Sahibkarlar 5 ildir “Karvan”ın rəhbərindən 325 min manatlarını ala bilmir

Sahibkarlar 5 ildir “Karvan”ın rəhbərindən 325 min manatlarını ala bilmir

Sahibkarlar 5 ildir “Karvan”ın rəhbərindən 325 min manatlarını ala bilmir



 Ticarət Mərkəzindəki yanğından zərər çəkənlər: “Nə prezidentə, nə də Zeynal Nağdəliyevə ünümüzün yetməsinə imkan vermirlər”“Karvan”ın rəhbəri: “Heç kimin malına cavabdeh deyiləm... Getsin, canı çıxsın, sığorta eləsin, pulunu alsın”

“Evimi banka girov qoyub pul götürmüşdüm ki, onunla özümə iş qurum. Bazar yandı, əlimdəki pullar da heç oldu”

2013-cü ildə Sumqayıtda – “Karvan” Ticarət Mərkəzində baş verən yanğın, yəqin ki, hər kəsin yadındadır.

Xatırladaq ki, ərazisi 7000 kv.m olan ticarət mərkəzində mindən artıq insan çalışırdı.

Dünən yanğından ziyan çəkən və “bu günədək haqqımızı ala bilməmişik” deyən üç nəfər əməkdaş - Füzuli Quliyev, Töhfə Əsgərovanın nümayəndəsi Şiralı Əsgərov və Dilavər Abdullayeva redaksiyamıza gələrək, öz şikayətlərini dilə gətiriblər.

Onlar bildirir ki, 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşüblər. Bu, həm məhkəmə, həm də cavabdeh tərəf - “Karvan” ın rəhbərliyi tərəfindən təsdiqlənsə də, onlara dəyən zərər indiyədək ödənilməyib: “Bizə “Karvan Ticarət Mərkəzi” yanan zaman 325 min manat miqdarında zərərin dəyməsi rəsmən məhkəmə tərəfindən təsdiqlənib. Bu, zərəri ödəməli olan tərəf -"Karvan"ın rəhbəri tərəfindən təsdiqlənsə də o, bizə dəyən zərəri 5 ildir ödəmək istəmir. O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov (2016-cı ildə dünyasını dəyişib) demişdi ki, dəyən zərərə görə, "Azsığorta" şirkəti tərəfindən ediləcək ödəniş Ticarət Mərkəzi və burada çalışan sahibkarlar arasında bölünəcək. Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə "Karvan"ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədov min bir bəhanə ilə pulumuzu ödəmək istəmir. Amma hüquqi şəxs kimi "Karvan" Ticarət Mərkəzinin rəhbəri sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olsa da, indi kimlərəsə arxalanaraq gah sığortanı, gah başqa şeyləri bəhanə gətirərək, bizə dəyən ziyanı ödəməkdən yayınır. Hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam etdi. 9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə qarşı cinayət işi qaldırdılar. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub. Yalnız son məhkəmədə - 20 may 2016-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın. Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasını qanunsuz olaraq 4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi. 6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur?”

Şikayətçilərin dediyinə görə, məhkum İ.Bayramov 2016-cı il noyabrın 10-da həbsxanadan Ali Məhkəməyə müraciət edərək xahiş edib ki, Sumqayıt Apellyasiya Məhkəməsində 20 may 2016-cı il tarixli qərarından (bu qərarla o, 5 il 6 ay azadlıqdan məhrum edilib) yeni məhkəmə baxışına qaytarılmasına dair qərar qəbul eləsin. Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun sədrliyi ilə 16 fevral ,2017-ci il tarixində keçirilən məhkəmə kollegiyası da kassasya şikayətini “qismən” təmin edərək məhkumun cəzasının yumşaldılması haqda qərar verib, demək olar ki, azadlığa buraxıb”.

Narazı tərəf həm də onu bildirir ki, şikayətlərinin sayı rekord həddə olsa da, məlum olmayan səbəblər üzündən öz pullarını ala bilmirlər: ““Karvan"ın keçmiş sahibi Ağamirzə Əhədov öz binasını 2 milyona yaxın məbləğə ümumi sığortalaşmışdı və yanğından sonra pulunu da aldı. Amma bu puldan bizə heç nə verilmədi. Bizim günahımız nədir ki, biz dükanlarımızı bağlayıb evə getmişik, “Karvan”ın rəhbərliyi mallarımızın təhlükəzsizliyi qoruya bilməyib. Biz sahibkar kimi biznesimizi düzgün qurmadığımza görə yox, “Karvan”ın rəhbərliyinin günahı üzündən zərərə düşmüşük. Rəhbər şəxs olaraq “Karvan İstehsalat Kommersiya Şirkəti" MMC-nin rəhbəri Ağamirzə Əhədov, onun oğlu Kamil Əhədov bilavasitə yanğın nəzarətinə tam məsuliyyətsiz yanaşıblar, heç bir təhlükəsizlik tədbiri görməyiblər”.

