Bərdədə Dövlət Yol Polisinin fəaliyyəti rayon sakinlərini qane etmir.

  
 Nöqsanlarla dolu xidmət vətəndaşlarda dövlətə və polisə olan inama ağır zərbə vurur. Dövlət Yol Polisinin fəaliyyəti, vətəndaşlarla davranışı, cəmiyyətdə heç də bir mənalı qarşılanmır. 
  Şübhəsiz ki, Daxili İşlər Nazirliyinin rəhbərliyində də yol polislərinin həddindən artıq korrupsiyalaşması, rüşvətə meylli olması narahatçılıq yaradır. Daxili İşlər Naziri Vilayət Eyvazovun Baş Dövlət Yol Polisində apardığı kadr dəyişiklikləri də  məhz bununla bağlı olub. Bərdə rayonunda da Dövlət Yol Polisi əməkdaşlarının yaratdığı  fəsadlardan şəhər əhalisi  əziyyət çəkir. Şəhərdə Yol polislərinin gözəl-göyçək ,komfort avtomobilləri durmaq bilmir, o yan, bu yana fır-fır fırlanır. Amma Bərdə kimi o qədərdə böyük olmayan əyalət şəhərində  hərəkətin təhlükəsizliyini təmin edə bilmirlər .  Qəza statistikası günü-gündən artan rəqəmlə inkişaf edir. Səbəb də nəqliyyatın hərəkətinin tənzimlənməsində yol verilən nöqsanlardır. Sürücülük vəsiqəsi olmayan kəslərin belə rol tutub, yola çıxması mümkündür.Sərxoş olub, sükan arxasında oturanlar da maşın sürə bilərlər. Yetər ki, Anar Cəlilovun hesabını versinlər. Biznesdən, bazarda ticarət eləməkdən DYP-yə rəis gələn Cəlilov üçün nə varsa həll oluna bilər.Məşhur kəlamda deyildiyi kimi: tək ölümə çarə yoxdur. Pul olan yerdə İXM-də, ondan yekə qanunları da, lap elə Azərbaycan Respublikasının konstitusiyasını da tapdalamaq olar. Bu Cəlilovun öyrəşdiyi bazar vərdişləridir, sanki. Bu şəhərin ən maraqlı mənzərələrindən biri də minik maşınlarının belinə özündən də yekə yükü götürüb,  daşımasıdır. Ən çox sovet istehsalı olan “Volqa-QAZ 24” maşınlarının konstruksiyasına dəyişiklik etməklə yük daşımada istifadə edilir. Tonlarla ağırlığı olan həyət darvazaları bu maşınlara yüklənərək küçə və meydanlardan keçməklə şəhərin yaxud da rayonun müxtəlif ünvanlarına daşınır. Yol hərəkətinin təhlükəsizliyi çox kobud şəkildə pozulmuş olur. Anar Cəlilov hara baxır? Onu da bilirik ki, yol polisi işə çıxanda "çörək pulu çıxarmaq" düşüncəsi ilə çıxır. Yəni yolu tənzimləmək yox, qayda pozuntularına imkan yaratmaq, pusquda durub güdmək, bilməyərəkdən qanun pozan sürücünün qanun pozmasının qarşısını almaq əvəzinə, durub gözləmək və anında qırğı kimi başının üstünü kəsdirməkdi işi.   Birdə görürsən ki, çavuşun biri əlində aparatla hansısa maşını çəkir. Guya ki, qadağan olunmuş yerdə saxlayıb. Hansı ki, yol polisinin qaraladığı maşının yanında daha neçə belə maşın var. Məsələn , Heydər Əliyev prospektindəki 1 saylı məktəb, Məşğulluq Mərkəzinin qarşısındakı ərazisində mütəmadi olaraq yolun sağında və solunda avtomobillər saxlanılır. Dövlət idarələrinin, idarə və müəssisələrin burada yerləşməsi isə vətəndaşların müraciətilə əlaqədar olaraq  bu ünvanda dayanmağı zəruri edir. Dayananlarındakı seçmə üsulu ilə maşınlarının şəkili çəkilir,cərimələnirlər. Patrul xidməti cərimələməkdən əvvəl gördüyü tədbirin birinin belə adını çəkmək mümkün deyil. Həmin avtomobillərin başqa yerlərdə saxlanılması üçün ərazi də yoxdur. İcra Hakimiyyətinə yaxın meydanda avtomobillərin parklanması üçün geniş meydan olsa da hər yanı bağlanıb. Yaman gün üçün saxlanır,sanki. Məcbuq qalıb, əlacsız olaraq, parklanmağa yer tapmadığından vətəndaşlar hərəkət zolaqlarının kənarında dayanmalı olurlar. Bir dəfə bu barədə Bərdə DYP rayon rəhbərliyi ilə müzakirə edibmi ki, məsləhətləşibdimi ki, camaat şəhərə minib, gəldiyi maşınların saxlanılması üçün yerlər ayrılsın. Məsələn, dediyimiz kimi belə yerlərdən biri Bərdə rayon İcra Hakimiyyətinin yanındakı boş meydan ola bilər. Bəllidi ki, ağıllarına belə gətirməyiblər. Necə deyərlər, əvvəl şərait yardın , sonra tələb edin! Yoxsa ki, əlinə aparat götürüb, tüpürüb barmağına cərimələr yazmaq, bərdəlilərin gününü qara eləmək iş deyil.   