Abutalıbovsuz meriyada hansı məmurlar “tikan üstə oturub”?
Bakı Şəhər İcra Hakimiyyəti başçısı postu hələ də boşdur; Bu vəzifəyə kimin təyin olunacağı barədə müxtəlif versiyalar səslənir...

FİA.Az-ın əldə etdiyi məlumata görə,
yeni mer kim olacaqsa, komandanı yeniləyəcək. Hazırda kreslosu laxlayanlardan biri başçı müavini Fidumə Hüseynovadır.

Həmçinin, ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi müdiri Əli Əsgərov, şəhər təsərrüfatı və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdiri Xalid Ələkbərov, nəzarət şöbəsi müdiri Zülfəli İsmayılov vəzifəsindən azad oluna bilər.

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev də vəzifəsindən azad oluna bilər. Onsuz da başı üzərində “qara bulud”lar dolaşırdı.

Rafael Mehrəliyevin yeznəsi Eldar Şirinovun bir neçə tikinti şirkəti var. Hansı ki, həmin şirkətlər keçən ilədək Bakı şəhər İH-in tenderlərinin qalibləri olublar.

Əsas tikinti tenderləri Suraxanı rayonunda həyata keçərək məktəb və uşaq bağçalarının layihələri olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov həbs olunandan sonra ölkə mətbuatı Vidadi Zeynalovun Rafael Mehrəliyevin dayısı olduğundan çox yazıb.

Ancaq sayt bu şəxslərin qohumluq əlaqələrinə də aydınlıq gətirib. Belə ki, Rafael Mehrəliyevin qardaşı, Naftalan RPŞ-nin keçmiş rəisi Mübariz Mehrəliyev Vidadi Zeynalovun bacısı qızının həyat yoldaşıdır. Mübariz Mehrəliyevin qaynı Yaşar Bakı şəhər İH MKTD-nin 3 saylı xüsusi təyinatlı MKTB-nin rəisi vəzifəsində işləyib.

Vidadi Zeynalovun həbsindən üç gün sonra Yaşar Rafael Mehrəliyevin əmri ilə işdən azad olunub. Vidadi Zeynlovun Vahid adlı qardaşı MTN-in Tədris Mərkəzinin rəis əvəzi vəzifəsində işləyib.

Vahid Zeynalovun həyatda ən böyük arzusu MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsinə təsdiqlənərək general-mayor rütbəsi almaq olub. Ancaq onun da bu arzusu bəziləri kimi ürəyində qalıb.

Məlumatda bildirilir ki, Vahid Zeynalovun öz yaxın ətrafına dediyinə görə, onu yuxarıya çağırıb deyiblər ki, güya o Amerika yönümlü şəxs olduğu üçün rəis vəzifəsinə təsdiq ola bilməyəcək. Hətta Vidadi Zeynalovun həbsindən sonra Vahid Zeynalov MTN-dən xaric olunub.

FİA.Az xəbər verir ki, Abutalıbovdan sonra sözügedən məmurlar meriyada “tikan üstə oturublar”. Onlar bu gün – sabah sərəncamı gözləyirlər. Odur ki, çamadan ovqatına bürünüblər. Ən əsası da Mehrəliyev...

Yenicag.az-ın Türkiyədə apardığı araşdırmalar nəticəsində məlum olub ki,Vidadi Zeynalov və Mehrəliyev qardaşları Azərbaycanda taladıqları pulları gizli şəkildə ölkədən çıxarıblar.

Mübariz Mehrəliyev qardaşı üçün İstanulda böyük bir restoran, bir neçə bahalı ev və şirkəti üçün 2 mərtəbəli ofis alıb. Həmin ofisdə Rafael Mehrəliyevlə Vidadi Zeynalovun şərikli turizm şirkətinin fəaliyyət göstərəcəyi ehtimal olunur.

Həmçinin Azərbaycanın sərvətini talayaraq ölkədən çıxaran talançı qohumlar Bodrum və Antalya şəhərlərində torpaq sahəsi aldıqları və burada böyük bir istirahət kompleksi tikdirmək üçün işə başladıqları məlum olub.

Artıq hər iki şəhərdə tikinti işlərinə başlanılıb. Bundan başqa korrupsioner azərbaycanlı məmurların İstanbulun əh bahalı rayonlarından olan Beykozda və üçüncu boğaz körpüsü yaxınlığında böyük torpaq sahələri də aldıqları məlum olub.

Rafael Mehrəliyev MTN-nin həbsdə olan generalı Akif Çovdarov və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla sıx münasibətləri və işbirliyi olub. Çovdarov Rəfail Mehrəliyevin maliyyə imkanlarından yetərincə bəhrələnib.

Akif Çovdarov və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun həbsindən sonra onunla işbirliyində olan, bəzi müəmmalı məsələlərə dair tapşırıqlarını icra edən və bu yolla şəxsi maraqlarını təmin etməyə müvəffəq olan bir sıra vəzifə sahibləri yaman əndişələnməyə başlayıb.

Dayısı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və Akif Çovdarovun həbsindən sonra Rəfail Mehralıyev əməlli-başlı stres keçirib və indiyədək özünə gələ bilməyib.

Bu hadisələrdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfail Mehrəliyev mətbuatın diqqət mərkəzinə gəlib. Belə desək, Rafael Mehrəliyevin adının rabitə və MTN işində hallanması başına bəla olub.

Mehrəliyevin paytaxt meriyasında əsas gəlir sahələrindən birinə yiyələnməsini vaxtı ilə yaxın qohumu, Rabitə Nazirliyindəki sabiq aparat rəhbəri Vidadi Zeynalov təşkil etdirib.