Sərdar Cəlaloğlu – Rövnəq Abdullayev ixtilafının iç üzü: Şəhid üzərində hazırlanan təxribat

 “Torpaq dünyadan kəfənlə köçənlərin yox, altında kəfənsiz yatanlarındır”.
Səhv etmirəmsə, bir türk şairinin şeirlərindən birində belə deyilir. Müəllifini unutduğum bu sözləri şəhidlərə verilmiş ən gözəl ədəbi qiymət adlandırmaq olar. Həqiqətən də üzərində gəzdiyimiz torpaq məhz həmin fədakarlıqlar sayəsində vətənləşib, hər birimizin and yerinə çevrilib. Böyük türk şairi Mehmet Akif Ersoy demişkən, “Torpaq, əgər uğrunda ölən varsa, vətəndir”.
Adi bir torpağı vətənə çevirən şəhidlərimiz hesabına bu gözəl Azərbaycanımızda yaşayır, onun bizlərə bəxş etdiyi sərvətlərlə qidalanırıq. Dolayısıyla, bu nemətlərə sahibləndiyimiz üçün hər birimiz şəhidlərimizə minnətdar olmalıyıq. Ən çox da bu torpaqdan daha artıq faydalananlar...
Nə yazıq ki, Qurani-Kərimin nankor adlandırdığı insan övladının bu xasiyyəti təkcə Yaradana deyil, həm də zaman-zaman öz soydaşlarına qarşı yönəlir. Bir müddət əvvəl SOCAR-ın bir neçə işçisinin Lələtəpə şəhidi Rasim Məmmədovun evini uçurmağa çalışması da bu nankorluğun əlamətidir. Öz canını vətən torpağı üçün fəda edən bir şəhidin bizə tapşırıb getdiyi ailəsinə bu münasibət, əlbəttə ki, heç bir ölçüyə sığmır və onun yaxınlarında haqlı narazılıq yaradır və yaratmalıdır da.
Üstəlik, şəhid Rasim Məmmədov bu müqəddəs yolu təsadüfən seçməmişdi. Onun bu fədakarlığında ailəsinin də mühüm rolu olmuşdu. Şəhid mayorun atası Əbdül Məmmədov 1990-cı illərdə həyatını Vətənin müdafiəsinə həsr etmiş, əlahiddə qoşun komandiri kimi Naxçıvanın ən önəmli yüksəkliyi uğrunda döyüşlərdə ölümcül yaralansa da, Mil təpəsini düşməndən təmizləyə bilmişdi. Rasim Məmmədov da atasının yoluyla getməyə qərar vermiş, onun və Vətəninin qisasını almaq üçün əsgər mündiri geyinmiş, ömrünü bu işə həsr etmişdi. Onun qisas hədəfi isə ermənilər idi. O ermənilər ki, xarici himayədarlarının təşviqiylə tarix boyu bizə düşmən kəsilmiş, xalqımıza qarşı ən amansız qətliamları həyata keçirmişlər.
Rasim və atası Əbdül Məmmədovların altında yatdıqları torpağın üstündə isə başqa hadisələr yaşanırdı. Ölkənin əsas gəlir mənbəyinin istismarçısına çevrilən SOCAR adlı neft şirkəti hansısa ailələrin sərvətinə sərvət qatır, bir ovuc insanı oliqarxlaşdırırdı. Həmin oliqarxlar və övladları isə Vətənin müdafiəsi haqqında nəinki heç nə düşünmür və bunu Rasimlərin, Əbdüllərin vəzifə borcu sayırlar, hətta müxtəlif hərəkətləriylə sanki milli iradəyə tüpürürlər. Adları zaman-zaman FETÖ dəstəkçiliyində hallanan SOCAR rəhbərləri erməni kilsəsini qazla təmin etdiyini gizlətməyə belə lüzum görmür, bunu xarici güc mərkəzləri qarşısında götürdükləri öhdəliyin - multikulturalizmin ən bariz nümunəsi kimi təqdim edirlər. Erməniyə göstərilən bu qayğının mində birinin belə, bir şəhid ailəsinə çox görülməsi, əlbəttə, nəticəsiz qalmamalı, şəhidin yaxınlarının üsyanıyla nəticələnməliydi. “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun bu özbaşınalığa sərt reaksiya verməsi, SOCAR rəhbərliyini sərt tənqid atəşinə tutması da bu ictimai qınağın ifadəsidir.