Polisin vəzifəsi vətəndaşları qorumaq olduğu halda, onların rifahına  zərər verə biləcək təhlükəni önləmək əvəzinə əllərində aparat küçələrdəki maşınların şəklini çəkib, cərimə yazmaqla camaatın cibinə girirlər. Xüsusilə nəzərə alsaq ki, indi daha həssas dönəmdir. Ölkə başçısı, bir balaca qəlbində mərhəmət hissi olan xeyirxah şəxslər yardımlar paylayır, ac qalan olmasın deyə əllərindən gələni etməyə çalışırlar. Hər yerdə, hər sahədə sosial tədbirlər həyata keçirilir. Vergi orqanlarında, DSMF-də, banklarda insanların öhdəliklərini yerinə yetirməsində güzəştlər tətbiq olunur. Hamılıqla mərhəmət hissi yaşadığı dönəmdə bərdəli yol polisləri tarix qarşısında utancgətirən “ misilsiz xidmətlərindən” əl çəkə bilmirlər. Bunları düşünmək üçün , mərhəmətli olmaq üçün heç şübhəsiz ki, birinci vicdan olmalıdır. Mənəvi dəyərlərə malik olmalısan ki, insanlığa yaraşan hərəkət edəsən. Əks təqdirdə bu günkü qədər rəzillik, xəcalət yaradacaq hərəkətlərin şahidi oluruq. Bizim polislər inzibati tənbeh, cəza tətbiq edənə qədər niyə ilkin addımları atmırlar, görəsən. Cəriməyə qədər hansı addımları atırlar ki, vətəndaşların mənafelərinə ziyan vurmamış olsun. Bəlkə vətəndaşların gəldikləri ünvanlara yaxın yerlərdə parkinqlər yaradıblar.Orada şərait yaradıldığı halda sürücülər maşınların yolların kənarında saxlayıb, xəta edirlər. Belə yerlər yaratmayıb,sonra da girəvələyib,şəkillərin çəkib, cərimələyirlər. Bəlkə qadağan edilmiş yerlərdə dayananlara oradan maşınların kənarlaşdırmağı deyir, əməl etməyənləri cəzalandırırlar. Heç nə demirlər. İlkin heç bir addım atılmadan çalışdıqları cərimə yazmaqdır. Bərdəli yol polislərinin çalışdığı, zəhmətkeş, sadə, fağır bərdəlilərə hansı yolla olursa, olsun ziyan vurmaqdır. Mərdimazar çəpəri olub, onların gününü qara eləməkdir.   Bir neçə avtomobilin küçə boyu dayanması isə aldadıcı manevr effekti yaratmış olur. Dayanan maşınları görən avtomobil sahibi ərazinin qadağan olunmasını gözləmir. Avtomobilini həmin ərazidə saxlamağa qərarlı olur. Polislərin gözlədiyi də məhz, belə görünüşə aldanmaqdır. Bunun bir adıda “ sürücülər üçün “ tələ”də adlandırmaq olar. Əgər gözlənilmədən avtomobillərin arasından seçib birini deyil, qadağan olunmuş ərazidə olan maşınların hamısını çəksələr, heç şübhəsiz ki, həmi ərazidə heç kim maşınını saxlamayacaqdır.   Belə məlum olur ki, maşınlara cərimə yazmağa görə bu polislər çox həvəslidirlər.   Bərdəli yol polisləri həftənin 5-ci günləri qılınclarını qınından çıxaran qəhrəmanlardan olurlar. Rayon ərazisindəki “mal bazarından qayıdanların yolunu kəsirlər. Hər maşın hesabını verəndən  sonra yoluna davam edə bilər. İnzibati Xətalar Məcəlləsinin tələblərinə nəzarət etmək məsələsi olsa yol polisləri çox maşının hərəkətini dayandırmalı olmalıdır. Ancaq , burda kisəni pulla doldurmaq olduğundan hamının yoluna xeyir dua verilir. Bərdəli polislərin göz yumduğu xətalardan biri də avtoşların avtomobillərə bildikləri konstruksiya dəyişiklikləri etmələridir. Bərdə şəhərində arxa tərəfi aşağı enmiş, qabağı qaldırılmış maşınlara tez-tez rast gəlmək olur. Belə halları hər kəs görürsə, deməli yol polislərinin də nəzərindən uzaq olmayıb. Və əgər bu maşınlar sərbəst hərəkət eliyə bilirlərsə, deməli camaatın gününü qara eləmiş yol polislərinin “ rəğbətini” qazanıblar. Ki belə qanunpozucularına gözün üstə qaşın var deyən yoxdur. Bərdədə aparılan sorğulara əsasən demək olar ki, BDYP-nin rayon bölməsinin fəaliyyətindən razı olan yoxdur. Yol polisləri haqqında olduqca mənfi fikirlər formalaşıb. Bunun da əsas səbəbkarı bölmənin rəisi Anar Cəlilovun özüdür.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Musa Muradlı 
xüsusi olaraq Siam.az üçün

 

 
Tarix: 11-05-2020, 23:31
Xəbəri paylaş





Xəbər lenti