"Bunu qapısında saxladığı köpəyə on kasıbın qidasını verən rüşvətxor məmurların, dələduz oliqarxların hesabına edin"



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  cənab İLHAM ƏLİYEVƏ
 
Möhtərəm prezident!
 
Mənim yaxşı yadımdadır, Sovet hökuməti ikinci dünya müharibəsindən sonra, 5 il əzab çəkmiş vətəndaşların güzəranını yaxşılaşdırmaq üçün, tutarlı tədbirlər həyata keçirdi. Lakin onların arasında əsas məsrəflərin qiymətini qaldırıb, insanların güzəranını daha da ağırlaşdırmaq tədbiri yoxudu. 
 
Əgər büdcəni doldurmaq və müharibə xərclərinin əvəzini çıxmaq istəyirsinizsə, bunu 30 il müharibədən əzab çəkmiş kasıb-kusubun hesabına etməyin. Qapısında saxladığı köpəyə on kasıbın qidasını verən rüşvətxor məmurların, dələduz oliqarxların, pulla seçilmiş "xalq elçilərinin" və digər zəlilərin, canavarların, quzğunların hesabına edin. Onların "bağ evi" adlanan, 3-4 metirlik hasar arxasında  gizlənmiş  möhtəşəm QALALARINDA  bir gündə yüz kasıbın işlətdiyi su, işıq, qaz işlədilir. Hamısı da məccanı. Bu ağalar onların dəmir-beton darazalarını döyməyə cəsarət edən zavallı istehsalçıları elə günə qoyurlar ki, onlar gəldiyi yolu unudur. Büdcə doldurmaq  kanalları çoxdur. Onları işə salmaq istəsəniz, vətən yolunda canını qurban verən kasıb-kusubun yaxınlarının, qazi ailələrinin  qəpik-qruşuna  göz tikməyə hacət qalmaz. Elə Tarif Şurasından başlasanız pis olmaz. 
 
ƏRŞAD ƏZİMZADƏ, 
yazıçı-jurnalist.  03.07.2021. Bakı.

Tarix: 3-07-2021, 17:34
Xəbəri paylaş





Xəbər lenti