Etiraf edim ki, Vüqar Məmmədovun həmin yazısını oxuyanda üslubunun xeyli sərt olduğunu görmüş və zəng edib fikrimi müəllifin özünə də çatdırmışdım. Bununla belə, erməniyə gələndə “multikulturalist” kəsilən SOCAR-ın şəhid ailəsinə ögey münasibətinin yaratdığı əhval-ruhiyyəni də anlayır, iradların ünvana daha yumşaq şəkildə çatdırılmasını arzulayırdım. Düşünürdüm ki, bu özbaşınalıqdan bəlkə SOCAR rəhbərliyinin xəbəri yoxdur və hadisədən xəbər tutsalar, qərarlarından geri çəkilərlər. Nədən ki, şəhid ailəsinin evində mübahisə yaradan ərazi cəmi 4 kvadrat metrlik boş sahə (şəhidin qəbri qədər) idi ki, həmin problemi qarşılıqlı fikir mübadiləsilə həll etmək mümkündü.
Vüqar Məmmədov isə bu hadisələrin arxasında siyasi sifariş olduğuna, ADP lideri Sərdar Cəlaloğluya görə bu təxribatların planlaşdırıldığına inanırdı.
Doğrusu, bu arqument mənə inandırıcı gəlməmişdi. Axı Rövnəq Abdullayevin Sərdar Cəlaloğluyla nə problemi ola bilərdi? Bu iki şəxs arasında hansısa şəxsi ədavətdən söhbət gecə bilməzdi. İkili arasındakı siyasi ədavətdən danışmaq da yersiz idi. Ən azı ona görə ki, son seçkilərdə ADP lideri xarici güc mərkəzlərindən mədəd ummadığını, milli dövlətçilik mənafeyini hər şeydən üstün tutduğunu namizəd kimi prosesə qatılmaqla ortaya qoymuşdu. Namizədlər içərisində ən sərt mövqeyi ilə seçilsə də, Sərdar Cəlaloğlunun bu addımının Azərbaycançılıq maraqlarından irəli gəldiyi şübhəsizdi. Bütün radikal müxaliflər Azərbaycan hakimiyyətinin qeyri-demokratik imicini formalaşdırmaq niyyəti ilə boykot taktikasını seçdiyi bir zamanda Sərdar Cəlaloğlunun bu cəsur addımları öz siyasi nüfuzunu dövlətçilik maraqlarına qurban vermək fədakarlığı idi və ölkə başçısı tərəfindən də üstüörtülü şəkildə təqdirə layiq görülmüşdü. Prezident İlham Əliyevin seçkilərdən sonra andiçmə mərasimindəki çıxışında dilə gətirdiyi aşağıdakı fikirlərdə Sərdar Cəlaloğlunun nəzərdə tutulduğu gün kimi aydındır:
“Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm”.
Məlumdur ki, son prezident seçkisində ən kəskin müxalif mövqedən çıxış edən Sərdar Cəlaloğlu idi və məntiqlə, Prezident tərəfindən alqışlanan siyasi liderə SOCAR rəhbərliyi də qərəzli olmamalı, eyni komandanın üzvü kimi bənzər mövqedən çıxış etməliydi. Elədirsə, hakimiyyətin ən aparıcı kadrlarından sayılan Rövnəq müəllimin ADP lideri ilə bölüşə bilmədiyi nə ola bilərdi?
