“AŞIQ OLUB TƏRKİ VƏTƏN OLANIN, ƏZƏL BAŞDAN PÜR KAMALI GƏRƏKDİR”!!!



Sərdar ƏLİBƏYLİ

“EL İÇİNDƏ PAK OTURA, PAK DURA, 

DALISINCA XOŞ SƏDALI GƏRƏKDİR ” !!!

Bir neçə gün öncəsində Əməkdar artist Aybəniz Haşımovanın prezidentə “Sosial şəbəkələr və xəbər portalları qapadılsın” – deyə müraciətini oxuyanda bir xeyli təəccüblənmişdim. Aybəniz Haşımovanın belə bir müraciətə niyə imza atmasına, ha fikirləşdimsə bir anlam verə bilmədim. Açığı, bu xanım müğənniyə istər sənət adamı, istərsə də musiqi mədəniyyətimizin ənənələrinə, yaxşı mənada, bağlı bir xanım kimi hər zaman xüsusi hörmətim olub. Ayrıca, onun adının üstündə şəhid ünvanının olması da hər kəsi, Aybəniz xanıma qarşı, hamıdan fərqli münasibətlə yanaşmağa mükəlləf qılır…

Bu gün təsadüfən rastladğım bir statusu oxuyandan sonra  Aybəniz Haşımovanın məlum müraciətinin səbəbini anladm. Sən demə, Aybəniz xanımın qızı Aynişan, erməni müğənni ilə şəkil çəkdirib və bu şəkil də sosial şəbəkələrə düşüb, ordan da çeşidli portalların səhifələrində xəbər olaraq yayınlanıb. Əslində kimin harada kiminlə şəkil çəkdirmək haqqına müdaxil olmaq, kimsənin bu hərəkətini sorğulamaq nə mənim həddimdi, nə də buna xüsusi olaraq həssaslıq göstərirəm. Hər kəsin kəndi biləcəyi işlərdi bunlar. Demək istədiyim də bu deyil…

Bu arada, Aynişanın lap körpə vaxtlarını xatırlayram. Əvvəllər işlədiyim qəzetlərdən birinin redaksiyasında Aybəniz xanımla birgə tez-tez qonaq olardlar. Amma o daha uşaq deyil, həm də indi,  doğru-yanlış bilməm, anasının yolunda yürüyərək müğənnilik sənətinin pillələrində yüksəlmək niyyətindədir. Olsun, yolları açıq və aydınlıq olsun. Bununla belə, Aynişan artıq bir şəhid balası, həm də o şəhidin qız balası olduğunu anlayacaq yaşdadır. Bu mənada, xüsusilə də sənət yollarında rastlaşacağı sürpriz anların, naxoş məqamların da ola biləcəyinin fərqində olmalıdır. Ən kritik anlarda və zamanlarda bunu unutmaması gərəkən bir vəziyyətdir bu və özünü də ona uyğun aparmaq zorumluluğu var onun. Burası da özünün biləcəyi məsələdir və demək istədiyim bu da deyil…

Bütün bu oub-bitənlərin fonunda anlaya bilmədiyim başqa bir məsələ var. Demək, şəhid qızı olan biri, gedib ermənilərlə, bir az da namünasib pozada şəkil çəkdirirsə, bu ayıb sayılmır, amma bu şəkillərin internetdə yayılması ayıb olur, eləmi? Və bu olar-olmazların günahkarları da sosial şəbəkələr və xəbər portalları hesab olunurmuş. Bir az üzərində düşünməli məsələdir bu. Demək, belə çıxır ki, sosial şəbəkələr və xəbər portalları olmasa, şəhidin qızı bu cür naxoş əməllərdə buluna bilərmiş. Əslində şəhid atasınn xatirəsinə hörmət etmək, ilk növbədə bu qızcığazın borcu deyilmi? Ya da, erməni müğənni ilə şəkli çəkdirmək belə vacibdirsə, bir kəlmə onu da demək olar ki, müğənnilik sənəti belə şeyləri məqbul və məcbur qılır və bundan da heç bir əndişələri yoxdur…

Nə isə, bu qədəri ilə yetinmək və sadəcə bir uyarıda bulunmaqdı istəyim. Adamların öz gözlərində tiri qoyub, başqalarnın gözlərində tük axtarmq şakərindən bir an öncə çəkinmələri lazımdır. Hələ hirsini-hikkəsini yenə bilməyib, var olan bir faktı, olmuş bir hadisəni xəbər yapan internet resurslarının qapadılması tələbi ilə ortaya çıxmaq da nə demək olur? Bəzi ağıllılar da durub ağıl verməyə, “şəhid əmanəti-filan” kimi pafoslu ibarələrlə daşımağa cəhd edirlər. Şəhidin yeri məmləkətin də, millətin də bağrının başı, başının üstüdür. Amma onun bioloji yaxınları bunun fərqində ola bilmirlərsə, burda vəziyyət dəyişər və cəmiyyətin zorla kimsəni buna məcbur etmək kimi bir mükəlləfliyi  yoxdur, olmamalıdır. Və bu məsələnin də şəhidə dəxli qalmaz artıq. Dediyim kimi, kiminlə oturub-durmaq, kimlə şəkil çəkdirmək, kimlərlə yemək yemək, kiminlə küçədə-bayırda dolaşmaq hər kəsin kəndi biləcəyi işdir və tanınmış şəxslərin, məşhur sənətçilərin bu mənada ödəməli olduğu bədəllər də var ki, onlar buna qatlaşmaq zorundadırlar. Burda xüsusi qərəz, kin-küdurət filan da axtarmaq yanlış bir şeydir. Əgər Aynişan özü belə bir addım atmaqda sakınca görməyibsə, onu nə mühakimə, nə də müdafiə etmək bizə düşməz, dostlar. Amma olmuş bir olayın xəbər yapımasını da nə Aybəniz Haşımovanın, nə də onun müraciətdə bulunduğu prezidentin yasaqlamaq haqqı və hüququ var…  

Bu arada, özlərini “şəhid əmanətləri”nin vəkilləri konumunda görənlərə də bir çift sözüm olacaq, buyurun, deyin görək, dilənən şəhid analarının, daxmalarda yaşayan şəhid ailələrinin haqqında niyə sözünüz eşidilmir, səsiniz duyulmur? Oysa, mən onlardan bir neçəsinin fotolarını təqdim edirəm, buyurun söz sizindir, deyəcəkləriniz varsa deyin. Zira onlar da, təbirinizcə desək, birər  “şəhid əmanətidir”. Yoxsa, birini, sadəcə, Aybəniz Haşımovanın qızıdır deyə, müdafiədə bulunmaqla, qaş düzəldirkən göz çıxarmqdan da çəkinin,  lütfən.

Dədə Ələsgər necə demişdi:

“Aşıq olub tərki-vətən olanın

Əzəl başdan pür kamalı gərəkdir.

Oturub-durmaqla ədəbin bilə,

Mərifət elmindən dolu gərəkdir.

Xalqa həqiqətdən mətləb qandıra,

Şeytanı öldürə, nəfsin yandıra.

El içində pak otura, pak dura,

Dalısınca xoş sədalı gərəkdir…

—————————————————————————————————————–

 

Tarix: 15-04-2018, 17:29
Xəbəri paylaş





Xəbər lenti