"Internetdə yazıb ki, başçı arvadları apararaq topa güllə qoymağı öyrədir..." - Cəbhəçini sürgün etmək istəyirlər

 "Cəbhəçi Azər Məmmədov internetdə yazıb ki, icra başçısı arvadları Sabirabada apararaq təlim keçir, onlara topa güllə qoymağı öyrədir, sonra da tək-tək qəbul edir. Buna kim dözər? Axı başçımıza belə böhtanlar yaraşmır. Başçı da deyir ki, ay Qazax camaatı siz nə fikirləşirsiniz?".- bu fikirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Azər Məmmədovun Qazax rayonundan çıxarılması üçün icra başçısı Rəcəb Babaşova rəsmi müraciət edən 25 nəfərdən biri, idman müəllimi Tariyel Nəsibov deyib. 
T.Nəsimov əlavə edib ki, hələ onlar müraciətlə kifayətlənmirlər, A.Məmmədovun başına çox oyun açacaqlar. 
Criminal.az-a daxil olan məlumata görə, bir neçə gün əvvəl dövlət müəssisəslərində çalışan 25 nəfər Qazax sakini Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Bababşova yazılı müraciət ünvanlayıb. Həmin müraciətdə qeyd olunur:
"Hörmətli Rəcəb müəllim, adını çəkməyə belə dilimiz gəlməyən müxalifətçi Azərin və onun kimilərin haqqında ciddi tədbir görülməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırasınız. Bu cür halların qarşısının alınmasında ziyalı olaraq hər zaman sizin yanınızda olduğumuzu biləsiniz. Xahiş edirik ki, bizim bu müraciətimizə münasibət bildirəsiniz. Əks halda, biz ziyalılar Azər kimi şəxsiyyətini tanımazların Qazaxı tərk etməsini çağırış edəcəyik. Onun Qazaxdan çıxarılmasını istəyəcəyik. Çünki Qazaxda yaşayıb, qazaxlıların, ziyalıların, rayon rəhbərinin ünvanına olub-olmayanı yazan insanların bu el-obada yaşamağa haqqı yoxdur. Bu müraciəti qananlar üçün bir ismarıcdır". 
Müraciət edənlərdən Xatun Hüseynxanova Criminal.az-a bildirdi ki, A.Məmmədov başçı haqda ağzına gələni yazır, ona görə də, belə bir müraciətə imza atıb.
Qazaxda həkim işləyən Sevda Məmmədov isə müraciətə qoşulması haqda danışmaq istəmədi: "Gəlin yerində araşdırın, mənlik deyil".
Digər müraciət edən 1 saylı orta məktəbin direktoru Bəsdi Ələkbərova deyir ki, A.Məmmədov onun haqda şər-böhtan yazıb: "İnternetdə yazıb ki, məktəbdə bandaya rəhbərliyi mən edirəm. Mən 36 ildir məktəb direktoruyam, Azərin direktoru olmuşam, mən istəmirəm o Qazaxda yaşasın. Onun məqsədi nədir? Başçı ilə arası dəyib deyə belə edir. Onun kimi adam Qazaxda yaşamamalıdır...".  

Tarix: 23-09-2019, 17:30
Xəbəri paylaş





Xəbər lenti