Azərbaycanda insanların gələcəklərini sığortalama imkanları




Həyat sığortası pensiya kapitalından məhrum edir?
İnsanların həyat səviyyəsi onların yaşadıqları ölkənin sosial müdafiə sistemindən çox asılıdır. Sosial müavinət, pensiya və sığorta sisteminin dinamik və əlçatan qurulması, habelə vətəndaşın özü üçün sosial yığım təmin edə bilməsi onun həyat keyfiyyətinə birbaşa təsir göstərir. Burada onlara həm dövlət, həm də özəl sektor böyük imkanlar yaratmalıdır.

Azərbaycanda vətəndaşlar özlərinin sosial yığımlarını necə təmin edə bilirlər?
Azərbaycanda insanların özləri üçün sosial yığımları, əsasən dövlət sektoruna bağlıdır. Əməkhaqlarından tutulan məcburi sosial sığorta ödənişi, birmənalı olaraq, dövlət fondu tərəfindən tənzimlənir. Son günlər qeyri-dövlət (özəl) pensiya fondunun yaradılması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb ki, özəl pensiya fondlarının yaradılması ilə əlaqədar 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da özəl pensiya institutlarının fəaliyyəti üçün hüquqi bazanın yaradılması göstərilir. Bu, o deməkdir ki, belə bir fondun 2027-ci ildən tez yaradılması hələ gözlənilmir. Halbuki, Azərbaycanda özəl sosial fondların yaradılması ilə bağlı qanunvercilik bazasının hazırlanması üçün bundan əvvəlki dövrlərdə də dövlət proqramları hazırlanıb, xarici təcrübələr (tvinninq) öyrənilib. Belə ki:
– “2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda qeyri-dövlət pensiya fondunun yaradılması qarşıya qoyulan hədəflərdən biri idi. Proqrama görə artıq 2016-ci ildən sözügedən fond yaradılmalı idi.
– “2014-2020-ci illərdə pensiya təminatı sisteminin islahatı Konsepsiyası” təsdiq edilib və bu sənəddə qarşıya qoyulan məsələlərdən biri özəl pensiya fondlarının yaradılmasının hüquqi bazasının formalaşdırılması, xüsusilə “Özəl pensiya fondları haqqında” qanun layihəsinin hazırlanması idi.

– Həmçinin pensiya-sığorta sisteminin beynəlxalq təcrübəyə uyğun təşkili üçün Avropa İttifaqının maliyyəsi əsasında DSMF tvinninq layihələr icra edib. 2014-2015-ci illərdə Avropa İttifaqının maliyyəsi ilə 750 min avro dəyərində Almaniya hökuməti ilə DSMF arasında tvinninq layihə həyata keçirilib. Layihənin əsas məqsədi fonda qeyri-dövlət pensiya fondlarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi üçün hüquqi bazanın inkişafına dəstək vermək olub.
Göründüyü kimi, zamanla özəl pensiya fondunun yaradılması ilə bağlı təşəbbüslər olub, hətta bu istiqamətdə hüquqi bazanın formalaşdırılması üçün beynəlxalq təşkilatlar tərəfindən maliyyə dəstəyi də göstərilib.
Bəs fondun yaradılması nə üçün ləngiyib?
İqtisadçı Toğrul Vəliyevə görə, özəl pensiya fondunun yaradılması üçün iri bir şirkət olmalıdır:
“Çünki belə bir fond boş yerə yarana bilməz. Bir çox ölkədə ilkin olaraq hansısa iri şirkətlərin nəzdində pensiya fondları yaradıblar. Onlar işçiləri də daxil olmaqla, sosial siyasətlərini özləri təmin etməyə çalışıb. Azərbaycanda iri şirkətlərin əksəriyyəti dövlətə bağlıdır. Dövlətin isə özü-özündə yeni pensiya fondunun yaratmasının mənası yoxdur. Mövcud olan özəl şirkətlər kifayət qədər iri deyil. 250-300 işçisi olan bir müəssisə üçün hansısa pensiya fondunun yaradılması effektiv deyil. O, kifayət qədər pensiya toplaya bilməyəcək və Dövlət Sosial Müdafiə Fonduna pul ödəmək daha sərfəli olacaq”.