Təəssüf ki, SOCAR tərəfindən maliyyələşdirilən informasiya kanallarının Sərdar Cəlaloğluya eyni anda hücuma keçməsi Vüqar Məmmədovu haqlı çıxartdı. Rəsmən qara piar kampaniyasına çevrilən bu ittiham yağmurunda ADP liderinin ünvanına atılmayan böhtan qalmadı. Hakimiyyətin himayəsiylə dərc edilən bir çox saytlarda söyüş sırasına düzülən yazarlar, jurnalistlər, deputatlar ağız-ağıza verib Sərdar bəyin ünvanına mırıldadılar və bu mırıldamalar bir zamanlar qələmə aldığım məşhur bir şeirimi yada salırdı:
“Rast gələndə yolda itin birinə,
Hürsə sənə, çox da getmə dərinə.
Düşün, hansı bostana daş atmısan,
İt də hürür sahibinin yerinə”.
Sual ortaya çıxır: SOCAR tərəfindən maliyyələşdirilən kütləvi informasiya vasitələrində Sərdar Cəlaloğluya qarşı aparılan qara piar kampaniyası “sahibli itlərin hürüşüdür”sə, bəs, sahiblərin ADP liderinə alıb verə bilmədikləri nə idi?
Zənnimizcə, bu suala cavab vermək üçün ilk növbədə həmin sahibin kimliyini müəyyənləşdirməyə ehtiyac var. Bizə qalsa, bu hürüş prosesi Azərbaycanda və xaricdə təşkil olunan söyüş kampaniyasının tərkib hissəsidir və onun SOCAR-ın rəhbəri olan Rövnəq Abdullayeva heç bir aidiyyəti yoxdur.
Azərbaycan reallığından başı çıxanlar gözəl bilirlər ki, mətbu orqanların kim tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, onlar bir mərkəzdən idarə olunurlar. Əksər hallarda maliyyə qaynaqları onların yaradıcılıq işlərinə də qarışa bilmirlər. Mətbu orqanlarda qara piar kampaniyasının hansı mərkəzlərdən idarə olunduğu isə heç kimə sirr deyil.
Sərdar Cəlaloğluya qarşı təşkil olunan “qara piar” kampaniyasında isə diqqəti cəlb edən yeni cizgi Azərbaycan mediasında ikinci bir qüvvənin ortaya çıxmasıdır. Bu zamanadək əks-təbliğat kampaniyası yalnız Prezident Aparatının məlum şöbəsi və bəzi simalar tərəfindən idarə edilirdisə, son proseslərdə söyüş cəngavərləri dəyişdi. Ortaya hacıleylək lətifəsiylə yadda qalan hacıəbdüllər, Rusiyanın ölkəmizdəki 5-ci kolonu kimi ad çıxaran arazəlizadələr, imzasını belə yazdıqları cızma-qaranın altına qoymaqdan xəcalət çəkən müəlliflər çıxdı və onların hamısının birmənalı şəkildə ruspərəst olduqları bilinirdi. Görünən budur ki, Rusiya bu zamanadək söykəndiyi məlum dairələrdən - Prezident Aparatındakı istinad nöqtəsindən kənar qüvvələrlə boy göstərməyə qərar verib. Maraqlıdır ki, yeni istinad nöqtələri keçmiş Prezident Ayaz Mütəllibovun ənənəvi kadrlarıdır və Ayaz Mütəllibovun son zamanlar mətbu orqanlarda fəallaşması da köhnə komandanın yeni güc mərkəzi kimi ortaya çıxmasından xəbər verir.
Bu nüans başqa bir sualı ortaya çıxarır: Rövnəq Abdullayevin himayəsində olan mətbu orqanların köhnə komandayla nə əlaqəsi var?
Hesab edirəm ki, bu suala SOCAR yetkililəri cavab versələr, daha yaxşı olar.
Həmin kampaniyada Sərdar Cəlaloğlunun hədəf seçilməsinə gəlincə, zənnimizcə, bunun bir neçə mühüm səbəbi var. Səbəblərdən biri ADP liderinin son zamanlar açıq şəkildə Rusiyaya qarşı çıxışlardırsa, digəri onun irəli sürdüyü dialoq təklifi ilə bağlıdır. Cəmiyyətin getdikcə konfliktlərə sürüklənməsinin qarşısını almağa hesablanan bu təklif, görünür, həmin qüvvələri qane etmir. Odur ki, Azərbaycanı daxildən parçalamaq istəyənlər ilk növbədə birləşdirici ideyaları ortadan qaldırmağa və onu təbliğ edənləri sıradan çıxarmağa çalışırlar. Sərdar Cəlaloğlunun hədəf seçilməsinin bəlkə də ən əsas səbəbi budur.
