Soydaşlarımız qürbətdə niyə bir-birini “qırır”...


Əhməd Qəşəmoğlu: "Bunun kökündə maddiyyat dayanır"

Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, əməkli səfir İsfəndiyar Vahabzadənin bu günlərdə diskussiyaya səbəb olan məqaləsi dərc edildi. “Qürbətdə də bir-birini qıran azərbaycanlılar” məqaləsində İ.Vahabzadə azərbaycanlıların xarici ölkələrdə bir-birilərinə qarşı kin-küdurətlə, kobud, hətta amansız davrandıqlarını dilə gətirib. Məqalədən sitat:

“Öz səadətlərini uzaq Rusiyanın, Sibirin şaxtalı çöllərində axtaran bu müsibətli bədbəxt cavanlarımızın arasında birlik, mehribançılıq yoxdur. Əksinə, bir-birilərinə nifrət, kin var. Bir-birimizi qırmaq, bir-birimizə nifrət etmək bizim qanımızdadır. Erməni diasporu Ermənistan səfirliyi üçün bina tikir, diplomatlar üçün maşınlar alırdı, bizim diaspor isə səfirliklərdən umurdu. Mən illərlə çalışıb onları bir araya yığa bilmədim. Vətəndən üzü bəri elə bir-birimizi qıra-qıra gəlirik”.

Bir çoxları İsfəndiyar Vahabzadənin bu fikirləri ilə razılaşmasa da, amma fakt faktlığında qalır ki, xarici ölkələrə mühacirətə, yaşamağa, qazanc dalınca gedən azərbaycanlılar, bir-biriləri ilə yola getmir, hətta mübahisələr zamanı öz soydaşlarını qətlə yetirməkdən belə çəkinmirlər. Bu vəziyyət Rusiyada daha gərgindir. Vaxtaşırı mətbuatdan bu cür olayları tez-tez duyuruq.

Səbəb nədir, niyə azərbaycanlılar xarici ölkələrdə bir-birinə qarşı bu cür davranır, bir-birilərini sevmir, birlik olmurlar?

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb: “30-40 il əvvəl ölkə xaricində olan azərbaycanlılardan biri də mən olmuşam. Qeyd edim ki, 8-9 il də Moskvada yaşamışam. O dövrdə biz azərbaycanlılar bir-birimizə çox mehriban idik. Çünki o zaman arada mənəvi məsələlər dururdu. Məsələn, Novruz və digər bayramlarda bir yerə yığışar, tələbələr arasında geniş əlaqələr qurardıq.

Lakin son zamanlarda ölkədən müxtəlif təbəqələrdən olan insanlar xaricə axışmağa başladı. Gizlin deyil ki, onların arasında kriminal aləmin insanları, ağır psixoloji problemi olan şəxslər də var. Yəni, xaricdə olan bugünkü azərbaycanlılar 30-40 əvvəl bundan əvvəl olan azərbaycanlılar deyil.

Onların əsas maraqları maddi məsələlərdir. Maddiyyatla bağlı fəaliyyət olduqda onlar bir-birilərinə maneçilik törətməyə çalışırlar. Məsələn, əgər eyni firmada çalışırlarsa və arada mənəvi dəyərlərin səviyyəsi aşağı olarsa, onda tamahkarlıq yaranır və bir-birini kənarlaşdırmağa çalışır, hətta bir-birinin üzərinə silah çəkir, öldürür. Bu baxımdan da qeyd edə bilərəm ki, xarici ölkələrdə azərbaycanlıların bir-birinə qarşı bu cür davranmasının kökündə maddiyyat dayanır. Bu faktor güclü rol oynayır".

Xalidə Gəray,
Musavat.com

Tarix: 26-06-2018, 13:45
Xəbəri paylaş





Xəbər lenti