İcra başçılarının qaranlıq dünyası: Bu xəmir hələ çox su aparacaq


İcra başçılarının qaranlıq dünyası: Bu xəmir hələ çox su aparacaq

Vəzifəli şəxslərin könüllü əmlak bəyannaməsi vermələrinə bel bağlamaq olarmı?

 

İcra başçılarının “yarpaq tökümü” davam edir. Urvatsız şəkildə vəzifəsindən uzaqlaşdırılanların ardınca digərlərinin tərbiyələnmək kimi meyli hiss olunmadığı üçün, bu “xəmirin” hələ çox su aparacağı istisna deyil.

 

Hazırda əsas müzakirə mövzusu həbs olunan məmurların üzə çıxan sərvətləridir. Təbii ki, bu varidat dövlətin və vətəndaşın pulunun mənimsənilməsi hesabına toplanıb. Belə olan halda vəzifəli şəxslərin pul və əmlakına nəzarət məsələsi yenidən aktuallaşır.

 

Bəzi ölkələrdə (Gürcüstan, Moldova) dövlətin etibar etdiyi kreslo sahibləri öz mal-mülkləri barədə könüllü bəyannamə verirlər. Əlbəttə ki, varidatla bağlı saxta məlumatların yayılmasının da bir başqa cəzası var. Digər bir məqam da odur ki, vəzifəli şəxslərin üzərində daim dövlət və ictimai nəzarət olur ki, onlar “pis yola” düşməkdən çəkinsinlər.

İsveçrədə yaşayan azərbaycanlı hüquqşünas Aqil Layıc AYNA-ya açıqlamasında deyib ki, əsas diqqət edilməli məqam varidatın ictimailəşdirilməsi yox, həmin şəxsin varidatının olub-olmamasıdır: “Bunun araşdırılmasının yükü hüquq mühafizə orqanlarının üzərinə düşür. Söhbət şəxsin vəzifəyə gəldikdən sonrakı varidatının  çoxalmasından gedir ki, bunu da hüquq mühafizə orqanları bilməlidir. Aidiyyəti orqanlar daim vəzifəli şəxsin mülklərini, obyektləri, daşınar-daşınmaz əmlakı barədə məlumatlı olmalıdır. nın siyahısını, vəziyyətini bilməlidir”.

 

“Digər tərəfdən, Azərbaycanda uzun müddətdir, “Vəzifəli şəxslərin əmlak deklarasiyası” müzakirə və mübahisələrə səbəb olsa da, sənəd qüvvəyə minmir, indiyədək bu məsələnin tətbiqi ertələnir, hələ də məlumat verilmir. Digər bir məqam – vəzifəli şəxsin varidatı başqalarının adına ola bilər. Bu ehtimallara nəzarəti də güc strukturları etməlidir. Vəzifəli şəxsin həyat tərzi, korrupsiyaya meylliliyi, davranışı, işindəki məhsuldarlığı yenə də hüquq-müahizə orqanlarının diqqətindən qaçmamalı, daim araşdırma mərkəzində olmalıdır”, - həmsöhbətimiz bildirib.

 

A.Layıc hesab edir ki, Azərbaycanda qanunvericilik bazası kifayət qədər var: “Amma jurnalist araşdırmalarına əngəllər olmazsa, bu mövzuda çox məqamlar ortaya çıxa bilər. Belə şəxslərin data məlumatlarının, varidatları ilə bağlı informasiyanın özləri tərəfindən verilməsi bir işə yaramaz. Bu insanların verdiyi bəyannamələr də 0 səviyyəsində olacaq, çünki onların mal-mülkləri ayrı-ayrı şəxslərin adlarına keçirilib, izin itirilməsi üçün kifayət qədər fakt var. Əsas məsələ mövcud olanların dəqiqliyidir ki, yenə də vurğulayıram, hüquq-müahfizə orqanlarının reaksiyası və bu sahədə işini aparması mühüm əhəmiyyət kəsb edir”.

 

“İcra başçılarının son saxlanılma faktlarına diqqət yetirsək, görərik ki, kütləvi şəkildə vətəndaşları talayan bu insanlar kimlərin vasitəsilə öz qanunsuz əməllərini törədiblər. Əlbəttə ki, hüquq-mühafizə orqanlarının. Məhkəmələr, prokurorluq, polis orqanları icra hakimiyyətləri qarşısında acizdir, bu acizlik səbəbindən də vəzifəli şəxsləri DTX həbs edir, əməliyyatlar aparır. Necə olur ki, polis, məhkəmə orqanları təqsiri olmayan insanları 5-10 manat üçün cəzalandırır, amma bu qədər qanunsuzluqlarq göz yumur?!”, - deyə hüquqşünas vurğlayıb.

 

Layıc onu da əlavə edib ki, indiyədək həbs olunan və ya həbs edilməyən (potensial cinayətkar) icra başçıları, çox sayda jurnalisti onları ifşa etdiklərinə, korrupsiya əməllərinidən yazdığına görə məhkəmələrə verib, cərimə və ya həbs etdirib: “Jurnalist korrupsiya əməllərini aşkar edəndə cinayət olur, DTX faktın üstün açanda isə reallıq?! Bu gün bir daha sübut edilir ki, icra başçıları haqqında deyilənlər düzdür və məhz buna görə də mülki və cinayət icraatı qaydasında icra başçıları tərəfindən təqib edilən bütün jurnalistlər barəsində olan işlərə xitam verilməli, onların üzləşdikləri məhrumiyyətlərə görə ədalətli kompensasiya ödənilməlidir və onlardan publik qaydada üzr istənilməlidir”.

Alov Safaraliyev adlı şəxsin şəkli.

Vəkil Alov Səfərəliyev də AYNA-ya şərhində həmkarının fikirlərini davam etdirib: “Vəzifəli şəxslərin varidatının aşkarlanması üçün onların özünün bunu açıqlamasını gözləmək sadəlövhlük olardı. Çünki həmin şəxslərin mal-mülkünün çoxu öz adına deyil”.

 

“Bir vacib məqam da var ki, vəzifəli şəxs qanunvericiliyə görə, hər hansı kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Bu, o deməkdir ki, vəzifəli şəxsin sahibkar kimi pul qazanması, direktor, müdir, şirkət rəhbəri olması qadağandır. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, vəzifəli şəxsin varidatı ayrı-ayrı qohumlarının adına olduğundan bəyannaməni necə təqim edə bilər? Deməli, iş qalır hüquq mühafizə orqanlarının üzərinə”, - Səfərəliyev vurğulayıb.

 

P.S. Bu günlərdə korrupsiyaya görə həbs olunan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 2017-ci ilin avqustunda Prezident tərəfindən "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Yevlaxın həbsdə olan keçmiş icra başçısı Qoca Səmədov da tutulmamışdan cəmi iki ay əvvəl - 2019-cu ilin oktyabrında "Vətənə xidmətə görə" ordeni alıb. Həbsdə olan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev isə 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.

 

Görünür, bu şəxslər vaxtilə hökumətdəki hansısa dairələr tərəfindən dəstəklənib və onların barəsində dövlət başçısına saxta tərifnamələr, yalan təqdimatlar verilib. Amma gec-tez həqiqət üzə çıxır və ölkə rəhbərliyinin masasının üzərinə əsl həqiqətlər qoyulur.

Tarix: 8-05-2020, 23:22
Xəbəri paylaş





Xəbər lenti