Atası prokurorluqda işləyən Günelin Sinqapur yalanları: aldadılan professor, müəllim, həkimlər...


Bakıda bir neçə nəfəri səyahətə göndərmək adı ilə aldatmaqda ittiham edilən xanım növbəti dəfə hakim qarşısına çıxarılıb. Onun əməllərindən zərərçəkənlər arasında professor, müəllim, həkim də var.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1981-ci il təvəllüdlü Şıxıyev Günel Oqtay qızının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan növbəti məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş Nailə Hüseynova ifadəsində bildirib ki, Sinqapura səyahət üçün G.Şıxıyeva pul verib. Amma biletləri ala biməyib. O, qeyd edib ki, Şıxıyeva ucuz qiymətə səyahət təklif etdiyindən müştərilərin diqqətini cəlb edib.

Məhkəmədə zərərçəkmiş qismində "Start travel" turizm şirkətinin təsisçisi və direktoru da ifadə verib. Onun sözlərinə görə, G.Şıxıyeva rəhbərlik etdiyi şirkətə gələrək onlarla əməkdaşlıq etmək istədiyini bildirib: "Onun müştəri bazası da var idi. Əvvəlcə işləyərkən heç bir problem yox idi. Şirkətə müştərilər də cəlb edirdi. Əvvəlcə nağd işləyirdik. Sonra biletləri sifariş verdikdən sonra ödənişləri etməyə başladı. Bu problemlər isə həmin ərəfədə yay aylarında, müştərilərin çox olduğu ərəfədə baş verdi. Ödənişləri etmədi, mən dəfələrlə ona zəng edib səbəbini soruşdum. Müxtəlif bəhanələr gətirdi. Mən onu axtarmağa başladım. Evlərinə getdim. Atası Oqtay müəllimlə görüşdüm. Keçmiş prokurorluq əməkdaşıdır. O, mənim və zərərçəkmiş Kəmalə xanımın pulunu verəcəyini dedi. Əvvəlcə 5 min dollar ödədi. Dedi ki, obyekti var, oradan aldığı pulla borcları ödəyəcək. Amma sonradan ödəmədi. Bu məqsədli şəkildə qurulmuş işlərdir. Bu xanım indi də dayanmır. İstintaq zamanı onun xeyli əməli üzə çıxdı. Günel indi də eyni əməllərə davam edir. Burdan çıxıb yenə də həmin işləri görəcək".

Onun sözlərinə görə, G.Şıxıyeva onu aldadarkən müştəriləri şirkətə yönləndirib: "Bizə ən çox zərər həmin ərəfədə dəydi. 2-3 ay çox əziyyət çəkdik. Biz müştəriləri inandıra bilmirdik ki, dələduzluq etməmişik. Günel aldatdığı şəxslərə deyib ki, biletləri, sənədləri şirkətdədir. İnsnlar sa bizim şirkətə gəlirdi".

Şirkət rəhbəri G.Şıxıyevanın fəaliyyəti haqda əlavə olaraq bunları deyib: "Bizə müraciət edərək müştəri bazasının olduğunu bildirdi. Bizim bu cür əməkdaşlıq etdiyimiz bir çox şəxslər var. Səyahət paketlərini bizdən alıb öz müştərilərinə satırdı. Amma sonradan öyrəndik ki, bizdən aldığı biletləri bir neçə dəfə ucuzuna ayrı-ayrı şəxslərə satıb. Bununla da özünə xeyli sayda müştəri cəlb edib. Satılan saxta biletlərdən xəbərimiz yoxdur. Bizdən alınan biletlərdən istifadə edilib".

O, 53690 manat zərər gördüyünü deyib. Digər zərərçəkmiş Mehriban Əliyeva da məhkəmədə ifadə verib. M.Əliyeva deyib ki, Günelin tanışı olan Kamran Əhmədovla işgüzar münasibəti olub. Güneli də Kamran Əhmədov vasitəsi ilə tanıyıb. Bu zaman zalda olan digər zərərçəkmişlər Kamranla Günelin sevgili olduqlarını deyiblər. M.Əliyeva ifadəsinin davamında G.Şıxıyevaya 667 dollar pul verdiyini deyib. Qarşılığında isə Sinqapura səyahətə gedəcəkmiş. Amma o da aldadılıb.

