Ölkəmizdə gənclərin iş tapmaqla bağlı ciddi problemləri olduğu hər kəsə məlumdur.

Azərbaycanda az maaşa işləməyə razı olmayanlar və ya əcnəbi ölkədə yaşamaq arzusunda olanlar bu cür xidmətlər təklif edən şirkətlərə müraciət edirlər. Elə bunu fürsət bilən bəzi işbazlar isə gəncləri Avropada 1000-2000 manat maaşlıq işlə təmin edəcəyini vəd edib aldadırlar.

Məsələn, son zamanlar Polşada yeni vakansiyaların olması ilə bağlı elanlar verilir. İlk baxışdan çox cəlb edici görünən bu təkliflərdə  pəncərə zavodu, tikiş fabriki, metal avadanlıqlarının istehsalı zavodu, balıq emalı zavodu, ferma, qablaşdırmaların istehsalı üzrə zavod, lampa istehsalı zavodu, geyim fabriki, qida istehsalı zavodlarında fiziki işçilər və köməkçilər, tikinti sahəsində fəhlələr ustalar, oboy ustası, suvaqçı, dülgər, qaynaqçılar və aşpazlar üçün minimum 1200 məvacib vurğulanır. Həqiqətən mi Polşanın fəhlə qüvvəsinə ehtiyacı var?

Minval.İnfo xəbər verir ki, Avropada işsizliyin ən yüksək olduğu ölkələrdən biri Polşadır. Hazırda Avropanın bir çox ölkəsində polşalı fəhlələrə rast gəlmək olar. Belə olan halda, Polşadakı müəssisələr nə üçün mütəxəssis deyil, sadəcə fəhlə qüvvəsi cəlb etsinlər. Polşanın mütəxəssis ehtiyacını isə polyak dilini bilən ukraynalılar ödəyir.

Sadəcə Polşa deyil, hətta Amerikada belə iş imkanları təklif edən şirkətlər var. Bu şirkətlərin fırıldağı üzündən çox böyük problemlərlə qarşılaşanlar olub. Amerikaya köçüb orada işləmək arzusunda olan Laçın Ağasıyev arzusu gözündə qalmaqla yanaşı, uzun müddət məhkəmə proseslərində saç ağartmalı olub.

2016-cı ildə Amerikaya köçmək üçün müraciət etdiyi şirkət ona arayışlar, xasiyyətnamələr və s. Sənədlər hazır edib. Viza müsahibəsi üçün Amerika səfirliyinə yollanan Laçın burada sürprizlə qarşılaşıb. Onu saxta sənəd hazırlamaqdan saxlayıb, polis bölməsinə aparıblar. Laçın Ağasıyevin zərərçəkən olduğu məlum olduqdan sonra azadlığa buraxılsa da, o həm ödədiyi məbləği geri ala bilməyib, həm də Amerika sərhədlərinə girişi 10 il müddətinə qadağan edilib.

Laçın bu fırıldaqdan sadəcə maddi itki ilə xilas ola bilsə də, xaricdə işləmək arzusunda olub insan alverinin qurbanına çevrilənlər də mövcuddur. Elə Polşada 2010-cu ildə 3 nəfər azərbaycanlı  insan alverinin qurbanı olmuşdu və azərbaycanlıların kölə kimi işlədilməsi faktı bir müddət müzakirə mövzusu oldu.

Qədim, Vaqif və Rafiq adlı Azərbaycan vətəndaşları ilə yanaşı, orada altı nəfər də Ukrayna vətəndaşı işlədilirmiş. Amma qanunsuz mal istehsalı ittihamı ilə üzləşən dəstə başı aradan çıxa bilmişdi. Azərbaycanlı işçilər onlarla kölə kimi davranıldığını, yarım il ərzində heç yana çıxmalarına imkan verilmədiyini deyirdilər.

İnsan Alveri ilə Mübarizə Fondunun nümayəndəsi İrena David-Olczyk bildirmişdi ki, fəhlələrə heç vaxt pul verməyiblər. Onlara verilən mobil telefonla yalnız zəng qəbul edə biliblər, ərazini tərk etməyə ixtiyarları olmayıb. Ailələri zorakılığa məruz qalıb. Həmçinin, seks işçisi kimi çalışmağa məcbur edilənlər aldadıldıqlarını öyrənəndə artıq bütün şəxsi sənədləri əllərindən alınmış olur.

insan ticareti ile ilgili görsel sonucu

Bu cür dələduzluğun qurbanı olmamaq üçün iş elanı gördükdə yüz ölçüb, bir biçmək məsləhətdir. Ekspertlər bildirir ki, əvvəlcə ən azı internet resursları vasitəsilə həmin şirkət və şərtlərinin nə dərəcə real olduğu araşdırmaq lazımdır.

Daha öncə bu xidmətdən istifadə etmiş, hazırda getmək istədiyiniz ölkədə yaşayan həmyerlilərimizlə əlaqə yaratmaq, oradakı şəraiti dəqiq öyrənmək məsləhət görülür.

Elanlara əsasən xaricə işləməyə getmək istəyənlər Azərbaycandakı müvafiq dövlət qurumları – Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə əlaqə saxlayıb məlumatı dəqiqləşdirə bilərlər.

Dəniz Kərimzadə