“VAQİF HACIBƏYLİ, YAZDIĞINIZ CÜMLƏDƏN UTANIB, XƏCALƏT ÇƏKİRSİNİZMİ?”!!!


“Siz intriqalarınızdan yaxa qurtara bilmədiyiniz halda, mən bu rejimə qarşı bütün qüvvələrin vahid cəbhədə birləşməsinin tərəfdarıyam və bu missiya ilə çıxış edirəm.”

—————————-

Mətləb MÜTƏLLİMLİ

İstiqlalçı millət vəkili

—————————-

Vaqif Hacıbəyli! 3 cümləlik statusuma 33 cümləlik şərh yazmağınız mənə o qədər də təəccüblü gəlmədi. Siz onsuz da yetənə yetib, yetməyənə bir daş atırsınız. Hələ, eləməyib tənbəllik, yazıma verdiyiniz şərhi ayrıca status kimi də paylaşmısınız. Vaxtımı məhdud olduğu bir zamanda kin-küdrət yağan yazınıza istər-istəməz qısa da olsa cavab vermək zorunda qaldım. Ə.Elçibəylə bağlı əqidəmə sadiq qalmağa görə təşəkkür edəndən sonra yazırsınız ki, ”sizi vəzifədən azad etmiş keçmiş baş prokuror İ.Şirinovun rüşvətxor olduğu barədə dedikləriniz müəyyən suallar doğurur.” Əvvəla, qulluğunuza ərz edim ki,Vaqif bəy, məni vəzifədən İ.Şirinov yox, prezident azad edib, bunu hüquqşunas kimi bilməyinizi istərdim. Rüşvət məsələsinə gələndə, düşünürəm ki, sizi narahat edən, əsasən, iki məsələdir : ya,mənim qayğıma qalmaq istəyirsınız, ya da, İ.Şirinovun bu vəzifəyə təyin edilməsində yaxından iştirak etmiş qardaşınız, AXC hakimiyyəti dönəmində kadr məsələlərinə məsul olan Arif Hacılının mövqeyini müdafiə etməyə cəhd edirsiniz. Hər iki halda narahatlığınız əbəsdir. Birincisi, mənə görə narahat olmayın, bu sizlik deyil və unutmayın ki, sizdən fərqli olaraq, biz sözümüzün məsuliyyətini dərk edirik. O ki, qaldı qardaşınızın kadr siyasətinə, buna görə də narahat olmayın, çünki, bütün Azərbaycan şahiddir ki, qardaşınızın biləvasitə iştirakı ilə o dövrdə necə yarıtmaz kadr siyasəti aparılmışdır. İndi mənə hüquqdan dərs demək arzusuna düşmüsünüz, amma, nifrət gözünüzü elə tutub ki, bəzən, nə danışdığınızı özünüz belə bilmirsiniz. Mənə açıq-aşkar böhtan atırsınız ki, guya, mən Rəhim Qaziyevin, Nemət Pənahlının Milli Şurada təmsil olunması məsələsini qaldırmışam. Xətrinizə dəyməsin, Vaqif bəy, mən sizi həqiqətən ciddi bir insan hesab edirdim, bu nə qeyri-ciddi söhbətdir? Harda rast gəlmisiniz ki, mən belə fikir səsləndirmişəm? Doğrudur, biz Milli Şuraya müraciət etmişik, amma, bütün sağlam qüvvələrin birləşdiriləsi təklifi ilə. Doğrudanmı, bu prinsipal məsələlərin fərqini görmürsünüz? Bir də ki, mənim bildiyim qədər, Rəhim Qazıyevlə bağlı 50-dən çox məhkəmə prosesi olub və heç birində onu vətən xaini, çevrilişə cəhd edən şəxs kimi ittiham edib ortaya sübutlar qoya bilməyiblər. Əgər, faktiki olaraq bu belədirsə, indiyə qədər onun günahı sübut olunmayıbsa, onda, sizə dövlət ittihamçısı səlahiyyətini kim verib? Yazırsınız ki, bizlərdən daim “uzaq gəzən” Mətləb Mütəllimli bu gün Nemət Pənahlı və Rəhim Qaziyevə bir növ “siyasi yengəlik” edir. Mən bilmirəm, ən azından siz yazdığınız cümlədən utanıb xəcalət çəkirsinizmi, qızarırsınızmı? Belə yaramaz, mənəviyyatımıza yaraşmayan sözləri işlədəndə saçınızı, yaşınızı düşünürsünüzmü? Nə deyim, sizi bu yazınızdakı nalayıq sözə, fikirlərə görə daha sərt cavablandırmaq olardı, mən bunu etmirəm, sadəcə deyirəm ki, öz sözlərinizi yeyəsiniz. Yazırsınız ki, nədənsə, sizdən, keçmiş cəbhəçilərdən, müsavatçılardan uzaq gəzmişəm. Sizdən uzaq gəzməyimə gəlincə, bunu çox düz etmişəm, bilərəkdən etmişəm. Çünki, AXC-Müsavat hakimiyyəti dövründə ən yuxarı eşalonda oturanların çoxunun nələr törətdiyini, xüsusən də, kadr siyasətində yol verilən kobud səhvləri yaxşı görmüşəm və buna görə də, sizin kimi buğda göstərib arpa satanların yanında olmaq istəməmişəm. Yazınızda yenilik kimi vurğulayırsınız ki, guya, bizdən əvvəl Gəncəyə getmiş deputatlar və digər ziyalılar ölənlərin sayını 69 nəfər olduğunu qeyd etmişlər, biz bu yalançı faktı qeyd etməmişik. Amma, onu unudursunuz ki, komissiyanın rəyində yazılmışdır ki, ölənlərin sayı 69 nəfər yox, ölüm sənədlərinə əsasən 35 nəfər olmuşdur. Ən nəhayət, məni tanıyanlar yaxşı bilirlər ki, cəbhə hakimiyyəti dövründə mənim nə R.Qaziyevlə, nədə də N.Pənahlı ilə heç bir yaxın ünsiyyətim olmayıb. O vaxt gedən proseslərdə kimlərin, o cümlədən, adını çəkdiyiniz şəxslərin hansı rolu olub, bunu nə siz, nə də mən müzakirə obyektinə çevirib hakimlik edə bilərik. Vaxt gələcək, tarix hər şeyin obyektiv qiymətini verəcəkdir . O ki qaldı bu gün mənim onlarla bir yerdə olmağımın səbəbinə, onu siz başa düşə bilməzsiniz. Ən azından ona görə ki, siz intriqalarınızdan yaxa qurtara bilmədiyiniz halda, mən bu rejimə qarşı bütün qüvvələrin vahid qüvvə kimi birləşməsinin tərəfdarıyam və bu missiya ilə çıxış edirəm. Bəlkə, səbəbini izah edəsiniz, mənim belə bir missiya ilə çıxış etməyim niyə sizi bu qədər narahat edir, əndişələndirir? Azərbaycanın mənafeyi naminə, xoşum gəldi-gəlmədi mən hamı ilə, hətta, ölkəsində inqilab edərək hakimiyyətə gəlmiş Paşinyanla belə yan yana mübarizə aparmağa hazıram. Əks halda, 25 il keçmişlə bağlı palan içi tökənlər bu xalqı hələ bundan sonra da daha 25 il YAP rejiminin ayaqları altında əzdirəcəklər.

Tarix: 13-06-2018, 14:31
Xəbəri paylaş





Xəbər lenti