Hadı Rəcəbli hansı qruplaşmadadı?
Deputat Hadı Rəcəbli Novruz Məmmədovun Baş nazir təyin olunmasını şərh edərkən yenə “quş” buraxdı. Millət vəkili prezidentin ona etimad göstərməsini qruplaşma ilə əlaqələndirdi

FİA.Az xatırladır ki, 
H.Rəcəbli N.Məmmədovun heç bir qruplaşmada olmadığına diqqət çəkdi.

Bununla da “qaş düzəldən yerdə vurub göz çıxaran” deputat hakimiyyət daxilində qruplaşmalar, klanlar olduğunu təsdiqlədi.

Görəsən, özü hansı qruplaşmaya daxildir? H.Rəcəbli sanki söz verib ki, hər açıqlamasında səhv buraxsın.

Başqalarının qruplaşmada olduğunu deməyə çalışaraq N.Məmmədovun neytral mövqedə dayandığını söyləməsi yuxarılarda birmənalı qarşılanmayıb.

H.Rəcəbli bütün limitlərini xərcləməkdədir. Onsuz da növbəti dəfə deputat olmayacağını bilən millət vəkili qalmaqallı çıxışlarla gündəmdə qalmaqdadır.

Hakimiyyət daxilində qruplaşma maraqlarının olması haqda zaman-zaman yazılıb. Mətbuatda müxtəlif klanların olması haqda təhlillər yazılıb. Ancaq heç bir məmur, deputat belə söz dilə gətirməyib.

H.Rəcəbli isə guya N.Məmmədovu tərifləmək istəyib. Əvəzində hakimiyyətə ilişib. Deputat Hadı Rəcəblinin çıxışları prezidentin də səbrini daşırıb
Millət vəkili qırmızı xətləri aşaraq hakimiyyətlə xalq arasındakı körpüləri yandırır.

Və bu o zamana təsadüf edir ki, iqtidar xalqın həssaslığına əhəmiyyət verir: seçkilər, xarici təhlükə, Avropadakı kampaniya…

H.Rəcəbli isə kursdan kənar açıqlamaları ilə xalqın əsəblərini tarıma çəkir. Yetər. Bəsdir. Dəfələrlə Prezident Administrasiyasından çıxışlarına görə xəbərdarlıq alır.

Fəqət susmur və yeri gəldi-gəlmədi cəmiyyətin etiraz hissini körükləyən sözlər dilə gətirir. Bu, onun üçün sondur. H.Rəcəblinin 2020 parlament seçkilərində iştirakı yasaqlanacaq. Səbəbləri var…

FİA.Az xəbər verir ki, Hadı müəllim bir zamanlar müəllimlərlə bağlı da açıqlama verərək bildirmişdi ki, getsinlər fəhlə işləsinlər, palçıq qatıb ustalıq etsinlər.

Özünün imkanları genişdir, yaxşı istirahət mərkəzləri var, layihələr həyata keçirir, kefi də kökdür.

Qarabağ əlili isə Azərbaycanda minimum yaşayış həddi, aşağı pensiya ilə zülmlə-zillətlə yaşayır. Hadı Rəcəblinin belə açıqlama verməsi doğru deyil, yanlış bir yanaşmadır.

Sanki bu adam qazilərin və ya sosial qayğıya ehtiyacı olan digər təbəqələrin durumunu daha da acınacaqlı hala gətirmək, hətta onların sinir sistemini korlamağı qarşısına məqsəd qoyub.

Hadı Rəcəblinin nə özünün, nə də ailə üzvlərinin kasıbçılıqdan və əlillikdən xəbəri var. Ayda 100-150 manata möhtac qalmağın nə demək olduğunu bilmirlər hələ. Allah başlarına gətirsin, görsünlər ki, əlillərin narazılığı necə olur!

Hadı bəyin çıxışları, səsləndirdiyi bəyanatlar yumşaq desək, belə təsəvvür yaradır - o, Azərbaycan cəmiyyətinin maraqlarına cavab verməyən çalışmalarından əl götürməyib.

Əksinə, fəaliyyətinin antixalq mahiyyət və miqyasını bir qədər də genişləndirib. Ümumiyyətlə, H.Rəcəbli həqiqəti çox nadir hallarda söyləyən deputatlardan biridir.

Onun çıxışları, ölkənin sosial-iqtisadi vəziyyəti barədə söyədikləri qatı açılmamış yalanlardan ibarətdir.

Sadəcə, cəmiyyət imkanlı adamlara yox, onun haqqını tapdayan, rüşvətlə, paketlə lüks həyat yaşayan məmurlara düşmən kimi baxır. H.Rəcəbli isə bəsirət gözlərini bağlayaraq bu həqiqəti ayırd eləmir.

Cəmiyyət tələb edir ki, onun sosial rifahı yüksəlməlidir, Avropada pensiyaçılar hər il kurorta gedirlər, bizimkilər də getməlidir.

Aztəminatlı ailələrin vəziyyəti yaxşılaşmalıdır, şəhid ailələri, əlillər, köçkünlər sosial təbəqələşməni hiss etməməlidirlər.

H.Rəcəbli isə deyir ki, hər il Yessentukiyə gedir. Axı kreditini ödəyə bilməyən, kommunal borcunu verə bilməyən, işıq puluna görə Ağsuda intihar edən minlərlə belə insan var?! Onlar məmurlara düşmən kimi yoxsa dost kimi baxmalıdır?


Fia.Az