“XALQIN MALIDIRSA, YEMƏK OLAR” FİKRİ İLƏ YAŞAYAN MƏMURLAR KƏNARLAŞDIRILMALIDIR!"







"Azərbaycanda hətta ən kiçik dövlət qurumunda belə milyon manatlarla yeyinti halı baş verir”.

Bunu "Sherg.az”a Hesablama Palatasının nəzarət tədbirləri hesabatına münasibət bildirərkən iqtisadçı - ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, açıqlanan rəqəmlər reallığı əks etdirir və müxtəlif qurumlarda korrupsiyalaşma mövcuddur:

"Dövlət qurumlarında bu kimi faktların qarşısını almaq üçün korrupsiya ilə mübarizə şərtləri, yanaşması dəyişməlidir. Hesablama palatasının təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılır. Amma Azərbaycanda ictimai vəsaitlərin şəffaf idarə edilməsi ilə bağlı ciddi kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Öz növbəsində Hesablama palatasının isə gücü və müstəqilliyi artırılmalıdır. Ali səviyyədə korrupsiya hallarına sərt reaksiya göstərilməlidir. Ciddi cəza tədbirlərinin görülməsinə ehtiyac var”.

R. Həsənov dövlət strukturunun yenilənməsinə, kadr heyətinin daha səmərəli formalaşdırılmasına ehtiyac olduğunu diqqətə çatdırıb:

"Ənənəvi formada dövlət vəsaitlərinə yanaşma ortaya qoyan, "xalqın malıdırsa, yemək olar” fikri ilə yaşayan məmurlar idarəetmədən kənarlaşdırılmalıdır. Gənc, avropa təhsilli, potensiallı kadrlardan istifadə olunur. Bu təcrübə özünü doğrultduğuna görə, dövlət aparatına qısa müddətdə yaymaq lazımdır. Çünki korrupsiyaya bulaşmış şəxsləri yeni qanunlarla belə idarə etmək çətindir.

Korrupsiyaya bulaşan məmurlara qarşı elə addımlar atılmalıdır ki, digərləri də bundan dərs çıxarsın. Diqqət etsəniz, hansısa məmurun qanunsuz əməlləri aşkarlanır, onun əmlakı müsadirə olunur, cəza verilir. Amma bir neçə il sonra, başqa məmurla bağlı oxşar hadisələr baş verir. Ona görə, bu faktlara yanaşma dəyişməlidir. Mahiyyət dəyişərsə, nəticə əldə oluna bilər”.

Qeyd edək ki, "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatına görə, ümumilikdə hesabat dövründə qurumlar tərəfindən 42 mln. 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib. Həmçinin, nəzarət tədbirlərinin nəticəsi olaraq Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib.

Aysel Aslan

Tarix: 12-05-2018, 14:25
Xəbəri paylaş





Xəbər lenti