Pənah Hüseyn: "Kişi və qadın qeyri-bərabərdir"


"Kişi və qadın eyni deyil, bərabər deyil, qeyri-bərabərdirlər. Kişi kişidir. Qadın qadındır. Kişi kişi olmalıdır. Qadın qadın olmalıdır".

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn Qəhrəmanlı ailəsində yaranan insident fonunda aktuallaşan qadın-kişi mövzusuna münasibət bildirərkən deyib.

P.Hüseyn qeyd edib ki, kişi və qadın bəndə kimi Allahın nəzərində bərabərdir: "Bərabərlik məsələsi bir ayrı şeydir. Kişi və qadın bəndə kimi Allah nəzərində bərabərdirlər. Kişi və qadının vətəndaş hüquq və azadlıqları bərabərdir, bərabər olmalıdır. Daha artıq, mən qadınlara münasibətdə hüquqlarda, qanunlarda pozitiv ayrımçılıq tərəfdarlarındanam".

"Kişi mühafizdir, keşikçidir, müdafiəçidir. Kişi qadını uğrunda ölümün üstünə gedəndir, Vətəni uğrunda getdiyi kimi! Qadın Vətəndir. Vətəni döyməzlər. Vətəni söyməzlər! Mən sənin üçün onu etdim, bunu verdim, əvəzində sən də onu et, bunu ver deməzlər! Vətəni qəlbən candan artıq sevərlər! Vətən uğrunda savaşarlar! Vətən üçün ölürlər və öldürürlər, ölərlər və öldürərlər! Bu da kişilərin hüququdur. Hüququnuza sahib çıxın, kişilər! Qadınlarınızı özünüzdən üstün saymaq hüququnuza sahib çıxın! Siz bərabər deyilsiniz!", - deyə Pənah bəy bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi barədə status dərc edib. Bunu şərh edən Qəhrəmanlı qızının profilinin oğurlandığını və paylaşımın həqiqətə uyğun olmadığını bildirib.

S.Yağmur buna cavab olaraq, profilinin oğurlanmadığını və statusu özünün yazdığını deyib. Daha sonra F.Qəhrəmanlı qızının bu fikri böyük emosional gərginlik halında yazdığını söyləyib. Ardınca isə ailənin ikinci qızı Senay Yağmur da sosial media hesabında bacısına dəstək olduğunu bildirib.

Baş verən hadisələrdən sonra Fuad Qəhrəmanlı AXCP-dəki vəzifəsindən istefa verdiyini bəyan edib.


Tarix: 23-09-2019, 16:00
Xəbəri paylaş





Xəbər lenti