Onun sözlərinə görə, özəl sosial sığorta sisteminin yaranması üçün öncə investisiya mühiti, inkişaf etmiş fond birjası olmalıdır:
Əgər ölkədə müəyyən qədər investisiya imkanları olsaydı, o zaman özəl təşəbbüslər yaranacaqdı və həmin vəsaitlər harasa yatırılacaqdı. Əldə olunan gəlir hesabına pensiya kapitalını artıra biləcəkdi. Belə imkanlar olmadığı halda özəl pensiya fondları necə yarana bilər?”.
Hökumət son zamanlar çalışır ki, insanlar öz gələcəyini özləri müəyyən etsinlər. Bu, doğru siyasət deyil. Azərbaycan kimi ölkələrdə sosial siyasət güclü olmalıdır. Çünki əməkhaqları çox aşağıdır. İki ildir median əməkhaqqı dəyişmir, 460 manat səviyyəsində qalır. Belə bir şəraitdə özəl pensiya fondundan danışmaq çox mənasızdır. Ona görə də, başlıca olaraq hökumət sosial siyasəti stimullaşdırmalıdır. Öncə insanlar üçün daha rahat sosial sistem qurulmalıdır ki, ondan sonra biz başqa variantlar haqqında danışa bilək”– deyə Toğrul Vəliyev vurğulayır.
İqtisadçı ekspert Xalid Kərimli də qeyd edir ki, özəl pensiya fondlarının idarəedilməsi, resurslarının necə yerləşdirilməsi kimi məsələlərdə qeyri-əminlik var:
“Pensiya fondu kimi çıxış edəcək hüquqi şəxslərin formalaşmasında, yəqin ki dövlət tam olaraq əminlik yarada bilmir. Çünki bu, uzunmüddətli pensiya fondları olmalıdır. Onun idarəedilməsi, resurslarının nə cür yerləşdirilməsi kimi institusional məsələlərin həlli asan məsələ deyil. Bu istiqamətdə müzakirələr gedirsə, həll olunacaq”.

İqtisadçı hesab edir ki, vətəndaşların özünün də sistemə etibarı önəmlidir:
Çünki fondlar və onların strukturu yaradılacaq, amma insanların bu instrumentə etibarı olmayandan sonra risklər yarana bilər. Xərcləri ödəmək üçün kifayət qədər resurs toplanmaya bilər. Bu baxımdan, qanunverciliyin hazırlanması, pensiya fondlarının formalaşdırılması asan bir proses deyil. Həm də tələsik bir məsələ olmadığına görə ehtiyatla davranılır”.
İnsanları gələcək pensiya kapitalından məhrum edən həyat sığortası
Özəl pensiya fondlarının yaranması ləngidikcə, sığorta şirkətləri tərəfindən təklif edilən alternativlər vətəndaşları cəlb etməyə başlayıb. Xüsusilə, yüksək pensiya və vergi ödənişlərindən yayınmaq və əlavə gəlir əldə etmək istəyi həyat sığortası növlərinə marağı artırıb.  İnsanlar gələcək pensiya kapitalının bir hissəsindən imtina edib, onun həyat sığortasına yönəldilməsinə könüllü razı olurlar. Mövcud  qanunvericilik imkan verir ki, şəxs maaşının 50 faizini keçməmək şərti ilə minimum 3 illik müddətə həyatın yaşam və annuitet sığortasına qoşulsun. Bu zaman əməkhaqqından məcburi ayırmalardan azad olma hüququ yaranır. Habelə sığortaya cəlb edilən məbləğin vergi və sosial ödənişi şəxsin sığorta kapitalının üzərinə gəlir. Bundan əlavə, müqavilə müddətinin sonunda əmanət faizi hesablanır. Yəni şəxsə qısa müddət üçün dövlətin pensiya fonduna ödədiyi vəsaitdən daha çox yığım əldə etmək imkanı açılır. Həmçinin DSMF-də yığılan kapital şəxs öldükdə yaxınları əldə edə bilmirsə, həyat sığortasında, bu, belə deyil.
Mərkəzi Bankın hesabatlarından da görünür ki, son 4 ildə həyatın yaşam sığortası haqlarından yığımlar 59,3 faiz, ödənişlər isə 5,8 faiz artıb. Hazırda 5 sığorta şirkət həyat sığortasını həyata keçirir. Və onların təklif etdiyi “həyatın yaşam sığortası” məhsuluna maraq əhəmiyyətli dərəcədə yüksəlib. İnsanlar artıq belə bir yığımı gələcəkləri üçün alternativ pensiya yığımı olaraq qəbul edirlər.
Cədvəl: Meydan TV
Özəl pensiya fondunun yaradılmasının ləngiməsi fonunda həyat sığortasının məhsullarını ona alternativ saymaq olarmı?
İqtisadçı X.Kərimlinin sözlərinə görə, həyat sığortasına marağın yaradılmasının məqsədi maliyyə sektoru üçün uzunmüddətli pulu formalaşdırmaq və vətəndaşların uzunmüddətli yığıma marağını artırmaqdır:
“ Vətəndaşlar da son illər ona görə həyat sığortasını seçir ki, əməkhaqqından tutulan vergi və DSMF ödənişləri yüksəkdir. Xüsusən, 2500 manatdan yüksək maaş alan, o cümlədən, qeyri-neft sektorunda 8000 manatdan çox alan şəxslər həyat sığortasına kapital yönəltdikdə, gəlirlilik bəzən 40 faizin üzərinə çata bilir. Bu da vətəndaşlara maraqlı edir ki, sözügedən yığım instrumentinə üstünlük versinlər. Bu, həm həyatın sığortasıdır, həm də yığımı stimullaşdıran amildir”.
İqtisadçıya görə,  dövlət neft sektorunda çalışanlar üçün həyat sığortası daha cəlbedicidir. Çünki 2019-2026-ci illər üzrə özəl sektorda çalışanlar üçün vergi güzəştləri mövcuddur.
Lakin X.Kərimli heç bir halda həyat sığortasının hər hansı məhsulunu özəl pensiya sisteminə alternativ hesab etmir. Çünki sığorta daha qısa müddətli dövrü əhatə edir, amma özəl pensiya fondlarında sərbəstliklər daha çoxdur:

