Ölüm aclığında olan məhkumun 25 min dollarını da “atıb”lar


Sonya Xaliman: “Yaxın vaxtlarda məsələ ölkə rəhbərliyi səviyyəsində nəzarətə götürülməsə, ailə məhv ola bilər”

Azərbaycan məhkəmə sisteminin dəmir yumruğu altına düşənlərdən biri də Yan Raznobarskidir. Onun həbsinə səbəb 16 iyun 2015-ci ildə Suraxanı qəsəbəsindəki “Dostluq” kafesinin kabinetlərindən birində baş verən olaydır. Yan Raznobarskinin əlində olan silahdan atəş açılıb və Murad Seyidov ayağından yaralanıb.

Yan Raznobarski Murad Seyidovu Sabunçudakı 3 saylı Xəstəxanaya aparıb. Elə oradaca hüquq-mühafizə orqanlarına təslim olub. Sonradan müstəntiq ifadəsini alarkən Yan Raznobarski deyib ki, Murad Seyidovu öldürmək niyyəti olmayıb. Murad Seyidovun özü də ondan şikayətçi deyil. O sağlamdır, gəzir. Yan Raznobarskinin əməlini isə məhkəmə qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyev CM-in 29.120-ci (tamah məqsədi ilə qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunan Yan Raznobarsini 15 il 6 ay azadlıqdan məhrum edib. Azərbaycan məhkəmə sisteminə bələd olanlar bilirlər ki, bu və ya digər şəxs barəsində hökmdə 6 aylıq “quyruq” varsa, şəxs cəzanı tam olaraq çəkməsə, azadlığa çıxması müşkül məsələdir. Yan Raznobarskinin barəsində hökm 6 aylıq “quyruq”ladır. Yəni onu təsadüfi baş verən hadisəyə görə 15 il 6 ay azadlıqdan mərhum edib bu müddətin tam olaraq həbsdə qalmasını təmin ediblər.

Bəs qanunun həddən ziyadə sərt üzünü Yan Raznobarskiyə niyə göstəriblər?

Həyat yoldaşı Sonya Xaliman “Yeni Müsavat”a deyib ki, Yanın barəsində sərt ittihamın verilməsində Səbayel rayon prokurorunun müavini Əhməd Məmmədovun əli var. Vaxtilə Yanın tikinti briqadası onun üçün villa tikib. O vaxt aralarında mübahisə yaranıb. Yan barəsində əsassız olaraq cinayət işi başladıb. Sonradan iş məhkəməyə göndərilib və Yan bəraət alıb. O dövrdən Əhməd Məmmədov Yanla düşmənçilik aparıb. Yanın əlində silah açılıb Murad Seyidova dəyməsindən sonra Əhməd Məmmədov kənardan işə qoşulub. Və Yan Raznobarskinin nəticə etibarı ilə sərt cəzalandırılmasına nail olunub. Hər halda Yan Raznobarski, onun həyat yoldaşı belə deyirlər. Sonya Xaliman deyir ki, bu haqda bütün dövlət orqanlarına yazmışıq: “Müraciətlərimiz sanki dibsiz quyuya gedir. Yan barəsindəki qanunsuz hökmlə razılaşmayacaq. Mən prezidentdən və vitse-prezidentdən dönə-dönə xahiş edirəm, müdaxilə etsinlər, Yanın həyatını xilas etsinlər. O aylardır aclıq keçirir, özünü 5 dəfə doğrayıb”.

HÉyat yoldaÅı Sonya Xaliman ile ilgili görsel sonucu

Yan Raznobarski 

Sonya Xalimanın sözlərinə görə, ailələri qara zolağa Yan Raznobarskinin həbsi ərəfəsində düşüblər. Söhbətin məğzi isə budur ki, 2 övlad atası olan, mənzil, villa, bağ evlərinin tikintisi ilə məşğul olan Y.Raznobarskinin maddi durumu 2014-cü ilin ortalarında çətinləşib. Həmin ilin iyununda Əmircan qəsəbəsindəki mənzilini satıb. Borclarını ödəyəndən sonra qalan pulu - 25 min dolları Xaliq Cəfərova, Məryəm Cəfərovaya və Namiq Əliyevə verib. Əvəzində isə bu şəxslər ona bankdan külli miqdarda kredit vəd ediblər. Y.Raznobarskinin  Xaliq Cəfərova və digərilərinə inanması təsadüfi deyil. Bu şəxslər, xüsusən X.Cəfərov özünü nazirlərdən birinin qohumu kimi təqdim edib. 15 min manatı Y.Raznobarskidən Məryəm Cəfərova alıb. Qalanlarını da digər iki şəxsə verib ki, onlar ona ipoteka krediti ayrılmasına kömək etsinlər. Amma bu adamlar pulu götürsələr də, vədlərinə xilaf çıxıblar. Sonya Xaliman deyir ki, Yan Raznobarski hüquq-mühafizə orqanlarına müraciət edib, ona qarşı dələduzluq edildiyini bildirib, araşdırılması üçün ərizə yazıb. Amma ərizə bu günə qədər araşdırılmamış qalıb. 25 min dolları verdikləri şəxslərdən ala bilmirlər. Ailə maddi və mənəvi baxımdan çox ağır durumdadır. Sonya Xaliman deyir ki, Yan Raznobarski həbsdə olaraq, onun ailəsi isə azadlıqda ağır duruma düşüblər. Yaxın vaxtlarda məsələ ölkə rəhbərliyi səviyyəsində nəzarətə götürülməsə, ailə məhv ola bilər.

Sonya Xaliman deyir ki, həbs olunanda Yanın 90 kiloqram çəkisi olub. Bu gün isə keçirdiyi davamlı aclıq aksiyalarından sonra Y.Raznobarski 50 kiloqrama qədər arıqlayıb. O, aclıq keçirməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərəzli hökmünün dəyişdirilməsini, işin ibtidai istintaqa qaytarılmasını tələb edir. Tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ölüm aclığını davam etdirəcəyini bəyan edib.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Tarix: 21-05-2018, 10:58
Xəbəri paylaş





Xəbər lenti