Məmuru işdən necə çıxarmalı...



İmişlidə yaşayan bir virtual dost, yazı-pozu adamı sosial şəbəkədə yazıb ki, İmişliyə yoxlama gəlib, obyektlərin 90 faizi bağlıdır, rayona elə bil, yas düşüb.
İndi sual çıxır: ilin-günün bu vaxtında nə yoxlamasıdır, görəsən?
Yəqin ki, özəl müəssislərin, sahibkarların yoxlaması deyil. Çünki elə bu günlərdə qərar verilib ki, sahibkarların yoxlanılması daha bir il  ertələnir. Yəni onlar hələ daha bir il də işlərini inkişaf etdirə, pul yığa bilərlər. Haqq-hesab zamanı gələn il yetişəcək.
İndiki yoxlama böyük ehtimalla dövlətə aid idarə və müəssisələrin fəaliyyətini araşdırır. Amma niyə hamısını birdən yoxlayırlar, nə xəbərdir?
Üstəlik, İmişli yoxlamadan yeni çıxmış rayondur, keçmiş İH başçısı və yaxın əshabələri də içəridədir. Təzə rəhbərlik və onun təyin etdiyi yeni idarə müdirləri hələ yerlərini qızdırmayıblar.
Dədə-babadan görmüşük ki, təzə vəzifəyə gələnə 3-4 il dəyməzlər, adam bir az özünə gələr, pullanar, qıllanar, ondan sonra tutub yolarlar, deyərlər, ver, gəlsin, hər nəyin vardır, verilən şey yadigardır.
Amma çoxdan bəlli bir faktdır ki, harada kütləvi yoxlama varsa, o işin axırında mütləq vəzifədən götürülmə və tutqu var. Ona görə də, güman ki, yeni yoxlama əsasən Vilyam müəllimin vaxtından qalan müdirləri vuracaq.
İşin qaydası budur, bir adamı vəzifədən çıxarmaq, sonra da bir neçə il istintaq idarələrində, məhkəmələrdə sürüncəkli eləmək istəyirsənsə, gərək onun fəaliyyətini yoxlayasan, xirtdəyə qədər kanalizasiya məmulatının içində olduğunu sübut edəsən ki, sonradan farağat dursun, əlində-ovcunda qalanları aparıb “bəlkə də qaytardılar” trendinə qoşulmuş revanşistlərə verməsin.
O 30 il əvvəlin cəbhəçiləriydi, vəzifəli adamları üzr istəyərək işdən çıxarırdılar, deyirdilər, müəllim, bağışlayın, hakimiyyətə bizim komanda gəldiyi üçün sizinlə işləməyimiz mümkün olmayacaq, gərək öz cəbhədaşlarımızı yerləşdirək.
Vəzifədən çıxarılanların çoxu etiraz edirdi, məhkəmələrə üz tuturdu. Məhkəmə hakimləri “köhnə kadrlar” olduğu üçün onların şikayətinə dərhal baxır, iddialarını təmin edir, köhnə vəzifələrinə bərpa edirdilər.
Hətta elə partokrat müdir vardı ki, işdən çıxarılsa da, oturmuşdu köhnə kabinetində, deyirdi, çıxmıram. Adam möhürü-ştampeli də təhvil vermirdi, özündə gəzdirirdi. Həmin vəzifəyə təyin olunmuş cəbhəçi qoldan güclü olsa da, adama bata bilmirdi. Bir dəfə idarə binasında süpürləşmişdilər. Qovğa əsnasında partokrat məmur vəzifəyə yeni təyin olunmuş cəbhəçi-idmançının əlini yaralamışdı, o da gedib AXC-nin rayon şöbəsinə, milis şöbəsinə və İH aparatına şikayət eləmişdi. Milisdən demişdilər ki, bizi bu işə qatmayın, eloğlusunuz, mübahisənizi özünüz həll edin. Cəbhədə şikayəti dinləyib hirslənmişdilər, amma cavab bu olmuşdu ki, hazırda başımız erməniyə qarışıqdır, gedirik səngərə, bu işə sonra baxarıq. İH başçısının müavini isə məsələyə demokratca yanaşmışdı, demişdi, Bəy milli təsanüd nəzəriyyəsinə əsasən bütün kadrlarla birlikdə işləməyi məsləhət görür.
Cəbhəçi əsəbiləşmişdi ki, a kişilər, nə tənasül, nə tənasüb, adam möhürü vermir, kabinetimə girə bilmirəm, özümü də döyür. Axır ki, birtəhər dövlətlə dövlətçilik edən, üsyan bayrağı açan həmin köhnə məmuru İH aparatına çağıraraq, daha yaxşı vəzifə vermişdilər ki, kabineti boşaltsın.
O vaxt bu olaylara baxıb gülən bəzi köhnə məmurlar cəbhəçilərə deyirdilər ki, görürsünüzmü, iş bilmirsiniz, biz olsaq, məsələni qəşəng həll edərdik. Onlar da cırnayır və “necə edərdiniz” deyə sual verirdilər və belə cavab alırdılar: “Biz adamın iş yerinə yoxlama göndərərdik, bütün əyinti-pozuntularını aktlaşdırar, barəsində cinayət işi açardıq. Bir-iki dəfə özünü prokurorluğa çağırardıq, bir dəfə də milis maşınıyla gecə gətirdərdik. 6-7 il iş kəsiləcəyini gözə alan adam ərizəsini yazar, yalvar-yaxar edər, bir ətək də pul verərdi ki, onu işdən salam-səfa ilə buraxaq, getsin. Biz də bu qorxmuş adama minnət qoya-qoya yola salardıq, gedərdi. Hələ gedib qurban da kəsərdi ki, yaxşı qurtardı. Yoxsa bu nədir, işdən çıxarırsınız, möhürü vermirlər, hələ gəlib sizi basıb-döyürlər”.
Vallahi, aşağı-yuxarı, vəziyyət beləydi. Ona görə də indi İmişlidə aparılan kütləvi yoxlamanın mahiyyəti aydındır. Məmuru xoşluqla istefaya dəvət etməklə iş aşmır, gərək barəsində cinayət işi açasan ki, həm səxavətli olsun, həm də üzüyola.
İşdən çıxarılan nazirlərin və İH başçılarının qılınc altında saxlanılmasının da əsl səbəbi budur. Yoxsa gedib partiya-zad yaradarlar.
 

Tarix: 29-01-2022, 09:08
Xəbəri paylaş





Xəbər lenti