Azərbaycanda yaz intiharlarının səbəbi: İnsanlar niyə canına qıyır?


İnsanın niyə intihar etdiyini heç vaxt bilmək mümkün olmur. Yəni qəti anlamaq olmur ki, insan niyə özünə qəsd edir. Bu əməlin motivini də tam aşkara çıxarmaq qeyri-mümkündür. Əslində intihar edən insanın özü də etdiyini tam olaraq dərk etmir. Çünki intihar edən zaman o affekt durumda olur. Hətta bu durum intihar ərəfəsində uzun müddət, yəni hədəfə çatana qədər davam edir. Amma istənilən halda intihara cəhd səbəbsiz baş vermir və onların içərisində ən qabarıq olanları maddi çətinlikdəndir. Bundan əlavə, sosial problemlər, banklara olan borc, psixoloji zəiflik, depressiyalar, özünün və ya yaxınlarının ağır xəstəliyi, ətraf tərəfindən alçaldılma, bəzən isə qarşılıqsız sevgi göstərilir.

Azərbaycanda intiharların ardı-arası kəsilmir. Bu bəla son illərin qorxulu kabusuna çevrilib. Maraqlıdır ki, son vaxtların statistikasına nəzər salanda məlum olur ki, intihar hadisələrinin qəhrəmanları 30 yaşdan yuxarıdır. Görünür, özlərini bu həyatdan məhrum edənlər bəlli bir yaşda olsalar da, canlarına qıymaq üçün tutarlı səbəbləri olur.  Mümkün deyil ki, intihar edən şəxslər səbəbləri  və problemləri ilə doğmalarını, yaxınlarını az da olsa, xəbərdar etməsinlər. Amma onların haqlı narahatlıqlarının sonda ölümlə bitəcəyini düşünmək də bir qədər çətindir.

İntihar edənlərin 80%-dən çoxu həyatdan köçmək istəmələri barədə öncədən kifayət qədər xəbərdarlıqlar edirlər. Amma bu anda həmin şəxsin fikirləri, sözləri yaxınları və ya ətrafında olanlar tərəfindən ciddiyə alınmır. Halbuki şəxs həmin vaxt artıq intihar astanasındadır və durumu affektdir. Araşdırmalara görə aprel ayının ilk 5 günlüyündə  ölkədə 11 intihar hadisəsi qeydə alınıb. İntiharlar nəticəsində 3 nəfər sağ qalıb, 8 nəfər ölüb. İntihar edənlər arasında müxtəlif yaş qruplarına aid, hətta ziyalı şəxslər var.

Ümumiyyətlə, rəsmi statistika ölkədə baş verən intihar hadisələrinin sayını az göstərir.  Baş verən özünəqəsd faktlarının heç də hamısı rəsmi statistikaya düşmür. 

Maraqlıdır,  hazırda baş verən intiharları yaz depressiyası kimi qiymətləndirmək olarmı?

Psixoloq Fərqanə Mehmanqızı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, intiharlar insanların psixologiyası ilə bağlı olan məsələdir:

“İntiharlar həm də geniş və xırda detallara söykənən bir haldır. Düşünmürəm ki, bu  yaz depressiyası ilə bağlıdır. Deyərdim ki, intihar xroniki depressiyanın ağırlaşmış formasıdır. Əslində intihar edən şəxslər xırda problemlərlə bağlı yaxın ətrafa məumat verir. Amma ətraf qəbul etmir deyə onlar intihar edir. Ümumiyyətlə, intiharlara fəsil dəyişikliyinin ciddi təsirini  qəbul etmirəm. İntiharın yaş və ağılla heç bir əlaqəsi yoxdur. Xüsusilə  də ağılla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, yeniyetməlik dövründə və müəyyən yaş böhranı ilə əlaqəsi ola bilər. İntiharın əsas səbəblərindən  biri  özünütəsdiqlə bağlıdır.  Yəni insan özünü cəmiyyətdə yetərincə təsdiq edə bilmir və intihar fikrinə düşür”.

Psixoloq onu da əlavə edib ki, özünütəsdiq insan xarakterindən asılı deyil:

“İnsan üçün önəmli olan ətrafın diqqəti və sevgisidir. Bu zaman insan özünü lazımlı hiss edir. Bu bir qədər də keçmişə gedir. Valideyn diqqəti və sevgisi ilə böyüyən ailələrdə intihar faktları həddindən artıq çox az olur. Bunların hamısı həyat düzəninə  söykənir. Həyat düzənini  isə yaxınlar, əsasən ailə üzvləri müəyyən edir. Əsas olan təməl nöqtələridir”.

Alçina Amilqızı

Tarix: 8-04-2018, 15:05
Xəbəri paylaş





Xəbər lenti