Prezidentin başına bəla olan ağzıboş məmurlar kimlərdir?
Bəzi məmurlar yerlərdə elədiyi çıxışlarla, əməlləri ilə mərkəzi hakimiyyəti pis vəziyyətdə qoyurlar

Dəfələrlə deputatların, icra başçılarının səhlənkar açıqlamaları hökumətin başına oyun açıb.

Bunun məsuliyyəti həm də prezidentin masasına həmin “kadr”ların dosyesini qoyan kuratorlarda, özünü qubernator elan edənlərdədir.

Onlar dövlət başçısını inandırlar ki, təqdim etdikləri şəxs həmin bölgəni yaxşı təmsil və idarə edəcək. Amma reallıq belə demir.

FİA.Az xəbər verir ki, deputat Hadı Rəcəblinin, Zərdabın icra başçısı Lütvəli Babayevin, Laçının icra hakimi Aqil Nəzərli və digərlərinin iqtidara hansı problemlər yaratıdğı göz qabağındadır.

Hadı Rəcəbli müəllimlərə fəhləliyə çağırır, feysbuku bağlamağı təklif edir, Letvəli Babayev şəhidin başdaşı pulunu mənimsəyir, hətta çıxışlarının birində ağzına gələni danışaraq deyir ki, İlham Əliyevin sayəsində torpaqlarımız işğaldadır, Aqil Nəzərli çaşaraq qeyd edir ki, Elçibəy iqtidarı Heydər Əliyev tərəfindən qəsb olunub, deputat Astan Şahverdiyev xalqa “otxod” deyir....

Və onlarla belə nümunələr göstərmək olar ki, ayrı-ayrı məmurların bisavad, hesablanmamış çıxışları yekunda hakimiyyətin başına iş açır.

Çünki nəticədə xalqla iqtidar üz-üzə qalırlar. Axı onlar dövlət məmurlarıdırlar, vətəndaşlara nümunə olmalıdırlar, bu cür məsuliyyətsiz çıxışlar edərkən nə düşünürlər?

Prezidentin daxili siyasi kursunu bilməyən həmin məmurların vəzifələrə təyin etdirənlər nazirlərdir, kuratorlardır. Bunun nəticəsidir ki, belə məmurların çıxışları ucbatından Avropadan söyüş kampaniyası başlayır.

Təkcə Zərdab, Laçın deyil, Gəncənin icra başçısı Elmar Vəliyevin bu günlərdə tədbirdə nalayiq söyüşlərlə danışdığı üzə çıxdı. Ölkənin ikinci şəhərinə rəhbərlik edən bir məmur niyə danışığını bilmir?

Ötən dövr ərzində Quba, İsmayıllı hadisələri də məhz məmurların artıq-əskik sözlərinə, çıxışlarına görə baş verdi.

FİA.Az yazır ki, bu cür icra başçıları dövlətin büdcəsini talayırlar, bahalı maşınlarda gəzirlər, biznes şəbəkəsi qururlar, şikayət edən vətəndaşı hədələyirlər, hamını təhdid edirlər.

Ancaq bu azmış kimi, seçkilərdə hakimiyyətə dəstək olmaq əvəzinə köstək olurlar, ara qızışdıran səviyyəsiz çıxışlar edirlər, iqtidar-vətəndaş qarşıdurmasına gətirib çıxaracaq açıqlamalar verirlər. Sonra etirazlar qalxanda fikirlərinin təhrif olunduğunu bildirirlər.

Bu məmurların yaxşı xidmət göstərəcəyini prezidentə kimlər təqdim edir? Nə üçün hakimiyyətin “sapı özündən olan baltaları” təmizlənmir?

H.Rəcəbli, E.Vəliyev, L.Babayev, A.Nəzərli və s. məmurlar günün birində iqtidarın başına elə bir dərd açacaq ki, qabağını almaq mümkün olmayacaq.

Məgər ölkədə savadlı kadrlar, mədəni, intellektual gənclər yoxdurmu icra hakimiyyəti başçıları, deputatlar olsunlar?!

Bu siyasi gedişat birbaşa prezidentə xəyanətdir, onun fəaliyyətinə problem yaratmaqdır.

Hətta parlamentdə qanun qəbul olundu, məmurlar etik kodeksə əməl etməlidirlər, deputatlar mandatdan məhrum oluna bilərlər.

Ancaq göründüyü kimi, ağzına gələni danışanlar bir-birini əvəzləyirlər. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bu məsələdə “rekordçudur”.

Demək olar ki, ayda bir dəfə ya Milli Məclisdə çıxışında, ya da mediaya açıqlamasında elə ifadələr, cümlələr işlədir ki, ölkə bir-birinə dəyir, insanlar onu və onun simasında bütöv hökuməti qınayır.

Qeyd edilir ki, bu cür deputatlar və məmurlar komfort şəraitdə oturub arxayın şəkildə nə gəldi danışırlar. İnsanların əsəblərini tarıma çəkən, əhalini dövlətdən narazı salan, qıcıqlandıran çıxışlar edirlər.

İqtidara əslində daha çox təhlükə məhz bu cür ifadələrinə diqqət edə bilməyən deputatlardan gəlir. Belə ki, onların hansısa bir düşünülməmiş açıqlaması insanların qəzəbinə səbəb olur.

Bir sıra deputatlar və məmurlar var ki, gerçəkdən də həm xalq, həm də bu hakimiyyətin özü üçün təhlükədirlər. Belə deputatlar və məmurlar hakimiyyətin də ciddi probleminə çevrilməkdədir.

Hökumətə normal təkliflər vermək, hökumətdən yaranmış vəziyyətin səbəbini tələb etmək, əslində bununla həm də hakimiyyətə də kömək etmək əvəzinə, xalqda narazılığı artıran açıqlamalar verirlər.