“Gərək kompensasiya verəndə nəzərə alsınlar ki, pul dəyərdən düşüb, torpaq, material bahalaşıb...” - “Sovetski”də qalan əhali


“Gərək kompensasiya verəndə nəzərə alsınlar ki, pul dəyərdən düşüb, torpaq, material bahalaşıb...”
Bakının “Sovetski” kimi tanınan məhəlləsində yenidənqurma işləri sürətlənib. Hazırda ərazidə yeni söküntü dalğasının başlayacağı ilə bağlı rəsmi məlumatlar verilir. Lakin əhali hələ ki, gözləmə mövqeyindədir...

“Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Həmin ərəfədə bir neçə sakin etiraz etsə də sonda onlar da verilən 1500 manat kompensasiya ilə razılaşıb, evlərini tərk ediblər. Hazırda həmin sakinlər Bakının müxtəlif yerlərində məskunlaşıblar. Həmin köhnə evlərin yerində isə park salınır.

“Yeni Müsavat”ın əməkdaşı ərazidə olarkən öyrənib ki, hazırda park ərazisində tikinti işləri daha da sürətlənib. Burada artıq kommunikasiya xətləri çəkilib, başa çatıb. Bundan əlavə yol tikintiləri ilə bağlı da işlər yekunlaşıb. Hazırda park ərazisində tikililər tikilib, abadlıq işləri aparılır. Parkın ərazisi ümumilikdə 26 hektardır. Bildirildi ki, burda parkla bərabər böyük yaşıllıq ərazisi də olacaq. Park ərazisində tikintilərin 2017-ci ilin sonuna qədər yekunlaşacağı bildirilsə də bu proses yubandı. Lakin qeyd olunur ki, 2018-ci ilin sonuna qədər ərazidə işlər tamamilə yekunlanacaq. Müşahidə etdik ki, ərazidə xeyli sayda texnika, fəhlələr işləyirlər. Tikinti aparılan ərazi dəmir hasara alınıb. Piyadaların hərəkəti üçün pilləkən qoyulub, xüsusi yer düzəldilib. Avtomobillər isə yeni salınmış yoldan istifadə edə bilirlər.

Lakin park ərazisində tikintinin xaricində hələ ki, digər ərazilərdə söküntü işləri aparılmır. Ərazidə 2018-ci ildə 2010 yaşayış və qeyri-yaşayış binasının sökülməsi nəzərdə tutulub.

Hələ ötən ayın əvvəlində baş nazirin müavini olarkən Abid Şərifov “Real” televiziyasına açıqlamasında bildirmişdi ki, “Sovetski”də söküntü işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb: “Bu il və gələn il 2500-ə yaxın evin sökülməsi nəzərdə tutulub. 2500 evi köçürmək asan deyil. Ona görə də hazırlıq işləri gedir. Böyük ehtimalla aprelin sonu mayın əvvəlində söküntü işlərinə başlanılacaq. Söküntü işlərinin aparıldığı ərazilərdə yol çəkiləcək, yaşıllıq və park salınacaq. Başqa işlərdən söhbət gedə bilməz”.

Lakin may ayında nə Abid Şərifov vəzifəsində qaldı, nə də haqqında danışdığı tikinti bumu başlamadı. Hazırda Abid Şərifovun vəzifələrinin icrası Bakının keçmiş icra başçısı Hacıbala Abutalıbova tapşırılıb. Belə görünür ki, bundan sonra “Sovetski”də söküntü işlərinə Hacıbala Abutalıbov rəhbərlik edəcək. Hacıbala Abutalıbovun söküntü işləri ilə arasının yaxşı olduğunu nəzərə alıb söyləmək olar ki, ərazidə yaxın vaxtlarda yeni söküntü dalğası başlaya bilər...

“Sovetski” sakinləri əvvəllər olduğu kimi söküntü işlərinə qarşı aqressiv görünmürlər. Hətta onların əksəriyyəti işlərin nə zaman başlayacağını səbirsizliklə gözləyir.

Olduğumuz Mirzağa Əliyev, Süleyman Rəhimov küçələrində həyat əvvəlki axarında davam edir. Yenə də uşaqlar dar küçələrdə daşlardan qapı düzəldib futbol, qocalar isə taxtadan düzəltdikləri stolun üstündə nərd və ya domino oynayırlar. Söylədilər ki, 3 il bundan öncə, yəni 2015-ci ilin may ayında onlara bildirilib ki, həmin ilin sentyabr ayından etibarən evlərini sökəcəklər. Sakin Murad Ağalarov aşağıdakıları bildirdi: “Gəlib mənzillərimizin ölçüsünü də götürdülər. Bildirdilər ki, kompensasiya məsələsində konkret söz deyə bilməzlər. Ancaq 2015-ci il, 2016 və 2017-ci illərdə bu küçələrin ətrafını söküb, bizim evlərə dəymədilər. Əvvəllər camaat narazı idi. Çünki burada hər kəs bir məhəllədə yaşayırdı. Yəni illər öncə olduğu kimi bilirdik ki, məsələn, Balababa Məcidov küçəsində Ağaşirin kişi yaşayır. Gedirdik ora, bir nərd oynayırdıq. İndi məhəllə darmadağın olub və bəzi küçələr qalıb. Qalanlarda söküntünün tozundan, texnikanın səsindən bezar olublar. Onsuz da köçürəcəklər. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. İndi gərək kompensasiya da verəndə nəzərə alsınlar ki, pul dəyərdən düşüb, torpaq, material bahalaşıb. Yoxsa əvvəlki kimi hesablayacaqlarsa evlərinin kvadratı az olan sakinlər küçədə qalacaqlar. Çünki torpaq baha, ev tikmək də çətindir. Elə icraya, ora-bura verəcəyimiz pul evə verilən kompensasiyanın miqdarı qədər olacaq. Ona görə də hökumət hər şeyi nəzərə almalıdır”.

Sakinlər bildirdilər ki, əvvəllər söküntü işlərini aparanların ərazidə ofisi olurdu və yaxınlaşıb, məlumat ala bilirdilər: “İndi isə biz də özümüz barəsində, işlər haqqında ancaq mətbuat vasitəsilə xəbər ala bilirik. İcra hakimiyyətində olduğumuz zaman bizə dedilər ki, sənədləşmə işləri aparılır və yaxın zamanlarda söküntü işlərinə başlanacaq. Ancaq deyəsən yenə də bizim məhəlləni sona saxlayıblar. Çünki bildirdilər ki, söküntülər əsasən ”Təzə Pir" məscidi istiqamətində aparılacaq".

Mirzağa Əliyev küçəsində yerləşən az kvadratlı evlərdə də vəziyyət eynidir. Orada da bütün mənzillər ölçülüb, qeydiyyata alınıb. Ancaq söküntü başlanılmayıb. Mirzağa Əliyev küçəsi dar, enişli-yoxuşlu və təmirsiz olduğu üçün burada həm də yolun təmir olunmasına ehtiyac var. Sakinlər bildirdilər ki, metroya yaxın olduğu üçün əvvəllər bu küçədə xeyli kirayə qalmaq istəyən olurdu. Söküntü ilə bağlı xəbərlər dolaşdıqdan sonra isə kirayə qalmaq istəyənlər də yoxdur. Ona görə də bu küçə başdan-başa köçürüləcəyi günü gözləyir.

İstirahət günü olduğu üçün rəsmi qurumlardan ərazi ilə bağlı yeni planlar barəsində məlumat ala bilmədik.
“Yeni Müsavat”
Tarix: 14-05-2018, 09:04
Xəbəri paylaş





Xəbər lenti