Şikayətçilər onu da bildirir ki, onlar 2016-cı il, dekabrın axırında baş prokurorun müavini Rüstəm Usubovla görüşüblər: “Rüstəm Usubov dedi ki, bizə dəyən ziyanın ödənilməsi üçün göstəriş verəcək. 2017-ci il yanvarın 30-da isə Sumqayıtda vətəndaşları qəbul edərkən baş prokuror Zakir Qaralov bizi də qəbul etdi. Cənab Zakir Qaralov bizə konkret dedi ki, “ziyan mütləq ödənilməlidir, mənə bir az vaxt verin bu məsələni araşdıraram”. Amma şikayət nəticəsiz qaldı deyə yenidən rəsmi qaydada müraciət etdik. Bundan sonra baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə Zakir Qaralov şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib, tapşırıb ki, bizə dəyən ziyan təxirə salınmadan aradan qaldırılsın, yəni ödənilsin”.

Daha sonra onları Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul edib və deyib ki, məsələ təcili həllini tapmalıdır: “O, bizi diqqətlə dinlədikdən sonra yazılı şəkildə müavini Fəzail Hüseynova göstəriş verdi ki, bizim problem araşdırılsın və qarşı tərəf – “Karvan”ın rəhbərliyinə bildirilisin ki, dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilsin. Bu görüşdən bir müddət sonra biz məsələnin nə yerdə qalmasını öyrənmək üçün icra hakimiyyətində olduq və hüquq şöbəsinin müdiri Həzi Əkbərov ilə görüşdük. O bizə bildirdi ki, icra başçısının tapşırığına əsasən, "Karvan"ın direktoru Kamil Əhədovu icra hakimiyyətinə çağırıb və onunla danışıb, məsələ yaxın zamanlarda öz həllini tapacaq. Sonda Prezident Administrasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vafadar Bağırova zəng etdik və nəticədə Fəzail Hüseynov bizi qəbul etdi. Amma Fəzail Hüseynovla görüşsək də, qarşı tərəf – “Karvan”ın rəhbəri bizə dəyən ziyanı ödəmək haqda fikirləşdiyini desə də, sonradan ödəməkdən boyun qaçırdı. Belə çıxır ki, hörmətli Zakir Fərəcovun yazılı göstərişi yerinə yetirilməmiş, havada qaldı. Halbuki qarşı tərəflə müəyyən mənada razılıq əldə olunmuşdu.

Əldə etdiyimiz məlumata görə bizim pulumuzun verilməsinə Kamil Əhədovun qardaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsində məsul vəzifədə işləyən polkovnik-leytenant Mübariz Əhədov süni əngəl törədir, zərərçəkmişlərə dəyən zərərin ödənilməsinin təmin edilməsinə razılıq vermir, pulu ödəməmək üçün mane törədir. Bildiyimiz qədər, "Karvan"ın keçmiş sahibi Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra, ticarət mərkəzində digər qardaşların da payı olmasına baxmayaraq, "Karvan"a faktiki olaraq o, rəhbərlik edir. Kamil Əhədov rəsmi direktor olsa da, "Karvan"ın idarəçiliyinə tam və əsas Mübariz Əhədov rəhbərlik edir, yer pullarının, icarə haqlarının yığılmasına, ticarət mərkəzində yer bölgüsünə o nəzarət edir. Təbii ki, o, məmur, dövlət qulluqçusu olduğundan, bunu rəsmi yox, qeyri-rəsmi edir”.

F.Quliyev, Ş. Əsgərov və D. Abdullayeva deyir ki, bazar rəhbəri zərəçəkənlərin pulunu vermək istəməməsini “məhkəmə olub, cavabdeh cəzasını çəkib, İsməliyə xeyli xərc çəkilib. Hara gedib şikayət edirlər etsinlər. Məhkəmə qərarında ziyanın ödənilməsi göstərilməyib” kimi cavablayır.

Hər üç şikayətçi bildirir ki, haqlarının tapdanmasıyla bağlı dəfələrlə ölkə başçısı İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ediblər. Amma müraciətlərin ünvanına çatmadığını düşünürlər. Şiralı Əsgərov deyir ki, onlar müraciətləri məqsədli şəkildə prezidentdən gizlədilir: “Bazar rəhbəri və onun Bakı DYP-də mühüm vəzifə tutan qardaşı hadisəni bilərəkdən ört-basdır eləyirlər. Biz dəfələrlə prezidentin köməkçisi Zeynal Nağdəliyevin qəbuluna getmişik, amma onun özü ilə görüşə bilməmişik. Bizi onun əvəzində hər dəfə Vəfadar Bağırov qəbul edir. O, prezidentin Sumqayıt üzrə nümayəndəsidir. V.Bağırov məsələni Sumqayıt İcra Hakimiyyətinin başçısına həvalə edir. Başçı da bu məsələnin həlli ilə bağlı göstəriş verir, amma məsələ yerinə yetirilmir”.

