Cümşüd Nuriyev: "Dünən Astara gömrükxanasına basqın olub..."


Rəhim Qazıyev:”…Rus generalları içərisində bizə səmimiyyətlə kömək etmək istəyənlər var...”




...26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər.

Həmin günlər ölkənin siyasi  idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi.  Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü hələ də qoruyub saxlayır...

1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmiş  deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında 1992-ci il martın 3-dən  mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyi  bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırırıq.

(Ali Sovetin 1992-ci il aprelin 8-də   keçirilmiş iclası. Davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: http://www.moderator.az/news/220977.html)

“...Tofiq Köçərlinin  Qarabağ haqqındakı çıxışına o qədər də əhəmiyyət verməyən Ziyad Səmədzadə birbaşa əsas məqsədə keçdi və dedi ki, Azərbaycan Respublikasında müdafiə işinin təşkili sahəsində əlavə tədbirlər haqda qanun layihəsi verilmişdir. “Burada nəzərdə tutulur ki, respublika müdafiə sənaeyesinə aid istehsal sahələri və Sərhəd Mühafizə Komitəsi Müdafiə Nazirliyinin tabeliyinə verilsin...” 

Hərbçilərin təklifini nəzərə alaraq həmin gün sənədləri təsdiq eləmək təklifi irəli sürüldü. Lakin başqa fikirlər də deyildi.

Deputat Cümşüd Nuriyev (1992-ci ildə Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini olub-S.L.)  söz alaraq dedi ki, srağagün və dünən Astara gömrükxanasına basqın olub. 

“...Orada bizim işçiləri döyüblər, qumbara atıblar, təhqir ediblər. Əsas səbəb ondan ibarətdir ki, biz onları Milli Şurada tənqid etmişik. Rəsmi olaraq bu gündən biz Astara gömrük xəstəxanasının fəaliyyətini dayandırmışıq. Bilirik ki, bu, respublikada  gərginliyə səbəb olacaq. Hüquq-mühafizə orqanları oranın mühafizəsini təmin etməlidirlər. Əks  təqdirdə bizim hərbçilərə gücümüz çatmır...”

Müdafiə naziri Rəhim Qazıyev göstərdi ki, nazirlik 7 aydır fəaliyyət göstərir. Ordunun nə Nizamnaməsi var, nə hüquqi statusu var. Silahları hər tərəfdə, kim necə istəyib elə də verib. Bu günə kimi  nazirliyin silahlanma idarəsi verilən silahların siyahısını mənə təqdim edə bilmir. Onlar da bilmirlər, silahlar kimdədir. Gedən gündən silahları siyahısı barədə göstəriş vermişəm, fırlada-fırlada dururlar. Vəziyyətin ağırlığı rayonlarda komendantlıqların yaradılmasını, oraya komendant göndərilməsini tələb edir. İndidən yenə bəzi icra başçıları və hörmətli rayon rəhbərləri zəng edirlər ki, biz özümüz,  filankəsi seçmişik ki, bizə komendant olsun. Heç vaxt rayonun  özündən komendant ola bilməz. İstefada olan generallarımızn  içərisində savadlı adamlar da var. Strukturun qurulmasında, yenidən təşkil olunmasında, istər milli kadrlarımız, istər rus generalları içərisində bizə səmimiyyətlə kömək etmək istəyən adamlar var. Müdafiə Nazirliyinin aparatı bu saat, bilmirəm, kimə xidmət edir? Amma Azərbaycana xidmət etmir. Bu belədir, mən sizə şikayət edib, vəziyyətin ağırlığından qaçmaq və hay-küy salmaqdan ötrü gəlməmişəm, sadəcə, vəziyyəti sizə çatdırıram...

İkincisi, hərbi sənaye kompleksi adlanan bir şey hökmən ilk bir ildə, il yarımda olmalıdır, özü  də Müdafiə Nazirliyinin nəzdində. Sizə, sadəcə,bir detal deyim. Bir vərəqdən ibarət çox məxfi bir sənədi Nazirlər Kabinetinə göndərmişik ki, bu barədə fikrinizi bildirin. Onun heç üzünü də çıxarmaq olmazdı. Ancaq o qədər özlərini itiriblər ki, əslini yox, surətini bizə göndəriblər.  Bilirsiniz, bu informasiyanın yayılmasına və kağızlarımızın dünyanın hər yerinə gedib çıxmasına səbəb olur. Bizdə normadan 5 dəfə artıq sursat istifadə olunmasına baxmayaraq lazımi nəticə əldə olunmamışdır...”

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 134-135)

(Davamı var)

Təqdim etdi: Sultan Laçın
Tarix: 16-04-2018, 22:46
Xəbəri paylaş





Xəbər lenti