Parlamentin “susan” deputatları...


Akif Təvəkküloğlu: “Bu sahədə hər hansı bir problem olarsa, biz də mətbuat xidməti olaraq jurnalistləri deputatlarla görüşdürməyə, əlaqələndirməyə hazırıq”

Milli Məclisin plenar iclaslarında susan, heç bir ictimai-siyasi məsələyə münasibət bildirməyən deputatların adı zaman-zaman mətbuat səhifələrində hallanır. Lakin bütün bunlara baxmayaraq, parlamentdə hələ də susan, heç bir məsələyə reaksiya verməyən deputatlar kifayət qədərdir.

Ümumilikdə ölkənin qanunverici orqanı olan Milli Məclisdə xalqı təmsil edən 125 deputat var. Əslində onların işi xalqı narahat edən məsələləri parlamentin tribunasına çıxarmaq, seçicilərin problemlərini qabartmaqdır. Lakin heç də bütün deputatların simasında bu, müşahidə edilmir.“Susan deputatlar” təkcə Milli Məclisin plenar iclasında deyil, mətbuatla da münasibətlərində danışmamaq mövqeyini nümayiş etdirirlər. Jurnalistlər bildirirlər ki,  xüsusilə də sonuncu parlament seçkilərində seçilən deputatların böyük bir qismi mətbuata açıqlama vermir, heç bir siyasi, sosial məsələyə münasibətlərini bildirmirlər.

Məlum olduğu kimi, 10 gündən də az müddət sonra ölkədə prezident seçkisi keçiriləcək. Bu ərəfədə isə xaricdə yaşayan bir qrup azərbaycanlı mühacirlər sosial şəbəkələrdə videolar yayaraq, hakimiyyətin yüksək vəzifəli məmurlarının ünvanına, söyüş, təhqir yağdırırlar.  Ekspertlər, hakimiyyət nümayəndələri hesab edirlər ki, bir qrup mühacirin atdığı bu addım Azərbaycan dövlətinə qarşı təxribatdır və onlar bu mübarizə metodu ilə ölkədə sabitliyi pozmağa cəhd göstərirlər. Bildirilir ki, bu, əslində Azərbaycana qarşı atılan məkrli bir planın tərkib hissəsidir. Bu cür proseslərin cərəyan etdiyi bir zamanda belə parlamentdə olan “susan deputatlar” dilə gəlmədilər. Eyni zamanda bu deputatların əksəriyyətinin heç sosial şəbəkədə hesabları da yoxdur. Onlar adi bir status yazaraq, heç bir məsələyə mövqe bildirmirlər, problemi ictimailəşdirmirlər. Bir qisim deputatlar da var ki, onlar ildə bir neçə dəfə susqunluqlarını pozub, danışırlar. Lakin hər dəfə danışan zaman böyük qalmaqal yaradan ifadələr işlədib, kimlərisə təhqir edən fikirlər söyləyirlər...

Aynur Camalqızı ile ilgili görsel sonucu

Məsələ ilə bağlı ötən həftə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da iştirak etdiyi “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə də fikirlər bildirildi. Belə ki, “Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı bildirdi ki, bəzi deputatlardan açıqlama almaq olmur:

“Milli Məclisin 125 deputatı var. Təəssüflər olsun ki, bəzi istisnalarla onların böyük əksəriyyəti bu mövzuda jurnalistlərin suallarını cavablandırmaqdan, ortaya mövqe qoymaqdan yayınır. Özləri də söyüş və təhqirə məruz qalmaqdanmı çəkinirlər? Zəng edirik, münasibət istəyirik, telefonu söndürüb yoxa çıxırlar. Onlar anlamırlarmı ki, bu kampaniyada söyüş və təhqirlər məsələnin yalnız görünən tərəfidir. Burada hədəf, sadəcə, bir neçə məmur deyil, Azərbaycan dövləti və onun simvollarıdır! Ona görə də media olaraq biz bu prosesdə iştirak edirik”.

Eləcə də gününsesi.info saytının baş redaktoru da Pərviz Həşimli də öz çıxışında bu məsələyə toxundu.

Akif TÉvÉkküloÄlu ile ilgili görsel sonucu

Məsələ ilə bağlı münasibət almaq üçün Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə əlaqə saxladıq. O, “Yeni Müsavat”a bildirdi ki, söyuşcül mühacirlərlə bağlı məsələdə hər kəs mövqeyini bildirməlidir:

“Doğrusu, mən həmin tədbirdə də olmamışam və bu kimi çıxışlarla da tanış deyiləm. Ancaq onu deyim ki, bu, dövlətə aid olan məsələdir. Ona görə də hər bir kəs öz fikrini, mövqeyini bildirməlidir. İnanmıram ki, xüsusilə bu məsələdə elə bir deputat olsun ki, hansısa jurnalistin suallarını cavablandırmasın. Hər bir kəs ən azından vətəndaş mövqeyi ortaya qoymalıdır. Xüsusilə də siyasət adamlar və ümumiyyətlə, istənilən vətəndaş öz mövqeyini bildirməlidir. Bu, dövlətimizə qarşı olan bir məsələdir. Dövlətə qarşı olan hər hansı bir məsələdə isə heç bir fikir ayrılığı ola bilməz. O cümlədən bizim deputatlarımız da hər yerdə çıxışlar edirlər, fikir söyləyirlər. Bu sahədə hər hansı bir problem olarsa, biz də mətbuat xidməti olaraq jurnalistləri deputatlarla görüşdürməyə, əlaqələndirməyə hazırıq. Hər zaman da dövlətimizin mövqeyini müdafiə etmək bir vətəndaş kimi borcumuzdur”.

Əli RAİS

Tarix: 3-04-2018, 08:48
Xəbəri paylaş





Xəbər lenti