Özəl pensiya fonduna yatırım daha uzun müddətli dövr üçün nəzərdə tutulur. Amma həyat yığım sığortası 3 ili əhatə edir. Özəl pensiya fondundan pensiya hüququ yaranma yaşı qanunla müəyyənləşəcək. Çünki pensiya fondları o müddətə görə investisiyalarını edəcəklər. Çox güman ki, pensiya fondu yığılan məbləği hissə-hissə ödəyəcək. Amma həyat sığortasında vəsaiti tam olaraq ödənilir.
Ümumiyyətlə, Azərbaycanın cari pensiya sistemində işəgötürən və işçi mütləq şəkildə DSMF-yə ödənişlər etməlidir. Amma özəl pensiya fondunda vətəndaşlara müəyyən seçimlər veriləcək. Qanunvercilik olmadığına görə, bunun formaları haqqında nəsə danışa bilmirik. Qərb praktikasına görə, şəxs təqaüdə çıxarkən həm özəl, həm də dövlət sosial qurumları tərəfindən pensiya ala bilir.  Habelə bəzilərində pensiya fonduna toplanmış kapitalı tam halda da götürə bilirlər”.

Toğrul Vəliyev də hər iki yığım sisteminə sosial siyasət olaraq baxdıqda alternativ hesab etmir:
Həyatın yaşam sığortasından o şəxslər istifadə edir ki, onun gəliri kifayət qədər yüksəkdir. Eyni zamanda bundan o insanlar istifadə edə bilirlər ki, ən azı pensiya kapitalının normal toplana biləcəyini düşünürlər. Çünki pensiya kapitalına ayrılan vəsaitin bir hissəsi həyat sığortasına gedir. Eyni zamanda həyat sığortasının da müddəti uzun dövr üçün hesablanmayıb.  İnsanlar qısa və ortamüddətli dövr üçün həyat sığortasından istifadə edirlər. Həyat yaşam sığortasından istifadə edənlər məhdud bir qrupdur və məhdud bir şirkətdə yüksək maaşla çalışanlardır. Ona görə də, sosial siyasət baxımında bu iki sistemi alternativ hesab etmək olmaz”.
Meydan.TV
Tarix: Bu gün, 16:49
Xəbəri paylaş





Xəbər lenti