ADP lierinə qarşı Rövnəq Abdullayevin istifadə olunması isə ictimai rəydə yanlış olaraq təsəvvürü yaradılan “Naxçıvan klanı”nın mümkün bütünləşmə potensialının qarşısını almağa hesablana bilər. Qara kampaniya aparan qüvvələrin ifadə etdikləri bəzi fikirlərdə də bu niyyətin izləri aydın şəkildə sezilməkdədir. Hacı Əbdül mətbuata verdiyi açıqlamada eynilə belə deyir:
“Ümumiyyətlə, Sərdar Cəlaloğlu ilə Qurban Məmmədov hər zaman hakimiyyətə xidmət ediblər. İkisi də bir-birinin tayıdır. Bir qardaş xaricdəki müxalifətə, bir qardaş isə ölkədəki müxalifətə nəzarət etmək üçün fəaliyyət göstərir”.
Göründüyü kimi, rəqibləri belə, Sərdar bəyin ölkədəki müxalif qüvvələrə təsir imkanlarını etiraf edir. Hacı Əbdülün hakimiyyət deyərkən, iqtidar komandasında şərti olaraq “Naxçıvan klanı” adlandırılan qrupu nəzərdə tutduğu da aydındır. Belə məlum olur ki, qarşı tərəf iqtidardakı və müxalifətdəki müəyyən qüvvələrin potensial birləşməsindən çəkinir və bu təhlükəni beşikdəykən boğmağa çalışırlar. Maraqlıdır ki, Cəlaloğlu qardaşlarını hakimiyyətə işləyən qüvvə kimi təqdim edənlər öz qara piar kampaniyalarını elə həmin qüvvələrin maliyyələşdirdiyi mətbu orqanlar vasitəsilə aparırlar. Elə bu faktın özü kimin kimə işlədiyinin ən bariz sübutudur.
Son qara piar kampaniyasının kinorejissor Rüstəm İbrahimbəyovun 3 il əvvəl çəkdiyi bir filmin müzakirəsinə start verilməsindən sonra başlaması da təsadüfə bənzəmir. Zənnimizcə, son kampaniya elə ilk kampaniyanın cavabı kimi ortaya çıxmışdı. Nədən ki, Rüstəm İbrahimbəyov regional mənsubiyyətinə görə hacıəbdüllərin, arazəlizadələrin aid olduqlarını düşündükləri komandaya daxildir və Prezident Aparatının məlum şöbəsinin rəhbərinin açıq müharibə elanından sonra hücumlara məruz qalmışdı. Görünən budur ki, əks tərəf də əks hücuma Sərdar Cəlaloğlunu hədəfə götürərək başlamışdı.
Bütün bu mənzərələrin işığında Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid Rasim Məmmədovun evinin SOCAR işçiləri tərəfindən uçurulma cəhdinə nəzər salsaq, ortaya belə bir nəticə çıxır: Bütün bu hadisələr, gözlənilən saraydaxili mübarizədə bir qütbdəki iqtidar və müxalif qrupların birləşməsinin qarşısını almaq üçün bir başqa qütbün təxribatı nəticəsində planlaşdırılmışdı. Məqsəd qarşı tərəfə sağalmaz yaralar vurmaq və birgə müqavimət ehtimalını aradan qaldırmaqdır. Məhz bu səbəbə görə də bir şəhid ailəsinin 4 kvadrat metrlik torpaq sahəsinə salınan tamahda Rövnəq Abdullayevin maraqlı olduğuna inanmaq çətindir.
Heydər Oğuz
Tarix: 13-06-2018, 11:21
Xəbəri paylaş





Xəbər lenti