Polis rəisinin müavini deputat bacısına qarşı– SONA ƏLİYEVA SUSQUNLUĞUNU POZDU




 

Milli Məclisin Şəmkirdən seçilən deputatı Sona Əliyeva növbəti dəfə anasının ittihamları ilə üzləşib. Xatırladaq ki, hələ bir neçə ay əvvəl millət vəkilinin anası Bəsirə Əliyeva həyat yoldaşının ölümündən sonra qızının guya onların əmlakını ələ keçirməsi barədə iddialar irəli sürmüşdü.

Bu iddialara cavab olaraq isə Sona Əliyeva atasının ona miras qoyduğu əmlakdan imtina edərək, anasına və qardaşlarına bağışlamışdı.

Ancaq deputatın öz şəxsi əmlakından imtinası ona qarşı çıxan bəzi ailə üzvlərini yenə də dayandırmadı.

Gununsesi.info-nun Sona Əliyeva ətrafında apardığı qısa araşdırmada bir sıra məqamlar üzə çıxıb. Saytımızın araşdırmasına görə, millət vəkilinə qarşı aparılan bu kampaniyanın arxasında onun Gəncə Şəhər Kəpəz Rayon Polis Şöbəsinin rəis müavini işləyən qardaşı Adil Əliyev dayanır.

Bu araşdırmanı təqdim etməzdən əvvəl millət vəkilinin özünün mövqeyi ilə tanış olaq.

Aylardır ki, şəxsi həyatlarında baş verən bu durumun ictimailəşməməsi üçün susan və halal haqqından imtina edən xanım deputat bu dəfə sükutu pozdu.

Ölkə KİV-ləri üçün müracətində Sona Əliyeva bildirib ki, ailə üzvlərinin mediaya verdiyi açiqlamalarda şər və böhtana məruz qalmağıma baxmayaraq, susmağı, pis və ya yaxşı o ailənin bir parçası olduğumu qəbul edib: “Ailəmi mediada müzakirə mövzusuna çevirməməyi qərara aldım. Ailə dəyərlərinə və atamın ruhuna hörmətlə yanaşaraq susmağın artıq məni uçuruma apardığını, sağlamlığımı, karyeramı və ailə münasibətlərimi riskə atdığını görərək, sükutumu pozmaq məcburiyyətində qaldım.

Bu gün mən sadəcə son günlərinə qədər atamın qulluğunda durmağımın, böyük qardaşımın da təsisçi olmağına baxmayaraq, təsisçilərdən biri kimi, müəssisənin bütün hüquqi məsələlərini həll etməyimin “günahını” yaşayıram. Atamın verdiyi qərarın ailə üzvlərimin xoşuna gəlməyəcəyini bilsəm də, onun son arzusuna “yox” deyə bilmədim…

Bildirmək istəyirəm ki, atamın vəfatından sonra ailə üzvlərimiz arasında mirasla bağlı gərginlik yaşanmış, atamın vəsiyyəti və göstərişi ilə özünün müəssisəyə təyin etdiyi hüquqşünas tərəfindən mülkiyyətin üç övlad arasında ədalətli şəkildə bölünməsi ilə bağlı aparılan işlər dayandırılmışdır. Atamın arzusunun yerinə gətirilməsini istədiyimi dəfələrlə dilə gətirməyimə baxmayaraq, daha sonra ailə üzvlərim mərhum atamdan miras qalan əmlakdan və mülkiyyətdən imtina etməyəcəyim təqdirdə məni və övladlarımı öldürməklə təhdid etmiş, həyat yoldaşım və digər ailə üzvlərimi təhqir edərək, ölkə mediasında biabır olunacağım haqqında təhdid və şantajlar səsləndirib. Son olaraq fevral ayının yeddisində qardaşlarımın iş birliyi ilə ölkə mediasında haqqımda yalan və böhtan yazılar dərc etdirərək, məni şantaj edərək psixoloji təyziq altında ata mirasından notarial qaydada imtina etməyə məcbur ediblər. Məsələnin böyüməsinin və ailə məsələlərimizin medianın müzakirə mövzusuna çevrilməməsi üçün, mərhum atamdan qalan əmlakdan və müəssisədə olan 50% təsisçi payından imtina etmiş, atam tərəfindən mənə bağışlanan mersedes markalı maşını onların təkidi ilə əmim oğlunun adına rəsmiləşdirmişəm. Buna baxmayaraq, qardaşlarım mənə “dərs” verdiklərini qeyd edərək, xəbərin media orqanlarından götürməyəcəklərini bildirmiş və beləcə üzücü hadisələr xəbər olaraq saytların manşetinə çevrilib.

