"Özünüz vəziyyətimizi təsəvvür edin də..." - GİLEY

"Özünüz vəziyyətimizi təsəvvür edin də..."
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyi”ndə 1000-ə yaxın məcburi köçkün ailəsi məskunlaşsa da, hələ də şəhərcik daxilində və ya yaxınlıqda aptek yoxdur. Əhali dərman almaq üçün bir neçə kilometr məsafə qət etməli olur.

Bu şikayətlə virtualaz.org-a şəhərcikdə yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, qəfil hadisələr zamanı çıxılmaz vəziyyətdə qalırlar.

“Gecə vaxtı bir hadisə olsa, qalırıq çarəsiz. Kimin avtomobili varsa, o gedib aptekdən dərman ala bilir. Avtomobili olmayanlar isə bir neçə kilometr yolu piyada gedib özlərini birtəhər “Qurtuluş” yaşayış kompelsinin içərisindəki aptekə çatdırırlar. Özünüz vəziyyətimizi təsəvvür edin də...”, - deyə şəhərcikdə yaşayan Pərviz Muradov bildirir.

Sakinlər deyirlər ki, şəhərcikdə digər bir problem isə əhalinin istirahəti üçün yer ayrılmamasıdır. Hektarlarla ərazisi olan şəhərcikdə kiçik bir “besedka” qoyulub ki, orada da yalnız yaşlı insanlar əyləşə bilirlər. Əhali məcburiyyətdən yolun qırağında əyləşib hava alır, uşaqlar avtomobil yolunun içərisində oynayırlar. Şəhərciyin daxilindəki uşaq bağçasının geniş oyun meydançası olsa da, ora digər uşaqlar üçün bağlıdır.

Qeyd edək ki, “Zəngilan şəhərciyi” «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq inşa olunub və 2013-cü ildə istifadəyə verilib. 12 hektar ərazini əhatə edən yeni məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi fəaliyyət göstərir.
 
Tarix: 25-06-2018, 16:21
Xəbəri paylaş





Xəbər lenti