Zərərçəkmiş deyir ki, G.Şıxıyevaya daha əvvəl də bilet almaq üçün pul verib: "Bilet işində də eyni vəziyyət oldu. Mən işlə bağlı səfərə gedəcəkdim. Məni bugün-sabah edərək aldatdı. Min nömrəsi var idi. Birinə zəng edirdin söndürürdü, digərinə zəng edirdin onu da söndürürdü. Axırda Kamrana zəng elədim. Uzun zaman sonra Kamran vasitəsi ilə bilet üçün verdiyim pulu 80 manat ziyanla ala bildim. Günel xanım bizə mənəvi olaraq çox əzab verib. Mən öz işimdə 3 manatlıq işə belə qəbz tələb edən adamam. Amma Kamrana elə inanırdım ki, aldandım. Günel dəfələrlə pulu qaytaracağını deyib. Zəng edəndə görüş təyin edirdi. Dediyi yerə getsəm də gəlmirdi. Sonra mən onu, o məni hədələməyə başladıq. Mənə deyirdi ki, arxam güclüdür, heç nə edə bilməzlər. Bu sözləri bütün zərərçəkmişlərə deyib".

Məhkəmədə zərərçəkmiş Azər Əliyev də ifadə verib. O, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri olduğunu söyləyib.

Azər Əliyev 7999 manat zərər gördüyünü və pulunu rələb etdiyini bildirib: "Bir neçə dəfə gəlib bizdən bilet sifarişi verib. Biz nağd şəkildə işləyirdik. Çünki dəfələrlə bu cür hadisələr baş verdiyinə görə nisyə satış etmirdik. Bu qaydada işlədik. Gediş-gəliş ərəfəsində atasının prokurorluqda, qardaşının isə hüquq-mühafizə orqanlarında işlədiyini deyirdi. Bir gün zəng elədi ki, Azərbaycanın Yunanistandakı səfirliyinin nümayəndələri gəlir. Bizdən gəliş bileti istədi. Mən də bu qədər tədbirli, ehtiyatlı olduğum halda ona görə aldandım ki, orada səfirlik nümayəndələrinin adı keçirdi. Daha sonra onların Bakıdan gediş biletlərini də təşkil etdik. Amma ödənişi ala bilmədim. Həmin vaxt alınan biletlərdən ikisi başqa şəxslərin idi. Mən 15-20 gün Güneli axrardım. Sonra aldadılan şəxslər məni tapdılar. Görüşəndə mənə dedilər ki, biletlərin pulunu 4-5 ay əvvəl Günelə veriblər".

Qeyd edək ki, təqsirləndirilən Günel Şıxıyeva ali təhsillidir. Ailəli olub boşanan Günel Şıxıyevanın bir azyaşlı uşağı var. Bu iş üzrə zərərçəkmişlərin sayı 8 nəfərdir. Belə ki, Günel Şıxıyeva onlardan xarici ölkələrə, xüsusən də Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb.

Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan Günel Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxırmış. Günel Şıxıyevadan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənirmiş.

Onların sözlərinə görə, Günel Şıxıyevanın dələduzluq əməllərinin qurbanı olan xeyli sayda şəxs var. Sadəcə istintaq orqanı ilk şikayət edən 8 nəfərin müraciəti əsasında açılan cinayət işinə baxıb. Digər zərərçəkmişlərin şikayəti əsasında istintaq hərəkətləri davam etdirilir.

Zərərçəkmişlər iddia edirlər ki, Günel Şıxıyeva barəsində edilən çoxsaylı şikayətlərdən sonra uşaq dünyaya gətirməyi planlaşdırıb: "Özü bizə deyirdi ki, gedin hara istəyirsinizs şikayət edin. Onsuz da həbs edilməyəcəyini söyləyirdi. Bu hadisələr 2016-cı ildən başlayıb. Günel dedi ki, bir uşaq dünyaya gətirəcəm, uşağım olsa, məni tutmayacaqlar. Elə də oldu. İndi onun 1 yaşında uşağı var və azadlıqdadır".

Qeyd edək ki, Günel Şıxıyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.


Tarix: 12-07-2018, 14:47
Xəbəri paylaş





Xəbər lenti