“MƏN BELƏ ETMƏZDİM, UDUZACAQSINIZ!…” – İqbal Ağazadə Rauf Arifoğluna meydan oxudu


 Ümid Partiyasının sədri İqbal Ağazadə Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğlunun onun namizəd olduğu 35 saylı Xətai Seçki Dairəsindən namizədliyini elan etməsinə münasibət bildirib.
 

“AzPolitika.info” xəbər verir ki, partiya sədri dostluq münasibətləri olan R.Arifoğlunun bu qərarından narazılığını gizlətməyib, lakin qalib gələcəyinə inamını ifadə edib.
 
“Bizim mücadilə və mübarizəmiz dəyərlər və qanunlar üçündür. Biz bu ölkədə dəyərlərin və hüququn aliliyi naminə hər şeyimizdən keçməyə hazırıq. Hüquq Rauf bəyə haqq verir ki, istənilən dairədən namizədliyini irəli sürüb mübarizə aparsın. Passiv seçki hüququndan istifadə etməyə kimsəyə qadağa qoymağa nə mənim, nə də sizin haqqınız yoxdur”, – İ.Ağazadə R.Arifoğlunu ittiham edən tərəfdarlarına xitabla Feysbukda yazır.
 
Ümid sədri əminliyini ifadə edib ki, o, 35 saylı dairənin seçicilərindən səs ala biləcək. Sitat: “Biz seçicidən səs almaq istəyirik. Və əminəm ki, alacağıq. Bunu hər kəs bilir, şübhə edənlər də həm təbliğat, həm də səsvermə günü bir daha şahid olacaqlar. Mən heç vaxt başqa dairədən namizədliyimi verməmişəm. Haqqım tanınanda da, tanınmayanda da bu dairənin seçicilərinə üz tutmuşam. Ənənəmə bu dəfə də sadiq qaldım. Rauf bəylə şəxsi münasibətlərimizdən dolayı sizlər onun namizədliyini bu dairədən verməsinə aqressiv yanaşır, mənim heç zaman o namizəd olduğu dairədən iddia ortalığa qoymayacağımı bildiyiniz üçün emosional davranırsınız. Doğrudur, mən heç vaxt Rauf bəyin dairəsindən – həm də həmişə iddialı olduğu, onun daima ordan namizədliyini verdiyini bildiyim dairədən – namizədliyimi verməzdim. Bu mənim prinsiplərimdir. Ona görə yox ki, kiməsə uduza biləcəyimi güman edirəm, əsla. Sadəcə dəyərlərə sayğımın ifadəsi belədir. Lakin mən beləyəmsə, hamını mənim kimi olmağa da məcbur etməyə nə mənim, nə də sizin haqqınız yoxdur. Mən bütün iddialıları bu dairəyə dəvət edirəm, gəlsinlər namizəd olsunlar, yarışsınlar. Seçici səsi almaq üçün mübarizə aparsınlar. Lakin Araz Əlizadəyə oxşamasınlar. Uduzanda kişi kimi etiraf etsinlər, xalqın səsinə haram qatmasınlar, hətta uduzanda mandatı onlara verən tapılsa belə imtina etməyə vicdanları olsun”.
 
İ.Ağazadə rəqibi R.Arifoğluna seçki ilə bağlı “məsləhətlərini əsirgəməməyə” hazır olduğunu qeyd edib: “Namizəd olan hər kəsə, o cümlədən Rauf bəyə uğurlar arzulayıram. Həmişəki kimi dəstək ola bilməyəcəyəm, əziz Rauf bəy. Lakin seçki texnologiyalarını bilən adam kimi seçki qərargahınıza məsləhətlərimi əsirgəmərəm. Mən olduğum yerdə dəyərlər heç zaman pozulmayıb, bir ömür də belə olacaq – mənə münasibətdən asılı olmayaraq. Rauf bəy, bir daha uğurlar arzu edirəm, sizinlə yanaşı gerçək mübarizə aparmaq istəyən hər kəsi bu dairəyə dəvət edirəm”.
 
İ.Ağazadə sonda rəqiblərinə olmuş bir əhvalat üzərindən düşündürücü bir xəbərdarlıq da edib: “P.S. Bir gün yenicə Əməkdar Artist adı alan müğənnilərdən biri mərhum sənətkarımız Habil Əliyevə deyir ki, bəs mənə də Əməkdar Artist adı verdilər. Habil müəllim deyir ki, onlar verdi verdi, bəs sənin abırına nə gəldi ki, götürdün? İndi namizəd olanlar bir də bunu düşünsünlər: xalq səs vermirsə, nəyisə götürməyin, daşıya bilməyəcəksiniz…”
Tarix: 23-12-2019, 17:01
Xəbəri paylaş





Xəbər lenti