Kriminal aləmin "Astaralı Fuad"ı şikayətçidir -MƏHKƏMƏ quruldu


Kriminal aləmin "Astaralı Fuad"ı şikayətçidir
Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov ( "Astaralı Fuad"), Samir Allahyarov ("Ay qam" ) və digərləri barələrində olan hökmdən verilən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra apellyasiya şikayətləri və prokurorluq tərəfindən verilən protestin dəlilləri elan edilib.

Məhkəmə baxışı mayın 8-ə təyin edilib.

Qeyd edək ki, hadisə 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı “Astaralı Fuad” və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov(Ay qam) 10 il, Fuad Əsgərov( Astaralı Fuad) 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib.
 
Tarix: 24-04-2018, 22:05
Xəbəri paylaş





Xəbər lenti