Əli İnsanov, İlqar Məmmədov, Gözəl Bayramlı, Seymur Həzi və siyahı
28 mayda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı əfvin veriləcəyi deyilir

FİA.Az-a daxil olan məlumata görə,
sabiq səhiyyə naziri Əli İnsanov, REAL sədri İlqar Məmmədov, NİDA üzvü İlkin Rüstəmzadə, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Əfqan Muxtarlı, Seymur Həzi, Asif Yusifli azadlığa buraxıla bilər.

Həmçinin, Taleh Bağırzadə, Abgül Süleymanov, Mövsüm Səmədov kimi islamçı məhbuslar, OMON-çulardan Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov, icra başçısının oğlunu qətlə yetirməkdə ömürlük həbs almış Lamiyənin keçmiş nişanlısı Vüqar Əliyev də əfvə düşə bilər.

Bundan əlavə, Fikrət Fərəməzoğlu, Habil Vəliyev, Surxay Hüseynli, Əfqan Sadıqov və başqaları da əfv oluna bilər.

Gözləntilər ondan ibarətdir ki, Səid Dadaşbəyli və dəstəsi də azad oluna bilər.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev ayın sonuna qədər əfv sərəncamının veriləcəyini istisna etməyib: “İclaslarımız davam edir. Yaxın vaxtlarda başa çatacaq. Ümid edirəm ki, cənab prezident tərəfindən bu sərəncam imzalanacaq.

Bu, prezidentimizin konstitusion səlahiyyətidir. Əfvə düşənlər və bunların dairəsi cənab prezident tərəfindən müəyyən edilir. 10 mayda əfvin olmamasının əsas səbəbi komissiyanın iclaslarının davam etməsidir. Başqa bir səbəb yoxdur.

Müraciətlərə hərtərəfli baxılır, geniş araşdırmalar gedir. Ümid edirəm ki, bu ay əfv sərəncamı olacaq. ”Əfv sərəncamı haqqında" əsasnaməyə görə müraciətlərə baxılma müddəti var. Daxil olan müraciətə üç ay müddətində baxılmalıdır”.

Ə.Nuriyev Əfv sərəncamından sonra amnistiya aktının qəbul olunma ehtimallarını yüksək görmür.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinə edilmiş çoxsaylı dəyişikliklər, həmin dəyişikliklər nəticəsində ayrı-ayrı işlərin məhkəmələrə verilib, məhkəmələr tərəfindən baxılması məsələləri hələ tənzimləndiyi üçün amnistiyanın olacağını dəqiq söyləmək çox çətindir.

Çünki həyata keçirilən çoxsaylı tədbirlər qısa müddətdə amnistiyanın qəbulu şanslarını azaldır. Lakin unutmaq olmaz ki, bu, Milli Məclisin səlahiyyətində olan məsələdir.

Cümhuriyyətin 100 illiyi ilə bağlı ola bilsin ki, qanunverici orqan aktı qəbul etsin, bu istiqamətdə müəyyən addımlar atsın.

Elə məhbuslar var ki, əfv üçün müraciət ediblər, amma amnistiyaya düşə bilərlər. Həmin məhbusun maddəsinə baxmaq lazımdır. Söhbət əfv və amnistiyada yalnız siyasilərdən getmir.

Çünki ədalətli və ya ədalətsiz tutulan o qədər məhbus var ki. Amnistiya və ya əfv olarsa kimlərin düşəcəyi məlum olmalıdır.

Proses çox çətindir. Müraciətlər də durmadan artır. Məhbusların yaxınları çox aktiv olmalıdır.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib ki, 28 mayda əfv olmayacağını düşünmür: 

“Çünki bununla bağlı çağırışlar kifayət qədər çoxdur. İnsanların gözünü yolda qoyacaq hadisənin baş verəcəyinə inanmıram.

Amnistiya təşəbbüsü bir dəfə qaldırılır. Bu təşəbbüs qaldırılandan sonrakı parlamentin son iclasında deputatlar öz əməkhaqlarını qaldırmaq barədə düşündülər, ”əməklərini" buna sərf etdilər”.

Hər halda cəmiyyət də prezidentdən növbəti dəfə humanist addım gözləyir. Dövlət başçısı 100 ilin əfvini imzalamaqla yüzlərlə ailəyə sevinc bəxş edə bilər.

Çünki hamı intizarla 28 Mayı gözləyir. Ailələrin gözü yolda qalıb ki, siyahıda kimlərin adı olacaq.