F.Quliyev də bu məsələdə nicatı ölkə prezidentinə müraciətdə görür: “Azərbaycanda bu məsələ ilə bağlı müraciət etmədiyimiz instansiya qalmayıb. Məhkəmələrlə yanaşı, Milli Məclisə, İnsan Haqları üzrə Ombudsmana müraciət olunub. Amma heç bir nəticə yoxdur. Son məhkəmədə isə bizə çox böyük zərbə oldu. Orda ittiham olunan İsməli Bayramov demək olar ki, azadlığa buraxıldı. Qərarla razılaşmadım deyə məni zaldan çıxardılar, həbslə hədələdilər. Qərarda ziyanın ödənilmədiyi göstərilsə də, qarşı tərəfin xeyrinə qərar verildi. Ona görə də mən artıq bu instansiyalara inamımı itirmişəm. Bütün bunları gördüyüm üçün burdan prezidentimiz cənab İlham Əliyevə müraciət edirəm. Ondan bu məsələyə əlac etməsini, tapdanmış haqqımızın bərpa olunmasına göstəriş verməsini xahiş edirəm”.

D.Abdullayeva isə artıq bu məsələ ilə bağlı get-gəllərin səhhətində ciddi problemlər yaratdığını deyir: “Mən xərçəng xəstəsiyəm, II qrup əliləm. Üstəlik, bu hadisələrdən sonra qapılar döyməkdən, əsəbdən, stressdən səhhətimdə başqa problemlər yarandı, şəkər tapdım. Hansı günahım sahibiyəm ki, mənə dəymiş ziyan ödənilmir? Evimi banka girov qoyub pul götürmüşdüm ki, onunla özümə iş qurum. Bazar yandı, əlimdəki pullar da heç oldu. Üstəlik, bank evimi də əlimdən alır. Mənə vaxt qoyub ki, evi boşalt. Bu yaşımda mən hara gedim, harda yaşayım?! Saatlarla iş-gücümü buraxıb İcra Hakimiyyətinin qəbulunda oturub gözləyirəm. Mənim indi qapılarda gözləyən yaşımdır?”

Söylənilənlərlə bağlı öncə Sumqayıt şəhər İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəzail Hüseynovla əlaqə saxladıq. Amma şöbə müdirinin mobil telefonunu cavablayan şəxs danışanın Fəzail müəllim deyil, müavini olduğunu dedi.

Daha sonra “Karvan” Ticarət Mərkəzinin rəhbəri Kamil Əhədovla əlaqə saxladıq.

O isə sualımızı “O məhkəmə işidir. Dövlətin məhkəməsi var, ondan heç kim narazı ola bilməz. Ya mən, ya da siz, hamı məhkəmənin qanuna tabedir, adi adamdan nazirə qədər” - deyə cavablandırdı.

Növbəti sualımızı isə bazar rəhbəri sərt şəkildə yarıda kəsdi: “O haqda mənimlə danışmayın. Çünki Ali Məhkəmənin qanunu var. Vəssalam! Getsin, canı çıxsın, sığorta eləsin, pulunu alsın, Heç kim heç kimin malına cavabdeh deyil”.

Maraqlıdır, bizə şikayət edənlərin əksəriyyəti çox zaman bir məsələdən də gileyli olur.

Şikayətçilər deyir ki, əksər hallarda belə məsələlərdə qarşı tərəf zərərçəkənə pul ödəyib halallıq almaq əvəzinə, həmin vəsaiti ayrı-ayrı qurumlara paylamağa, rəsmi qurumları ənənəvi şirinlikləndirmə yoluyla susdurmağa, sanki “mən haqlıyam” deməyə çalışırlar.

Bu yazımızdakı mövzuyla bağlı isə şikayətçilər deyir ki, bazar rəhbəri Binəqədi rayon Polis İdarəsində işləyən "paqonlu" qardaşı Mübariz Əhədova arxayındır.

“Karvan"ın rəhbərindən aldığımız qaba cavab, bir mətbuat nümayəndəsiylə normal danışıq qaydasını bilməməsi də bu qənaət yaradır ki, "Karvan"ın sarvanı boş yerə belə yuxarıdan getmir.

Altunay, Hurriyyet.org

Tarix: 23-05-2018, 16:46
Xəbəri paylaş





Xəbər lenti