“Vicdan” kafesində işədüzəltmə əməliyyatı - tibb bacısı, sürücü, mühafizəçi...


Sumqayıtda bir neçə nəfərə qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb. O, işə düzəltmək adı ilə vətəndaşların etibarından sui-istifadə edərək pullarını ələ keçirib. Məlum olub ki, həmin şəxs daha əvvəl də məhkumluq həyatı yaşayıb. 

Musavat.com xəbər verir ki, İsmayılov Anar Oruc oğlu Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq: təkrarən törədildikdə) maddəsi ilə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli hökmü ilə 2 il 6 ay müddətionə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxs bütün bu cinayət əməllərini “Vicdan” kafesində həyata keçirib.

Anar İsmayılov ilk olaraq 2014-cü ildə Rəhilə Cəbiyevanın etibarından sui-istifadə edib. R.Cəbiyevadan oğlunu Sumqayıt Elektrik Şəbəkəsinə mühafizəçi kimi işə düzəldəcəyini deyərək ondan “Vicdan” kafesində 400 manat alıb.

Daha sonra Anar Həşimovdan onu Sumqayıt Elektrik Şəbəkəsinə sürücü vəzifəsinə düzəldəcəyi yalanı ilə 1000 manat alıb.
Nəzakət Əliyevanı isə qızını xəstəxanalardan birinə tibb bacısı vəzifəsinə düzəldəcəyi vədi ilə aldadıb. Bu yalanla onun 1300 manatını ələ keçirib.

A.İsmayılov cinayət əməlinin davamı olaraq Mübariz Əliyevdən onu Sumqayıt Elektrik Şəbəkəsinə sürücü vəzifəsinə işə düzəldəcəyi vədi ilə 700 manat alıb. Sonuncu qurbanı olan Dadaş Həsənovun isə qızını Sumqayıt Elektrik Şəbəkəsinə işə düzəldəcəyini vəd edərək 400 manatını ələ keçirib.

İş materiallarından görünür ki, A.İsmayılov elan edilmiş ittihamda özünü təqsirli bilib. Amma aldığı cəzanın ağırlığından şikayətçi olub və apellyasiya məhkəməsinə müraciət edib

Onun şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baxılıb.

Təqsirləndirilən şəxs Anar İsmayılov apellyasiya şikayətində barəsində çıxarılmış hökmlə razılaşmadığını və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib.

O, apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən himayəsində iki azyaşlı övladının və yaşlı atasının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olduğunu nəzərə almayıb.

Məhkəmədə çıxış edən prokuror A.İsamyılov barəsində çıxarılmış hökmün dəyişdirilməməsini istəyib.

Tərəfləri dinləyən məhkəmə kollegiyası hesab edib ki, məhkumun apellyasiya şikayətində qeyd etdiyi hallar ona daha yüngül cəza təyin edilməsinə əsas vermir.

Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi Anar İsmayılova cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl edib, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırıb.

İş materiallarından müəyyən olunur ki, Anar İsmayılov 2009-ci ildə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə təqsirli bilinib 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Cəzasının çəkilməmiş 1 il 13 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunub.

Amma o, şərti olaraq azadlığa buraxıldığı halda yenidən cinayət əməli törədib. Məhkəmə A.İsmayılova təyin edilmiş cəzanı çəkib qurtarmadan yenidən qəsdən dələduzluq cinayəti törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirib.

Bu əsaslarla da A.İsmayılovun şikayəti təmin edilməyib və birinci istasniya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

İ.Muradov

Tarix: 26-05-2018, 23:49
Xəbəri paylaş





Xəbər lenti