Səhv buraxıb, sonra jurnalistləri qarğıyan vəzifəlilər...


Elşən Balaxanılı: “Məmurlar məni söyəndə özümə tərif bilirəm”

Könül İbrahim: “Jurnalistə nə halal, nə haram? Görürəm, çəkirəm, yazıram”

Millət vəkili Hadı Rəcəbli bu günlərdə yenə jurnalistləri hədəf seçib. O, interpress.az saytına açıqlamasında onun sözlərini mətbuatda təhrif edən jurnalistlərə səslənib: “Mən özüm də jurnalist işləmişəm, jurnalistlərin dostuyam. Jurnalist yoldaşları da çağırıram ki, Allah xofu ürəklərində olsun. Allahdan qorxsunlar. Bir az diqqətli olsunlar. Təhrif etməsinlər yazıları. Yaşlı adamlara qarşı bir az da həssas olsunlar. Mən mətbuata açıq olanda bunlar mənim başıma gör, nə oyunlar gətirirlər. Bu da çox narahat məsələdir. Mən də o jurnalistləri Allaha tapşırıram. Ki, mənim ünvanıma o qədər söyüş söydürürlər. Və Allah da bilir. Mən Allaha şükürlər olsun ki, Allahın yolunu tutmuşam, 25 ildir ki, parlamentdəyəm və başımın üstündə də Quran var”.

“Yeni Müsavat” isə xatırladır ki, jurnalistlərlə bağlı bu sayaq açıqlamalar zaman-zaman olub. Həbsə düşən, etdiyi qanunsuzluqlar ifşa edilən məmurlar, deputatlar, eks nazirlər, eləcə də iş adamları, müğənnilər (bu siyahını uzatmaq olar) bir qayda olaraq, öz yanlışlıqlarını etiraf etmək əvəzinə, jurnalistləri hədəf seçiblər. Ən yaxşı halda “Sizi Allaha həvalə edirəm” deyənlərlə yanaşı, məhkəmə zalından “Mənim çəkdiyimi siz jurnalistlər çəkin. Məni siz tutdurduz, sizin də yaxınlarınız türmə qapılarında sizi gözləsinlər”... sayaq vaveyla janrında açıqlamalar hər zaman olub.

Bu, daha çox jurnalistin vəzifəsini, missiyasını anlamamaqdan irəli gəlir. Bir çox hallarda ifşa olunanlar jurnalistləri hədəf seçir, onları ya qeyri-peşəkarlıqda, ya da qərəzlilikdə ittiham edirlər. Hətta işi irəliyə aparıb, vicdanlı qələm sahiblərini “kiminsə sifarişini yerinə yetirməkdə” suçlayanlar, ən sonda isə təhqirə əl atanlar olur. Google axtarış saytında “jurnalistləri hədələdi”, “qələm əhlini söydü” sözləri ilə axtarış verin, xeyli maraqlı nəticələr ortaya çıxacaq. Məlum olacaq ki, müğənnidən tutmuş, siyasətçiyə, iş adamına... qədər belə “odlu-alovlu” açıqlamaların müəlliflərinin sayı çoxdur.

“Yeni Müsavat” qəzetinin əməkdaşları da zaman-zaman belə hədə, qarğış ritorikasının hədəfi olublar.

Qəzetimizin kriminal yazarı Elşən Balaxanılı deyir ki, bu cür hallarla tez-tez rastlaşıb:

“Bir neçə il öncə deputat Hüseynbala Mirələmovun sahibi olduğu “Min bir gecə” restoranında baş verən atışmada adam ölmüşdü. Deputatın qardaşı oğlunun bu atışmada adam öldürdüyünü xatırladan həmkarımız hadisə yerindən reportaj hazırlayandan sonra deputatın özü ilə danışdım. Bir dəfə danışanda da mənlə təhqiramiz ifadələr işlətdi. Saysız-hesabsız qarğışlar deyirdi. Biri yadımnda qalıb: “Qələmin gözünə girsin”. Sözün açığı, məni məmurlar söyəndə, bunu özümə tərif bilirəm”. 

Musavat.com-un mədəniyyət yazarı Könül İbrahim də belə hallarla zaman-zaman qarşılaşır. Bunlardan biri aktyor Tahir İmanovla bağlı baş verib:

“Tədbirlərdən birində həyat yoldaşı ilə birgə onun şəklini çəkib, sayta vermişdim. Növbəti tədbirlərdən birində, qələbəliyi yararaq gəlib məni tapdı və dedi ki, “yoldaşımla şəklimi sayta sən vermirsən. Sənə haqqımı halal etmirəm”. Mən də cavab verdim ki, “jurnalistə nə halal, nə haram? Görmüşəm, çəkmişəm, yazmışam. İşim budur””.

Misalları istənilən qədər artırmaq olar. Çünki hər bir jurnalistin təcrübəsində belə hallar tez-tez olur. Jurnalistin obyektiv tənqidi və ya ifşası qarşısında heç də hər kəs lazımi səbir, tolerantlıq nümayiş etdirə bilmir. Məmurlar bir çox hallarda korrektəli və səliqəli danışa bilmədikləri üçün suçu jurnalistlərdə axtarmağa üstünlük verirlər. Amma bu, hər zaman inandırıcı olmur.

Sevinc

Tarix: 6-04-2018, 21:31
Xəbəri paylaş





Xəbər lenti