Ayaz Mütəllibovun mətbuat katibi 4 il 6 aylıq cəzası ilə razılaşdı


Ayaz Mütəllibovun mətbuat katibi olmuş Teylor İbrahimov hakim qarşısına çıxarılıb. O, məhkəmədə gözlənilməz qərar qəbul edib.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor İbrahimov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayəti dəqiqləşdirilib.

Prosesdə T.İbrahimov apellyasiya şikayətindən imtina etdiyini deyib.

Məhkəmə qərarına əsasən, apellyasiya baxışına xitam verilib.

Bildirək ki, T.İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək onun 15 min 500 manatını, digər zərərçəkmiş Zaur Məmmədovu isə başqa qurumda işə düzəldəcəyini bildirərək onun 13 min manat pulunu ələ keçirib.

O, ümumilikdə, 20-dən çox zərərçəkmişə qarşı 100 min manatdan çox dələduzluq edib.

Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluqda, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib.

Bu işdə şahid qismində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun da adı keçir. Amma o, məhkəməyə teleqram göndərərək gəlməyib.

Qeyd edib ki, işi ilə bağlı məhkəməyə gələ bilmir və istintaqa verdiyi ifadəsini təsdiq edir.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.İbrahimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi

Tarix: 11-05-2018, 10:21
Xəbəri paylaş





Xəbər lenti