TƏDRİS PROSESİNİN BƏRPASI UZADILDI - Buraxılış, qəbul və smestr imtahanlarının necə keçiriləcəyi açıqlandı


"1 iyundan tədris prosesi bərpa edilməyəcək". "AzPolitika.info" xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib.

O, bildirib ki, Operativ Qərargah tərəfindən bu barədə müzakirələr keçirilib və qərar yuxarıda qeyd edilən kimi olub. 

Təhsil naziri şagirdlərin necə qiymətləndiriləcəyi də açıqlandı: "2019-2020-ci tədris ilinin sonu üçün şagirdlərin biliyinin qiymətləndirməsi prosesinin keçirilməsi nəzərdə tutulmayıb". 

Nazirin sözlərinə görə, yeni tədris ilinin birinci yarımil üzrə qiymətlər əsas götürüləcək və sinifdən sinfə keçirilməsi məsələsinə baxılacaq.

Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki, yeni tədris ili üçün I sinfə qəbul prosesində 122 minə yaxın uşaq qeydiyyatdan keçib və onlar artıq I sinfə qəbul olunub. 

Nazirin sözlərinə görə, tədris digər dillərdə olan məktəblərdə oxuyacaq uşaqlarla müsahibələrə qeydiyyat mayın 20-dən etibarən başlayacaq və 9621 uşaq müsahibəyə cəlb ediləcək.

C.Bayramov qeyd edib ki, növbəti tədris ili üçün lisey və gimnaziyalara qəbul imtahanı avqust ayında keçiriləcək.



C.Bayramov qeyd edib ki, universitetlərdə bu tədris ilinin uzadılması nəzərdə tutulmur: "Hərbi çağırış dövrü nəzərə alınanaraq oğlan tələbələr üçün təcrübənin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulur. Yay imtahan sessiyası iyun - iyul aylarında keçirilməsi planlaşdırılır".

"Qiymətləndirmə sessiyası həm onlayn, həm də ənənəvi şəkildə təşkil edilə bilər. Azərbaycanda təhsil alan 176 min tələbənin 75 faizi onlayn tədrisə qoşulub" -deyə Təhsil naziri bildirib.

Nazirin sözlərinə görə, 40 minə yaxın tələbə istehsal təcrübəsi mərhələsindədir və bu səbəbdən onlayn dərslərə qoşula bilməyib: " 40 minə yaxın tələbənin 80 faizinin yekun attestasiyası əksər hallarda təhsil aldığı müddətdə əldə etdikləri ümumi orta müvəffəqiyyət göstəricisi əsasında aparılacaq. Narazı qalanlar əvvəlcədən müraciət edərək avqust-sentyabr ayında təşkil olunacaq dövlət imtahanında yenidən iştirak edə biləcəklər. Buraxılış işinin müdafiəsi onlayn və ənənəvi formada olacaq".

"XI sinif buraxılış imtahanlarının da iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır". "AzPolitika.info" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.



DİM sədri bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq: “İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir. Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər".

DİM sədri bildirib ki, iyunda keçirilməsi nəzərdə tutulan imtahanlarda 80 min şagirdin iştirakı planlaşdırılır: "Bir auditoriyada maksimum 12-15 şagird oturacaq"

"Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılacaq" - deyə Məleykə Abbazadə brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur: “Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq”.

Məleykə Abbaszadə deyib ki, builki imtahanların özəlliyi ondan ibarətdir ki, şagirdlər yaşadığı regionda imtahan verəcək: 

DİM sədri bildirib ki, şagirdlərin region mərkəzlərinə getməyinə ehtiyac duyulmur:“Bu səbəbdən 160 000 mindən çox şəxsin imtahan verəcəyini nəzərə alsaq, şagirdləri yerləşdirmək üçün 320 minlik yer hazırlamalıyıq”.

 Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində jurnalistlərin suallarını cavablandırıb.

 DİM sədri bildirib ki, magistratura səviyyəsinə qəbul yerləri təsdiqlənib. Yaxın vaxtlarda bununla bağlı əlavə məlumat veriləcək.

"Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq" - deyə,  Məleykə Abbaszadə qeyd edib.

DİM sədri bildirib ki, bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan 1 mart 2020-ci il tarixində buraxılış imtahanında (I mərhələ) iştirak etmiş 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər: "Tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində təşkil ediləcək".

Elman

AzPolitika.info

Tarix: 7-05-2020, 22:53
Xəbəri paylaş





Xəbər lenti