Hüseyn Abdullayevi himayə edən GİZLİ GÜC - İttiham aktını tərtib edənlər "Quska"nın siyasi məhbus statusu almasına zəmin yaradıb




  • /

Hüseyn Abdullayevi himayə edən GİZLİ GÜC - İttiham aktını tərtib edənlər "Quska"nın siyasi məhbus statusu almasına zəmin yaradıb




Xəbər verdiyimiz kimi, keçmiş deputat və biznesmen, bir neçə ildir ki, Almaniyada yaşayan "Quska" ləqəbli Hüseyn Abdullayev aprelin 21-də Türkiyədə "İnterpol" xətti ilə saxlanılıb və aprelin 22-də təyyarə ilə Azərbaycana gətirilərək istintaqa təhvil verilib. Bundan bir qədər sonra isə Baş Prokurorluq, Vergilər və Daxili İşlər nazirlikləri Hüseyn Abdullayevin həbsi ilə bağlı birgə məlumat yayıb.

Həmin məlumatda bildirilir ki, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində "Araz İNC" MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə "İnterpol" xətti ilə beynəlxalq axtarış elan olunub. 3 oktyabr 2016-cı il tarixdə Hüseyn Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

Qeyd olunur ki, cinayət işi üzrə Hüseyn Abdullayev özünün seçdiyi müdafiəçinin iştirakı ilə dindirilib və Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib. Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə Hüseyn Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi "Araz-İnşaat" ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də Hüseyn Abdullayevin dəfələrlə Namiq Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan "Autist Uşaqların Reablitasiyasına Kömək" İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.

Beləliklə, Baş Prokurorluq, Vergilər və Daxili İşlər nazirliklərinin "Quska" ilə bağlı yaydığı rəsmi məlumatı diqqətlə incələdikdə bir sıra maraqlı məqamlar ortaya çıxır. Məsələn, istintaq orqanı iddia edir ki, Hüseyn Abdullayevin rəhbərlik etdiyi "Araz İNC" MMC xüsusi razılıq (lisenziya) tələb olunduğu halda razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə edib və bununla da qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bu isə heç də inandırıcı görünmür. Niyəsini izah etməzdən öncə qeyd etmək istərdik ki, bu yazını yazmaqda, bir vaxtlar başında durduğu silahlı "qoçu" dəstəsi ilə mitinqlərdə müxalif düşüncəli insanlara qan udduran Hüseyn Abdullayevi müdafiə etmək məqsədimiz yoxdur. Bizi narahat edən odur ki, ittiham aktını tərtib edənlər ya bilərəkdən, ya da savadsızlıq ucbatından gələcəkdə "Quska"nın siyasi məhbus və ya vicdan məhbusu statusu almasına zəmin yaradıb. Yəni ona qarşı irəli sürülən ittihamda hüquqi cəhətdən yetərincə əsaslandırılmış məqamların olmaması Hüseyn Abdullayevin Avropa Məhkəməsinə müraciət etməsinə və sonda müsbət cavab almasına səbəb olacaq. Belə ki, hər kəsə məlumdur ki, istər Bakıda, istərsə də ölkənin digər şəhər və rayonlarında daşı-daş üstünə qoymaq icra hakimiyyətlərinin, o cümlən digər qurumların icazəsi olmadan mümkün deyil. Məsələn, adi bir ev və ya kiçik dükan tikərkən belə, sahə müvəkkili, bələdiyyə, mənzil istismar sahəsi, icra hakimiyyətinin əməkdaşları dərhal gəlib "xeyir-dua" vermək üçün "ənam" tələb edirlər. İndi özünüz fikirləşin, necə ola bilər ki, nəhəng tikinti-quraşdırma işləri ilə məşğul olan "Araz İNC" MMC xüsusi razılıq (lisenziya) almadan fəaliyyətini davam etdirsin? Təbii ki, bu, mümkün deyil. Çünki bu və digər şirkət hər hansı tikinti işinə start verməmişdən öncə Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, hətta "Azəriqaz", "Azərişıq", "Azərsu" və digər qurumlardan icazə alır. Bunu necə və nəyin müqabilində aldığı da hamıya bəllidir. Odur ki, bunu nəzərə alaraq "Quska"nın rəhbərlik etdiyi MMC-nin lisenziya olmadan tikinti-quraşdırma işləri, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu iddia etmək ağlabatan deyil. Çünki bu halda keçmiş Bakı meri, hazırda isə baş nazirin müavini vəzifəsini daşıyan Hacıbala Abutalıbov, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, "Azəriqaz", "Azərişıq", "Azərsu" və bu illər ərzində "Araz İNC" MMC-nin apardığı tikinti işlərinə göz yuman digər qurumların yetkili şəxsləri də "Quska" ilə bərabər ittiham olunmalıdır. Ədalətli mühakimə məhz bunu tələb edir.

