını iddia etdiyi şeirlərdən biri Bəxtiyar Vahabzadənin, digəri isə mənimdir.  Zenfira Əlişqızının söz oğurlamağa ehtiyacı yoxdur! Mənim sözlərimə 700-dən çox mahnı bəstələnib. Bir dəfə Elgiz Əkbərin ANS telekanalındakı verilişində də buna oxşar hadisə baş vermişdi. Mən belə başa düşürəm ki, Azərbaycanda Zenfira Əlişqızından başqa şairə yoxdur ki, ortalıqda müzakirə etsinlər?! O xanımı öncə həkimə göstərmək lazımdır, daha sonra isə baxmaq lazımdır ki, o şeiri necə və nə vaxt yazıb?! Əslində mən Elgizin verilişində olmalı idim, özünə də dedim ki, xəstəmiz var, gələ bilmirəm. Heç kəsdən çəkinəcəyim və qorxacağım yoxdur!  Qadın deyir ki, "Qurbanın olum", o biri xanım aparıcı deyir ki, hə bu mahnı Mətanət İskəndərlinindir.Sənin musiqidən, sözdən başın çıxır, heç sən bilirsənmi hansı şair nəyi yazıb?! Bir aparıcının bazası olar! Bu mahnı 30 ildir oxunur, o qadından soruşmaq lazımdır ki, bu 30 ildə harada idi, qəfildən çıxdı ortalığa?" deyərək Zenfira Əlişqızı bildirib.
 
Şairə daha sonra həmin şeiri yazdığı kitabın fotosunu da bizə göstərib.

 

Tarix: 8-06-2021, 09:42
Xəbəri paylaş





Xəbər lenti