“Əli Əhmədov düz demir. Elə adam var heç pensiya yaşına çatmamış ölür gedir“ -VIDEO



     


 


“Azərbaycanda pensiya yaşına çatanların, demək olar ki, heç biri pensiyaya çıxmaq istəmirlər. Nəinki 65, 70, 75, bəzən 80 yaşa qədər də çalışırlar”- bu sözləri prezidentliyə nazimədlərin debatında İlham Əliyevin nümayəndəsi Əli Əhmədov deyir. Onun sözlərinə görə, hökumət pensiya yaşını məhz əhalinin çox işləmək istəyini nəzərə alaraq qaldırıb. Bəs görəsən, insanların bu fikrə münasibəti necədir?

“Əli Əhmədov düz demir. Elə adam var heç pensiya yaşına çatmamış ölür gedir. Bu pensiyanı elə əvvəlki kimi versinlər də, niyə vermirlər?”- sorğuya cavabda belə deyilir.

2017-ci ildə əmək pensiyaları haqqında qanuna 98-ə yaxın dəyişiklik edilib. Hazırda 60 yaş yarıma çatmış qadınların, 63 yaş yarıma çatmış kişilərin əmək pensiyası hüququ var. Yeni qanunvericiliyə görə, vətəndaşların pensiya yaşı hər il 6 ay artırılmaqla kişili-qadınlı 65 yaşa çatdırılacaq. Bu müddət kişilər üçün 2021, qadınlar üçün 2027-ci ildə tamamlanacaq. İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, bu dəyişiklər heç də vətəndaşların işləmək istəyindən irəli gəlmir. Onun sözlərinə görə, hökumət bu addımı dövlət büdcəsindən Sosial Müdafiə Fonduna ayrılan vəsaiti azaltmaq üçün atıb.

“Bu gün Azərbaycan vətəndaşı fikirləşir ki, mən 65 yaşdan sonra yaşayacammı? Nə baş verəcək? Yaşasam da, bugünlük şərtlər daxilində 6 il mənə pensiya veriləcək. Ona görə də bu gün sosial sığorta ödəməkdə maraqlı deyil. Əhalinin böyük bir hissəsi gələcəkdə pensiya üçün staj da təqdim edə bilməyəcək. Çünki bazarın böyük bir hissəsi illeqaldır, onların əməyi rəsmiləşdirilmir. Və bugünkü əmək bazarının şərtləri daxilində vətəndaşın sahibkara diqtə etməsi qeyri-mümkündür, çünki insanlar iş tapa bilmirlər”.

Rəşad Həsənov hesab edir ki, pensiya yaşını qaldırmaqla Sosial Müdafiə Fondunun xərclərinin azaltmaq yerinə, sosial sığorta hesabına fondun gəlirlərini artırmaq da olardı. Bu isə əmək bazarının leqallaşdırılması yolundan keçir.

Tarix: 29-03-2018, 13:43
Xəbəri paylaş





Xəbər lenti