Bu gün də eyni qaydada iqtidar partiyanın və Milli Məclisin üzvü olaraq haqqımda yayılan xəbərlərin təmsil etdiyim qurumların adına və mənim şəxsiyyətimə xələl gətirməməsi baxımından mənim üçün nə qədər çətin olsa da həqiqətləri söyləmək məcburiyyətində qaldım. Burdan bəzi media orqanlarına isə xahiş etmək istəyirəm: bir məsələni araşdırmamış, həqiqətləri anlamamış insanların ləyaqət və şərəfinə toxunmayın. Mən ictimai xadim olmaqdan əlavə bir insanam, bir qadınam, bir anayam! Mənim 17 və 16 yaşlarında qızlarım və yeniyetmə oğlum var. Siz, bir də bu talehsiz hadisələrə bizim tərəfimizdən, mənim, ailəmin övladlarımın keçirdiyi ağır psixoloji travma baxımından baxın! Anlamağa çalışın, ədalətli olmağa çalışın, xəbər xatirinə insanların həyatını, karyerasını heçə saymayın, kimlərinsə əlində alətə çevrilməyin. Vicdanınıza və həqiqətə arxa olun!

Bu gün artıq bütün üzücü hadisələrin media orqanlarında yerli-yersiz müzakirə obyektinə çevrilməyindənsə, hüquq- mühafizə orqanları tərəfindən araşdırlmasını, məsələyə hüquqi qiymət verilməsini arzu edərdim, çünki, kifayət qədər səbr və susqunluq göstərməyimə baxmayaraq başqa çarəm qalmır… İyirmi birinci əsrdə yaşadığımız halda qadın olduğum üçün qardaşlarım da olsa, kişilər tərəfindən təyziq və təhdidlərə məruz qaldığıım bu cəmiyyətdə medianın başıma gələnləri üzvü olduğum partiyanın və qurumun imiicini korlamaq üçün alətə çevirməyinə də ayrıca təssüflənirəm”.

Qeyd etdiyimiz kimi araşdırmamızda bu prosesin başında polis rəisinin müavini vəzifəsini daşıyan Adil Əliyev dayandığı üzə çıxıb.

İlk olaraq, qeyd edək ki, polisdə yüksək vəzifə tutan şəxsin qanunvericiliklə hanısısa biznes strukturunda təmsilçiliyi qadağandır.

İkincisi, Adil Əliyev bacısına qarşı mübarizəni özünün rəis müavini olduğu Kəpəz rayonu məhkəməsində aparması suallar doğurur.

Bundan başqa anasını qabağa verən Adil Əliyev nədən dələduzluq olayı olubsa, onu gizlədib. Axı, hüquq-mühafizə orqanı əməkdaşı bu kimi hallara qarşı prinsipial olmalıdır. Niyə, müvafiq orqanlara deyil, mediaya üz tutulur? Səbəb bəllidir. Sona Əliyevanın ictimai statusuna xələl gətirmək. Göründüyü kimi bir qardaş bacısı üçün bunları edirsə, o vətəndaşlara xidmətdə hansı yolu tutur, bu, sual yaradır.

Bu və ya digər suallara aydınlıq gətirmək üçün elə Adil Əliyevin özü ilə əlaqə saxladıq. Suallarımızı dinləyən rəis müavini danışmaq imkanının olmadığını deyərək, daha sonra aramağımızı istədi. Ancaq gün ərzində cəhdlərimizə baxmayaraq, Adil Əliyevdən suallarımıza cavab ala bilmədik.

P.S. Polisdə yüksək vəzifə tutan Adil Əliyevin Dağıstandan diplom alması barədə araşdırmamız başa çatdıqdan sonra oxuculara təqdim edəcəyik.

Tarix: 18-04-2018, 09:33
Xəbəri paylaş





Xəbər lenti