Keçək digər məsələyə. İstintaq orqanı iddia edir ki, Hüseyn Abdullayev dəfələrlə Namiq Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan "Autist Uşaqların Reablitasiyasına Kömək" İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb edib. Bax, bu isə lap gülünc oldu. Əvvəla, ona görə ki, barəsində cinayət işinin açıldığını bilən, deputat mandatı əlindən alındıqdan sonra hakimiyyətlə münasibətləri korlanan, telefon zənglərinin dinlənildiyini ehtimal edən Hüseyn Abdullayevin şəxsən özünün kiməsə telefon açıb təhdid edəcəyi heç cür inandırıcı deyil. Onun hələ də Bakıda yetərincə adamı, daha dəqiq desək, "qoçu dəstəsi"nin üzvlərinin olduğunu nəzərə aldıqda isə bu barədə deyilənlər olduqca bəsit görünür. Bundan başqa, "Autist Uşaqların Reablitasiyasına Kömək" İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edib, ona hədə-qorxu gəlmək yolu ilə 2 dəfə artıq icarə haqqını tələb etməyə nə lüzum var? Bunun ən bəsit yolu vəkil vasitəsi ilə məhkəməyə müraciət edib müqavilənin ləğvinə nail olmaqdır. Əminliklə demək olar ki, "Quska" kimi birisi əlavə problemlərlə üzləşməmək, özünü məsuliyyətdən kənarda saxlamaq naminə məhz bu yolu seçərdi.

Görünən odur ki, bütün bunlar, yəni Hüseyn Abdullayevlə bağlı yayılan məlumatda qeyd olunan kobud səhvlərlə dolu nüanslar sonda həm istintaq orqanını, həm də məhkəməni çıxılmaz vəziyyətə salacaq, "Quska"nın isə siyasi məhbus və ya vicdan məhbusu statusu almasına şərait yaradacaq. Hər şey istintaqdan başlayır. Yəni istintaq zamanı buraxılan nöqsanlar məhkəmə prosesində daha da dərinləşərək idarəolunmaz həddə çata, sonda ədalətsiz qərarın qəbuluna yol aça bilər. Bunu bir binaya bənzədin. Əgər təməl əyri qurularsa, o zaman binanın birinci mərtəbəsindən sonunadək həmin əyrilik daha da qabarıq formada davam edəcək. Odur ki, istintaqın ittihamı ölçüb-biçib, hər bir məqamı nəzərə almadan tərtib etməsi nəticə etibarı ilə məhkəmənin də işini çətinləşdirəcək. Düzdür, hakim istəsə istintaqın yol verdiyi möqsanları aradan qaldıra bilər. Lakin bu halda onun özü müəyyən müddət sonra müttəhimlər kürsüsündə əyləşə bilər. Bu səbəbdən də hakim də təməldən qurulan əyriliyi davam etmək məcburiyyətində qalacaq. Məhz bu kimi hallar, yəni istintaq orqanlarının və məhkəmələrin səriştəsiz iş aparması nəticəsində isə həqiqətən cinayət törətmiş insanlar belə, sonda siyasi məhbus statusuna yiyələnə bilir. Odur ki, əgər "Quska" bu cür kobud nöqsanlarla tərtib olunmuş ittihamlarla məhkəməyə gedərsə, onun sonda Avropa Məhkəməsindən siyasi məhbus və ya vicdan məhbusu statusu alacağına heç bir şübhə yeri qalmır. Kim bilir, bəlkə də kimlərsə bu məsələdə Hüseyn Abdullayevə yardım əlini uzadıb?..

"Hürriyyət"in Araşdırma Qrupu

Tarix: 28-04-2018, 23:38
Xəbəri paylaş





Xəbər lenti