“Blatnoy dembel” səviyyəsində qalmış adamın lovğalanması...

 

Surət Hüseynovun Laçın Məmişova verdiyi tele-müsahibəni bir zülm-zillətlə izlədim.  Bu tele-müsahibə montaj olunsaydı, həcmi iki-üç dəfə az olardı. Hətta Surət Hüseynov özünəvurğun biri olmasaydı, danışdığı sözləri bir gündən sonra saf-çürük etsəydi,  ya müsahibənin yayılmasını yasaqlayardı, ya da onu xeyli ixtisar etdirərdi. 

Bu müsahibə fəxr edə-edə “mən bu ölkənin baş naziri olmuşam”  deyən adamın nə yaşına-başına, nə vaxtilə tutmuş olduğu vəzifənin ranqına, nə də müəyyən intellektual səviyyəsi olan adama yaraşacaq söhbət deyil.

Adamın gözünün qabağına sovet dövründə əsgərlik çəkib qayıtmış, “ded” olduğu dönəmdə “blatnoyluq etmiş”, “molodoyları zastavit” etməsiylə öyünən bir “dembel”in çayxanada basıb-bağlaması gəlir. Elə bilirsən, baş nazir vəzifəsi tutmuş birinin yox," kombat"a tez-tez cavab qaytaran, “ves çastı fırladan” gopçu “dembel”i dinləyirsən.

Nə etməli, adamın səviyyəsi budur. Onu aparıb BMT-nin baş katibi qoysan da bundan artıq olmayacaq, özünü Yevlağın, Gəncənin arxa küçələrindəki, yerli əhalinin sözü ilə desək, dölmələrindəki “blatnoy oğlan” kimi aparacaq.

Bir vaxtlar ölkənin taleyini həll edən 10-15 adamdan biri olan şəxsin bu təhkiyəsi, səs tonu, leksikonu o dərəcədədir ki, hətta dedikləri yüzdəyüz həqiqətlərdən ibarət olsa da, normal insan onları dilinə gətirməz. Təvazö çərçivəsi darmadağın, lovğalıq Everestin zirvəsində, təkəbbür toposferdə. Cümlələr “mən, mən, mən”lə başlayır, eləcə davam edir, o cür də bitir.

Onun söhbətini dinləyən, ancaq keçmişindən, mahiyyətindən, fəaliyyətindən xəbərdar olmayan adamda asanlıqla belə qənaət hasil ola bilər: bu kimdirsə, 1989-94-cü illərdə ölkəni gizli şəkildə idarə edib, ondan xəbərsiz ölkədə quş uçmayıb. Məsələn, Heydər Əliyevin 1992-ci ildə hakimiyyətə gəlməsinin qarşısını bu alıb, deyib, lazım döy; Elçibəyi bu adam prezident seçdirib; Etibar Məmmədovun prezidentliyə namizədlikdəni geri çəkilməsini bu adam diktə edib; müdafiə naziri Rəhim Qazıyevi prezident yox, məhz bu adam ora-bura buyurub; Gəncə ətrafındakı rus ordusunu bu adam şəxsən tərksilah edib, başının dəstəsilə hərbi bazaya girib, hərbçilərin hamısını “stroy”a düzüb; ermənilərlə müharibəni təkbaşına aparacaqmış, imkan verməyiblər; bu adamdan başqa hamı torpaqların əldən getməsində günahkardır və sair və ilaxır.

Bu adamın dediklərində, söz yox, həqiqətlər var, bəzi şeyləri düz deyir, bəzi adamlara qiyməti düz verir, amma dediklərinin hamısı o dərəcədə təkəbbür və lovğalıq pərdəsinə bürünüb ki, öz sözünün gerçəyini də məhv edir. Sanasan, bir balon təmiz balı yuyulmamış uşaq güvəcinə (qorşok) töküb təqdim edir.

Surətin özünə qəhrəmanlıq epopeyası düzəltməsinə də dözmək olar, vətən qarşısında xidmətlərini (onun belə xidmətləri də olub) göylərə qaldırmasına da, özünü çirkli siyasi intriqaların fövqünə çıxarıb “təmiz qalmasını” iddia etməsinə də. Amma qanuni hakimiyyətə qarşı silahlı və qanlı qiyam qaldırmasını bu adama bağışlamaq olmaz.

Hətta Elçibəy hakimiyyətini qansız-qadasız devirmiş olsa da, zaman aşımını nəzərə alaraq, bu gün onun cinayətlərinin üstündən keçmək olardı, ancaq Prezident Qvardiyasının vətən torpaqları uğrunda gerçəkdən can qoyan əsgərlərini tərk-silah edərək avtobusda xaincəsinə güllələtməsini əsla bağışlamaq mümkün deyil.

O, iki saatlıq tele müsahibələr əvəzinə məhkəmədə 20 dəqiqəlik ifadə verməli və iki dəqiqəlik ömürlük həbs hökmü dinləməli adamdır.

Baxıram, müsahibənin Youtube saytına yerləşdirilmiş variantının altında yüzlərlə öygü dolu şərh var. Bir çoxları onu “qəhrəman”, “xilaskar” adlandırır, yenidən onun ətrafında birləşməyə dair çağırışlar edirlər. Şəxsən tanımadığımıza görə bu adamların yeni “zobik”lər, “budaqov”lar və ya “kəramət”lər, “aypara”lar olduğunu iddia edə bilmərik, amma görünən odur ki, olub-keçənlərə baxmayaraq, bu adama hələ də inananlar var.

S.Hüseynovun hansısa xarici məkrli qüvvələr tərəfindən yenidən aktivləşdirilməsinə gəlincə, bu ehtimal da ola bilər. Amma məncə, bu, olsa-olsa, yaxşı “ded” həyatı yaşamış “dembel”in əsgərlik xatirələrinin coşmasıdır. Hətta o, sinəsində baş qaldırmış siyasi ambisiyasının təsiri ilə danışırsa da, xeyri yoxdur, bu xalq və onun siyasətlə, ictimai işlərlə məşğul olan qrupları (iqtidarlı-müxalifətli) bu “blatnoy ded” və ya həvəskar “vor-zakon” (bu sözün ən real tərcüməsi - “oğrubaşı” ) səviyyəsində qalmış adamın bir daha siyasət arenasında boy göstərməsinə imkan verməz.

Tarix: 8-05-2020, 11:53
Xəbəri paylaş





Xəbər lenti