Qadını “Range Rover”in təkərləri altına qoyan Şahmar İbadova replika
Paytaxtın Nərimanov rayonunun icra başçısının I müavini Şahmar İbadovun oğlu Elmir İbadov “Range Rover” markalı maşınla yaşlı qadını vurub öldürdüyü üçün ona 5 il cəza kəsilmişdi. Bu hadisədən iki il ötüb.

Jurnalist İlkin Muradov faceook-da replika yazıb ki, məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul etmişdi.

O, ironiya ilə yazıb: “Amma bu, haqsızlıq idi. Çünki qəza baş verəndə Şahmar İbadov demişdi ki, oğlu yaşlı qadının yolda vəziyyəti pisləşdiyi üçün maşınına qoyaraq xəstəxanaya aparmışdı”.



Yəni, belə çıxır ki, məmur övladı vurduğu qadını küçənin tən ortasında buraxıb qaçmalıymış. Ən dəhşətlisi isə bu hadisədən sonra E.İbadova bəraət verildi, üzərindən məhkumluğu götürüldü.

Bəraət isə o deməkdir ki, onun günahı olmayıb. Yəqin ki, bədbəxt qadın özü qəsdən ölmək istəyirmiş. Hər halda femidanı zorlayan məhkəmə hakimi belə qənaətə gəlib. Deməli, Elmir İbadov dövlətdən zərər çəkən kimi təzminat almalıdır.

Elektron KİV-də gedən xəbərə görə, ictimaiyyət Şahmar İbadov adı gələndə onu Bakının strateji rayonlarından olan Nərimanov İcra Hakimiyyətində ən qalmaqallı məmurlardan biri kimi xatırlayır. O, həm də siyasi hakimiyyət üçün bir persona non-qrata, yəni arzuolunmaz şəxsdir.

Çünki Ş.İbadov dövlətin 12 milyonluq mənzil layihəsində korrupsiyaya yol verməkdə ittiham olunur və indi məhkəmə istintaqının sualları ilə üzbəüz qalıb, digər tərəfdən isə yol qəzasında adam ölümünə səbəb olan oğlu Elmar İbadova bəraət verilməsindən sonra dövlətdən təzminat istəmək ambisiyası iqtidar rəhbərliyini qəzəbləndirib.

Onsuz da cəmiyyət bilir ki, Ş.İbadov oğlu Elmarın bəraət alması üçün Sumqayıt apelyasiya məhkəməsinin hakimi ilə sövdələşib, babat xərci çıxıb. Bundan sonra onun susması və dövlətdən təzminat güdmək planından vaz keçməsi məsləhətlidir.

Ş.İbadov Nərimanov İH başçısının müavini olduğu ilk illərdə o qədər də tanınmayan, oliqarxlaşmamış məmur idi. Fərzəliyev ona necə qol-budaq açdısa, sürətlə varlandı, villalara, obyektlərə sahibləndi.

Görünür ki, onlardan birinin satışı yaxud illik icarə pulundan aldığı gəliri məhkəməyə “tərləmək”lə oğlu Elmarı cinayətdən “sudan quru” çıxarıb, bəraət almasına nail olub.

Tarixin ədaləti indi ironik şəkildə tərsinə dövran edir. Repressiyanın günahsız qurbanlarından olan Hüseyn Cavidlərə sonralar bəraət verilirdisə, indi Azərbaycanda günahı olanlar arasında bəraət alanlar var.

İnsan həyatı məhv olur, lakin təqsirləndirilən şəxs nəinki cəzalandırılır, sonra cinayət törətmədiyi deyilərək bəraət verilir, qan batırılır...

Sumqayıt Apelyasiya məhkəməsinin qan batıran hakimi Məhəmmədəli Rzayevlə hansı səviyyədə sövdələşibsə, oğluna bəraət qazandırıb.

Elmar İbadovun ölümlə nəticələnən törətdiyi yol qəzası o hadisələrdən idi ki, həmin vaxt ardıcıl olaraq məmur övladlarının qudurğanlığı həm xalqı, həm prezidenti qəzəbləndirmişdi.

Dövlət başçısı məmur balalarına və atalarına xəbərdarlıq edirdi. Amma zaman keçdikcə göründüyü kimi, onlara verilən cəzalar yüngülləşir, həbsdən buraxılırlar.

Yəqin ki, tarix, gələcək nəsillər onu xatırlayacaq, dərsliklərdə belə hakimlərin barəsində gerçəklərdən bəhs olunacaq.

M.Rzayev prezidentin məhkəmə-hüquq sistemində islahatlara başlamasını deyəsən, tərsinə başa düşərək cinayət törətmiş şəxsin cəzasını nəinki yumşaldır, hətta bəraət verir.

Bəraət o deməkdir ki, Ş.İbadovun oğlu Elmarın günahı olmayıb, ona ilkin məhkəmə instansiyasının verdiyi hökm ədalətsiz olub, məmur oğlu avtoqəzada heç kəsi öldürməyib, günah öləndədir.

Əvvəla M.Rzayev Abşeron Rayon Məhkəməsinin qərarını yerə vurub, bu instansiyanın E.İbadov barəsində çıxardığı 5 il müddətinə azadlıqdan məhrum olunma hökmünü heçə sayıb, məhkəmənin haqsız qərar verdiyini göstərmək istəyib. Əks halda Elmara bəraət verilməzdi.

İkincisi, ölüm işində məmur oğlunun günahı sübuta yetirilib, özü də məhkəmədə peşman olduğunu söyləyib. Bu halda bəraətin izahı nədir?

Ən yaxşı halda onun cəzası yüngülləşdirilə bilərdi. Odur ki, sual yaranır - görəsən, bu işdə Ş.İbadovun nə qədər xərci çıxıb, neçə yüz min “tərləyib”?

Qanun, dövlət və bir insan taleyi “Range Rover”in təkərləri altında ayaqlanıb heç sayıldı...                                                                                                                                                                                      http://cahan.info/manset/12366-qadini-range-roverin-tekerleri-altina-qoyan-sahmar-badova-replika.html